Arif Əsgərov şikayətçilərlə görüşmək vədinə əməl etmədi
«Problemlərimizdən ölkə başçısının və Mehriban Əliyevanın xəbəri yoxdur»
“Bu ölkədə yaşamaqdansa, xaricdə dilənçilik etməyi üstün tuturam. Azərbaycandan getmək istəyirəm. Xarici ölkələrdən sığınacaq tələb edirəm. Yaşamaq mümkün deyil. Xəstəlikdən başqa heç nə verməyiblər” - bunu avqustun 22-də “Azadlıq”a “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-də 25 ildir bələdçilik edən Təranə Hümmətova deyir. Onun sözlərinə görə, ADDY-də köhnə işçilərlə təzələrə fərq qoyurlar: “Indiyə qədər 17 vaqonu qəzadan qurtamışam. Indi yeni işçilərə daha çox üstünlük verirlər. Köhnə işçilərlə işləmək istəmirlər”.
Avqustun 15-də ADDY idarəsinin qarşısına toplaşan bələdçilərə vəd edilmişdi ki, onları bir həftə sonra qurumun rəisi Arif Əsgərov qəbul edəcək. Bələdçilər bir neçə saat sözügedən ərazidə olsalar da, qəbula düşə bilmədilər.
Bələdçi Cavanşir Qafarov deyir ki, avqustun 15-də etiraz aksiyası keçirəndən sonra Depo rəisinin müavini Hikmət Məmmədov ANS-i çəkiliş üçün dəvət etmişdi: “Biz bir neçə dəfə ANS-ə müraciət etdik. Pulumuz olmadığı üçün kanal çəkiliş etmədi, problemlərimizi işıqlandırmadı. Çəkiliş aparan ANS-in işçisinə yaxınlaşdıq. Bizim də sözlərimizi efirdən verməyi xahiş etdik. Köhnə vaqonları çəkməsini ondan xahiş etdik. Hikmət Məmmədovun adamları məni döymək istədi. 102 xidmətinə zəng etdim. Polislər məni bölməyə apardılar. Hikmət Məmmədov da məndən şikayət verdi. Guya mən orada onun işçilərinə xəsarət yetirmişəm, ANS-in əməkdaşının paltarının düyməsini qopartmışam. Bu böhtandı. Hazırda məni işə buraxmırlar. Elyar Muradova zəng etdim, dedi ki, istintaq getdiyi üçün iş yoxdur. Qanun hamıya şamil olunmalıdır. Əgər istintaq gedirsə, Hikmət Məmmədov da işə buraxılmamalıdır”.
20 il Dəmiryol idarəsində çalışan, hazırda təqaüddə olan Solmaz Səmədova iddia edir ki, problemlərindən ölkə başçısı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xəbəri yoxdur. “Çünki indiyə qədər üz tutduğumuz idarələrdə dərdlərimizə çarə tapmırlar. Əgər onların xəbəri olsaydı, bu cür olmazdı”.
Solmaz Səmədova təqaüdə çıxsa da indiyə qədər pozulan hüquqlarının bərpa olunmasını tələb edir: “Maaşlarımızı kəsiblər, ”komandirovka" pulunu verməyiblər. Bunu tələb edirəm".
40 il bələdçi işləyən Həsən Rəhimov pozulan haqqının bərpa olunmasını tələb edir.
Bələdçilər onu da bildirdilər ki, onlar işə çıxdıqları müddətdə hər saatına 1 manat 75 qəpik maaş almalıydılar: “Ancaq saatımıza 55 qəpik pul ödəyiblər. Ayda ən azı 165-170 saat işləmişəm. Hər saatda 1 manat 20 qəpik yeyinti olub. Üstəlik, məzuniyyət pulu, ”komandirovka", 13-cü maaşlar, çörək pulları verilməyib. 5 min volt altında işlədiyimiz üçün əlavə ödənişlər olmalıydı, bunlar belə yeyilib".
Füzuli Yunusov deyir ki, 2007-ci ilin yanvar ayında onu işə buraxmayıblar: “Idarənin rəisi Arif Əsgərova müraciət etmişəm, cavab gəlməyib. May ayında məni çağırıblar ki, Arif Əsgərov səni qəbul eədəcək. Ancaq Elyar Muradovla görüşdürüblər. Məni işə bərpa ediblər. Iyun ayında bir reys işdə olmuşam. Bir sərnişin tapıblar, guya onun pulunu oğurlamışam. Həmin sərnişin də depoya ərizə yazıb. Ərizənin bir surətini götürüb hüquq mühafizə orqanlarına müraciət etmişəm. Deyiblər ki, ehtiyac yoxdur. Iyun 22-də Bakı-Moskva qatarında yola çıxmalıydım, 6 sutka iş başında olacaqdım. Müraciət edərək bildirdim ki, ezamiyyət pulunu verməsələr, getməyəcəm. Onlar da heç nə ödəmədilər. Mən də işə çıxmadım, ölkə başçısına, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciətlər etdim. 2008-ci ilin mart ayında Əlirza Süleymanov məni qəbul etdi. Avqustun 15-də işə çıxdım. Tələbim odur ki, 16 ay onların ucbatından evdə oturmuşam, buna görə mənə çatacaq əmək haqqını ödəsinlər və bir də 10 illik məzuniyyət haqımı. Dəmiryolunda işləmək fikrində deyiləm”.