Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1001 gecə restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən deputat Hüseynbala Mirələmovun qətldə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun işi üzrə məhkəməsi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən istirahət mərkəzində Rəşad Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd edib.
İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə Rəşad Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn Rəşad Mirəlımov orada masa arxasında əyləşən Zamin Bağırovu çayxananın arxasına çağırıb. Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Zamin Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub. Ondan Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib.
2012-ci ilin iyun və iyul aylarında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər. Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar.
Bununla bağlı Firdosi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul 2012-ci ildə gecə 3 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “Min bir gecə” istirahət mərkəzinə gediblər. Çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər.
Ramal Bayramov Rəşad Mirələmova köşkünün taxta materiallarını qopardıb çoxsaylı zərbələr endirib, yumruq, təpiklə vurub. Buna baxmayaraq Rəşad Mirələmov Firdovsi Bağırovdan tələbini davam etdirib. Rəşad Mirələmov qarşılıqlı mübahisə və dalaşma zəminində iki və daha artıq şəxsi qəsdən öldürmək niyyəti ilə qanunsuz əldə edib saxladığı və gəzdirdiyi yivli odlu silah olan 9 mm kalibrli “Makarov” markalı tapançadan həmin şəxslərə atəşlər açıb.
Həmin vaxt Rəşad Bayramov ölüb, Səməd Mənsimov yaralanıb. Digər atəşləri qarşısında Elman Əhmədov, Elmar Süleymanov, Mübariz Məmmədov, Elnur Qasımov qaçıb uzaqlaşıblar.
Istintaq dövründə Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi ayrıca icraata götürülüb və onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm elan edilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Rəşad Mirələmovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra mərhum Ramal Bayramovun anası Nənəş İsmayılovanın nümayəndəsi Altay Muradov prokurorun çıxışı ilə qismən razı olduğunu deyib. Nümayəndə Rəşad Mirələmovun ömürlük cəza verilməsi ilə razı olduğunu deyib. O, bildirib ki, istintaq bəzi qanun pozuntularına yol verib. Onun sözlərinə görə, bəzi şəxslər cinayət məsuliyyətindən kənarda qalıb. Rəşad Mirələmovun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.
Məhkəmə iclası sentyabrın 2-də davam edəcək.