“Şahin Sultanov cinayətlərini Dövlət Bayrağı Meydanı altında gizlətmək istəyir”
“Şahin Sultanov danışdıqca batır. Bu adam dərk etmir ki, oğurladıqlarının miqyası o qədər böyükdür ki, Dövlət Bayrağı Meydanının altına da sığmır” – bu sözləri redakisyamıza yolladığı məktubda hüquq müdafiəçisi, “İnamla Hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov yazır.
Məktub müəllifi Hərbi Dəniz Qüvvələrinin (HDQ) həbsdəki vitse-admiralının cinayətlərini ört-basdır etməyə uğursuz cəhdlər göstərdiyini bildirir: “Sultanovun son günlər heç bir əsas və səbəb olmadan həbs olunması barədə təəssüf və gülünc doğuran ittihamlarla müdafiə naziri Zakir Həsənov və hərbi prokuror Xanlar Vəliyevi və hərbi prokurorun müavini, general-mayor Rasim Kazımovu suçlayır. Şahin Sultanov “Azadlıq”a məktubunda göstərir ki, 1950-1960-ci illərdən qalmış HDQ-nin gəmilərində istifadə olunmayan mühərriklərdən silinmiş ehtiyat hissələri “Yeni bulvar” adlanan ərazidə vaxtilə HDQ-nin gəmi təmiri zavodu və texniki vəsaitlər anbarında yerləşib. Güya bulvarda inşaat işləri aparan şirkət icazəsiz gecə vaxtı anbarları dağıdıb və əmlak daşların və beton piltələrin altında qalıb. Bu adam bilir ki, kimsə “Yeni Bulvar” dediyi ərazini qazıb dediklərinin doğru-dürüst olduğunu yoxlamayacaq. Ona görə də oğurladığı milyonların güya “Yeni bulvar”da, Dövlət Bayrağı Meydanının özülü altında qalması haqda uydurmalarla yaxasını dövlətin əlindən kənara çıkmək istəyir.
Şahin Sultanova bildirirəm ki, əvvəla, siz HDQ-nin gəmilərinə məxsus mühərrikləri, avadanlıqları “Yeni bulvar”, onun ərazisində salınan Dövlət Bayrağı Meydanı ideyası olmazdan illər öncə, HDQ-yə məxsus gəmilər vasitəsilə qaçaqmalçılıq fəaliyyəti göstərdiyiniz zaman Qazaxıstan və Türkmənistan dövlətlərinə daşıyaraq satmısınız. Bu barədə 2012-ci ildə “ Yeni Müsavat”a göndərdiyim məktubda yazmışam. Məndən illər əvvəl isə “Azadlıq” qəzetində də Şahin Sultanovun korrupsiyası, oğurluqları haqda dəfələrlə yazılar dərc olunub. Şahin Sultanov sizin qaçaqmalçılıq fəaliyyətinizlə əlaqədar müxtəlif kütləvi informasiya vasitələrində müraciətlərim çap olunub, lakin bu günə qədər də cinayət faktlarınızı təkzib etməmisiz. Əgər istintaq araşdırmaları qeyd etdiyim faktlar üzrə ciddi araşdırmalar apararsa, həmin faktlar üzrə nəinki dövlətə dəymiş ziyan 5 milyon deyil, azı 15-20 milyon dəyərində ziyan ola bilər. Yazırsınız ki, şər və yalanla həbs olunmusunuz. Güya savadı olmayan Rasim Kazımov sizə təzyiq edib. Prezident tərəfindən ali rütbəyə layiq görülmüş şəxsi bu qədər aşağılayırsınız, mafiya babası olaraq dövlət əmlakını oğurlayıb adınızı da Heydər Əliyevin kadrı qoyursuz. Bəlkə danışmazdan əvvəl bir az dərin düşünəsiz?”
Hüquq müdafiəçisi Ş.Sutanov şəxsu əxlaqi keyfiyyətlərinə toxunaraq yazır: “Dövlət əmlakından oğurladığınız pullarla hökümət evinin yaxınlığında 2 milyon dollar dəyərində gizli eviniz olub. Bunu HDQ-də bilənlər bilir. Oradakı iyrənc macəralarınız haqda da məlumatlar da var. Onu da hamı bilir ki, 28 hərbçi ailəsinə çatacaq 2 milyon manatı da yoxa çıxarmısız.
