Həbslər nəyə gətirəcək?

19-08-2014, 13:40   
Həbslər nəyə gətirəcək?Nüfuzlu ictimai xadimlərin həbsi aylardır davam edir, ictimai-siyasi fəallıq da bu dövrdə hələlik çox zəifdir. Bu günlərin ovqatından baxanda nikbinlik üçün heç bir əsas görünmür və durumun bundan da ağır ola biləcəyi istisna edilmir. Amma hər kəs bir məqamı bilməlidir: ən ağır günün sabahı seçki keçirilsə, bu iqtidar nə parlament, nə də prezident seçkilərini uda bilməyəcək. Bu iddia dəfələrlə sübut olunub; demokratiya savaşı bizim ölkədə bəlkə bundan da ağır dövrləri adlayıb, amma nəticə dəyişməyib.

O nəticə ki, Azərbaycan hakimiyyəti xalqın səsini qazana bilmir, deməli, xalqın nifrətindən də qurtula bilmir. Xalqın nifrətindən qurtula bilmirsə, deməli, həbslər bu hakimiyyətin problemini həll etmir. Bəli, biz də bu hakimiyyətdən qurtula bilmirik sonuc olaraq, amma bu hakimiyyət də onu izləyən ifşa və süqut qorxusundan qurtula bilmir. Son nəticədə elə həmin süqut olacaq.

Mən indi tarixdən misallar çəkib bu cür rejimlərin necə ağır sonluqla bitəcəyi barədə fikirlər söyləməkdən uzağam. Bu hakimiyyətin gerçək halına diqqət ayırmaq lazımdır. Bir düşünün, NIDA-çılar niyə həbsdədir? Çünki gənclərin elə də böyük olmayan bu təşkilatı hakimiyyəti gerçəkdən təşvişə salıb. Onlar NIDA-ya uduzacaqlarını bilirlər.

Təbii ki, son aylarda həbslər, basqılar, repressiyalar dalğası elə yüksək həddə çatıb ki, illərdir bu cür olayları görüb gələnlərdə də suallar yaranır. Nə ilə nəticələnəcək həbslər? Cəmiyyəti tamamilə susdurmaq mümkün olacaqmı? Hakimiyyət öz məqsədinə çataraq, tənqidçilərindən və müxaliflərindən qurtula biləcəkmi?

Gəlin başqa misala diqqət ayıracaq. Anar Məmmədli, Bəşir Süleymanlı, Leyla Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev niyə həbs olundu? Digər müstəqil QHT rəhbərlərinə niyə basqı var? Orası düzdür ki, bu adamların apardığı iş hakimiyyəti böyük ifşa ilə üz-üzə qoyur. Hakimiyyət özünün ağlasığmaz maddi və inzibati resursları ilə bu adamlara uduzur. Seçki müşahidəsində, insan haqlarının durumun bəyan edilməsində, Avropa Insan Haqları Məhkəməsində və s. Bunların məntiqinə görə beynəlxalq aləmdən olan tənqidlər və hesabatlarda bu adamların rolu böyükdür. Doğrudan da, böyükdür.

Bəs onların həbsi tənqid və hesabatları dayandırırmı? Əksinə, artırır. Çoxları hazırda deyir ki, Qərb heç nə etmir, Qərbin vecinə deyil, amma Qərbdən gələn tənqidlərə dözümsüz olan hakimiyyət o tənqidləri susdurmaq istəyərkən, onları artırmış oldu. Bu həbslər Qərbdən olan tənqidləri də kəskin artıracaq. O adamların həbsi elə həmin adamların gördüyü işi əvəzləyəcək, daha da sərt hesabatlar, daha da sərt tənqidlər olacaq.

Məgər seçki müşahidəsi olmayanda seçki demokratik sayılacaq? Xeyr, seçkinin müşahidəsizliyi elə onun saxta olması üçün əsas kimi götürüləcək. Hüquq müdafiəçilərinin həbsi də dəyişməyəcək heç nəyi. Deməli, arxasında hansı planın durmasından asılı olmayaraq, bu cür həbslər həm də narahatlıqdan və çaşqınlıqdandır. Hakimiyyətin açıq şəkildə zora üstünlük verməsi yaxşı gündən deyil.

Yuxarıdakı misallar da göstərir ki, hakimiyyət eyni problemlərlə qalacaq. Həbslər onun üçün heç nəyi həll etməyəcək. Üstəlik, Əliyevlər rejiminin problemi təkcə tənqidçi ictimai fəalların, medianın, QHT və müxalif siyasi qüvvələrin olması deyil ki? Ölkənin bir yox, min dərdi var.

Həbslər heç bir dərdi, heç bir problemi unutdurası deyil. Həbslər davam edəndə o dərdlərin verdiyi iniltilər yenə də eşidilirdi. Özünü yandıranı da gördü hamı, ağzını tikəni də, körpüyə çıxanı da...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.