İcra Hakimiyyəti sağlamlığını Vətən uğrunda itirənlərə 2 sot torpağı da çox görür…
Avqustun 18-də Qarabağ qaziləri Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçiriblər. Aksiyaya səbəb onlara Bahar qəsəbəsinin yanında verilən torpaqdan istifadə etmələrinə icazə verilməməsidir.
Bu haqda “Yeni Müsavat”a məlumat verən Qarabağ qazisi Loğman Paşayev sonadək mübarizə aparacaqlarını dedi:
“Biz Suraxanı-Hövsan yolunun yanındakı Bahar qəsəbəsində torpaq almışdıq. 3,8 hektar olan bu torpağın sənədlərini də hazırlamışdıq. Qarabağ Əlilləri Cəmiyyətinin nizamnaməsinə görə, bu yeri istifadə edə bilmədikdə həmin yeri cəmiyyətin üzvləri arasında bölmək olar. Cəmiyyətimizin sədri də bu torpağı bərabər qaydada üzvlər arasında bölüb.
Nədənsə Rayon İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin arasında böyük bir mübahisə olub. Bunu bizdən gizlədirlər. Ona görə də bizim məsələni bir-birlərinin üstünə atırlar. İkisi də deyir ki, halallıq veririk, nə istəyirsinizsə tikin. Amma əslində icazə vermirlər. Biz də Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Aparatına müraciət edib etirazımızı bildirmişdik. Bu etirazımızın üstündən 1 il yarım keçməsinə baxmayaraq müsbət bir nəticə əldə edə bilməmişik. 186 nəfər Qarabağ əlili qalıb torpaqsız”.
Loğman Paşayev icra başçısı İlqar Abbasovun aksiya nəticəsində onları nəhayət ki, qəbul etdiyini, ancaq müsbət bir cavab vermədiyini bildirdi:
“İcra başçısı bizi başından etmək üçün dedi ki, gedin Nazirlər Kabinetindən yenidən sənəd alın. Halbuki bizim sənədimiz var. Sənədi yenidən dəyişdirmək bizim üçün mümkün olan bir şey deyil. Sadəcə, olaraq bizim sənədimizdə yazılıb ki, torpaq daimi istifadə edilməlidir. Suraxanı rayonunda çoxlu sayda qeyri-qanuni tikililər var. Onlar rüşvət veriblər deyə, İcra Hakimiyyəti səsini çıxartmır.
Biz Qarabağ əlillərinə ”rüşvət verin” deyə bilmədikləri üçün beləcə get-gələ salırlar. Mən əlil arabasındayam. Bu vətən üçün sağlamlığımı qoymuşam. Ancaq vətənin torpağından mənə 1 qarış vermirlər. Haqqım olduğu halda iki sot torpaqda mənə nəsə tikməyə icazə vermirlərsə, bu necə ədalətdi?! Biz haqqımızı alanadək mübarizəmizi davam etdirəcəyik”.