Evlərindən çıxmaq istəməyən zabitlərin, onların ailə üzvlərinin başına açdığınız oyunlar da hamıya agahdır. Bu həqiqətləri gizlətmək üçün hər kəsə şər atırsız”.
B.Məmmədov Ş.Sultanovun vətənpərvərlik haqda fikirlərinin də saxta olduğunu yazır: “2 oğlunuzdan birinin adını Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəyə yazdırmısız. O, Bakının küçələrində öz kefini çəkdiyi vaxtda, digər oğlunuzun isə heç bir əsas və səbəb olmadan, qeyri-rəsmi olaraq məhdudiyyət əldə etməklə bu günə qədər hərbi xidmət keçməyib. Özünüz isə 1994-cü ilin may ayında döyüş bölgəsinə getməklə atəşkəs dövründə müharıbə veteranı statusu almısız. Bunu heç vətən xaininə də rəva bilməzdim. Ancaq siz məktubunuzda göstərirsiniz ki, guya Azərbaycanın ilk admiralısınız və HDQ-ni siz yaratmısınız. Bildirirəm ki, Azərbaycan Respublikasının ilk admiralı Rafiq Əsgərovdur və HDQ-nin bütün növləri üzrə bu şəxs vətənə canla-başla xidmət edib, hörmətlə-izzətlə də təqaüdə çıxıb. Hazırda da alnı açıq, üzü ağ, öz xoşbəxt həyatını yaşayır. Tam məsuliyyətimlə bildirirəm ki, HDQ-ni yaratmamısınız, əksinə, məhv etmisiniz. Müharibə gedən bir ölkədə saysız-hesabsız kadr zabitləri öz şəxsi maddi maraqlarınız zəminində ləkələmisiniz və milyon manatlarla dövlət əmlkaını mənimsəminiz. Elə zabitlər olub ki, haqqını yemisiz, özünüzün qanunsuz əməllərinizlə siz onları intihar həddinə çatdırmısız. Hazırda həbsdə olan HDQ-nin bir çox zabitlərinin haqsız olduğunu bildirirsiniz. Çox gülünc fikirdir. Milyard manata yaxın dövlət əmlakını başçılığınız altında oğurlanması, talan edilməsi faktlarına görə özünüzü və digər quldur dəstəsinin üzvlərini günahsız bilirsiniz.
Müdafiə nazirini qınayırsınız. Bu günə qədər başa düşə bilmirsiniz ki, hər addımda törətdiyiniz cinayət əməlləri, faktları ilə rastlaşan yeni təyin olunmuş nazir, sizinlə heç bir cinayət ortaqlığına qol qoymaq istəməyib. Elə bu səbəbdən də səninlə heç bir ünsiyyət saxlanılmayıb”.
Hüquq müdafiəçisi HDQ-yə məxsus yeni hərbi bazanın tikintisində Ş.Sultanov və Etibar Pirverdiyevin keyfiyyətsiz tikinti materiallarından istifadə etdikləri haqda da məlumat verir: “Yeni baza Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü günü açılmalı idi. Lakin açılmadı. Korrupsioner cinayət əməlləriniz buna imkan vermədi. Budurmu sizin admirallığınız? Siz admiral yox, quldur və oğrusunuz. Sən Şahin Sultanov 14 il HDQ-ni altını üstünə çevirərək milyonlarla manata yaxın büdcə pulunu təşkilatçısı olduğun cinayət dəstəsi ilə mənimsədiyin halda başını başlara qoşursan. Cinayət ortağınız Elxan Hacıyevi, onun ailə üzvlərini təqsirli bilirsiniz. Amma başa düşmürsünüz ki, siz həmin şəxslərin bu günləri cinayət məsuliyyətinə cəlb olunmalarında günahkar özünüzsünüz. Çünki həmin şəxslər sizə rəhbər olmayıb, siz onların rəhbəri olmusuz. Onların cinayət törətməsinə şərait yartmısınız. Son 2 ay ərzində cinayət əməllərindən 28 fakt üzrə mətbuatda ətraflı açıqlamalar vermişəm. Hərbi Prokurorluqdan tələb edirəm ki, bu günə qədər yazılı vermiş olduğum ifadəm əsasında, eləcə də bu günə qədər kütləvi mətbuat vasitələri ilə Şahin Sultanovun, onun quldur dəstəsinin törətdikləri bütün cinayət faktları üzrə ciddi araşdırmalar aparılsın”.