İqtidar həbslərə olan etirazları neytrallaşdırmaq üçün bütün səylərini işə salıb
Azərbaycan hakimiyyəti yürütdüyü repressiv siyasətə beynəlxalq təpkidən narahat olmağa başlayıb. Hakimiyyətdaxili mənbələrdən redaksiyamıza sızan məlumata görə, iqtidar bu təpkiləri neytrallaşdırmaq üçün beynəlxalq arenada ciddi səylər göstərir. “Hakimiyyət son həbslərlə bağlı beynəlxalq aləmdən o qədər də ciddi etiraz gözləmirdi.
Bunun səbəbi isə geosiyasi vəziyyətlə bağlı idi. Hakimiyyətdə düşünürlər ki, Qərblə Rusiyanın qarşıdurması fonunda Azərbaycan enerji resusrlarına görə birinci üçün daha əhəmiyyətli tərəfdaşa çevrilib. Iqtidar hesab edirdi ki, vəziyyətdən istifadə edib daxildə rahat şəkildə təmizləmə işləri apara bilər. Hakimiyyət Qərbin həbslərə bir o qədər də əhəmiyyət verməyəcəyini düşünürdü. Lakin bunun əksilə üzləşdi. Indi hökumət ciddi narahatlıq içindədir. Vəziyyətdən çıxmaq üçün bütün beynəlxalq əlaqələr işə salınıb”.
Mənbə qeyd edib ki, hakimiyyət həmçinin beynəlxalq mediada ölkədəki həbslərlə bağlı dərc edilən materiallara əks-arqumentlərlə cavab verilməsi qərarına gəlib.
Təsadüfi deyil ki, artıq Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Leyla Yunus və Arif Yunusun həbsilə bağlı “The Vashington Post” qəzetində dərc olunan yazıya cavab yazıb. Qəzet Elin Süleymanovun cavab yazısını da dərc edib. Amma elə ilk cəhddə hakimiyyət özünü gülünc vəziyyətə salıb. Belə ki, Elin Süleymanov cavab yazısında iddia edib ki, Leyla və Arif Yunuslar istintaqdan yayınmasaydılar həbs olunmaya bilərdilər: “Əgər aparılan istintaqla bağlı ifadə vermək üçün dəfələrlə göndərilən çağırışlara cavab versəydilər, onların həbsindən qaçmaq mümkün olardı”.
Leyla və Arif Yunuslara üst-üstə 9 maddə ilə qondarma ittiham irəli sürülüb. Əgər hakimiyyətin onları həbs etmək niyyəti yox idisə, nədən adıçəkilən şəxslər ağır cinayətlərdə ittiham olunurdular? Məgər Leyla və Arif Yunuslar məhz istintaqdan yayındığına görə həbs olunublar? Digər tərəfdən onlar nə zaman istintaqdan yayınıblar ki? Leyla Yunus sadəcə bəyan etmişdi ki, onun sənədlərini geri qaytarılacağı təqdirdə dindirməyə gedə bilər...
Hakimiyyətin beynəlxalq mediada bundan sonrakı çıxışlarının da bu cür gülünc arqumentlər üzərində qurulacağını söyləmək olar. Bu isə vəziyyətdən çıxmaq yox, vəziyyəti daha da ağırlaşdırmaqdır.