Elçin Şıxlı: «Mirqədirovun təhlillərində yazdıqlarını indi bunlar özləri edirlər»
Bir neçə aydır fəaliyyəti dayanan “Ayna-Zerkalo” qəzetlərinin 24 yaşı tamam oldu. Qəzetin baş redaktoru Elçin Şıxlı “modern.az”a müsahibəsində deyib ki, rəhbəri olduğu qəzetlərin nəşri bərpa olunmayacaq: “Mən belə başa düşürəm ki, qəzet bərpa olunmayacaq. Plan qəzeti bərpa etməkdi, amma bu gedişlə heç də bərpa olunmayacaq”.
Elçin Şıxlı onu da qeyd edib ki, yazdıqlarını təkcə Azərbaycanda deyil, ölkədən kənarda da bir çoxları həzm edə bilmir: “Həm ”Ayna"nın, həm “Zerkalo”nun saytı var. Söhbət qəzeti kağız və yaxud elektron formatda buraxmaqdan getmir. Söhbət onun məzmunundan gedir. Yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox adamlar sindirə bilmir. Əsas da təbii ki, Azərbaycanda. Ona görə də düşünürəm ki, kağız versiyası olmayan yerdə heç elektron versiyasına da ehtiyac yoxdur".
Elçin Şıxlı “yazdıqlarımızı tək Azərbaycanda yox, Rusiyada da, Türkiyədə də bir çox adamlar sindirə bilmir” deyəndə nəzərdə tutur?
Baş redaktor “Azadlıq”a açıqlamasında bildirdi ki, Rauf Mirqədirovun həbsi dediklərinin təsdiqidir: “Rauf Mirqədirov Rusiyanın Azərbaycana qarşı siyasətini dəlillərlə təhlil edərək, tənqid edirdi. Rusiyanın imperiya ambisiyalarını həmişə pisləyirdi. Mirqədirov dəfərlə yazıb ki, Azərbaycan özünün suverenliyini və təhlükəsizliyini qorumaq üçün Gürcüstan və Türkiyə ilə hərbi saziş bağlamalıdı. Rauf Mirqədirovu ”erməni casusu" elan ediblər. Ancaq görürük ki, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvanda 2 gündür ki, həmin məsələ ətrafında müzakirələr aparırlar. Yəni, bütün enerji kəmərlərinin qorunması bu üç dövləti narahat edirdi. Mirqədirov bundan yazırdı. Bu isə birbaşa Rusiyanın maraqlarına ziddi. Rauf bəy Ərdoğanın siyasətini dəlillərlə bir çox hallarda tənqid edirdi. Azərbaycanın daxilində olan bəzi şəxslər də Rusiya siyasətinə qulluq edən qüvvələrdi. Bütün bunların nəticəsidir ki, Mirqədirovun dediklərini indi özləri edirlər".