Hacı Qalib Salahzadə: «11 il icra nümayəndəsi olan adamı işdən çıxardılar ki, ali savadı yoxdur»
“Mən Sabunçunun deputatı olaraq seçicilərin narahatlığını ifadə etmişəm. Hazırda əsas məsələ icra nümayəndələrinin təyin edilməsilə bağlıdır. Bunun ağlabatan mexanizmi olmalıdır. Yoxsa, heç bir inandırıcı səbəb göstərmədən birini çıxarıb yerinə təsüdüfi, qeyri-peşəkar şəxsi təyin etməklə işləri həll etmək olmaz.
Deyirəm, Adil müəllim, məgər Bilgəhdə icra nümayəndəsi ola biləcək şəxs yoxdur ki, gedib kənardan - Zəngilandan bura nümayəndə gətirirsiz. Zəngilan sakini Bilgəhin problemlərindən hali deyil, yerli sakinlər daha məlumatlıdır”. Bu sözləri teleqraf.com-a deputat Hacı Qalib Salahzadə Sabunçunun icra başçısı Adil Vəliyevlə aralarında olan narazılığa aydınlıq gətirərkən deyib. O, daha sonra bildirib: “Adil müəllimə bildirdim ki, sizə Bilgəhdən 30 nəfəri təqdim edəcəm. Hansı xoşunuza gəlir, icra nümayəndəsi təyin edir. Deyir ki, yox nümayəndə zəngilanlı olacaq. Açıq-aydın deyir ki, zəngilanlılarla işləmək istəyir. Indi mən buna nə deyim? Bilgəhdə Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Bəhruz Əlimədətov idi. Onu da çıxarıb yerinə zəngilanlı qoyublar. Mən çox mədəni, yavaşca deyirəm ki, bu düzgün deyil. Yerli sakinlərə hörmət etmək, mövqelərini bilmək və buna uyğun addım atmaq lazımdır”.
Qalib Salahzadə deyib ki, Bilgəhin özünəməxsus xüsusiyyətləri var, icra başçısı, bələdiyyə, deputat bunu nəzərə almalı, insanlarla dil tapmalıdır: “Onların iradəsinin əksinə getmək düzgün deyil, hörmətsizlikdir. 11 il icra nümayəndəsi olan adamı işdən çıxardılar ki, ali savadı yoxdur. Bunu başa düşdük. Adil Vəliyev icra başçısı təyin ediləndən sonra 4 dəfə Bilgəh icra nümayəndəsini dəyişib. Ali savadı olmayan şəxs 11 il icra nümayəndəsi olanda Bilgəhdə vəziyyət necə idisə, indi də elədir. Dəyişikliklər heç bir müsbət nəticə verməyib. Adil müəllim sonuncu icra nümayəndəsini iclaslarda həmişə tərifləyib. Bir neçə gün öncə onu dəyişmək fikirinə düşüb. Yəqin belə məsləhətdi”.