Nə Qərb, nə də Rusiya modeli...; Hakimiyyətin ölkəni “Qafqazın Sinqapuru”na çevirmək planı var; “Asiya pələngləri” və “neft monarxiyaları”nın nümunəsində bu yolun uğurluluğu təsdiqini tapıb; bəs, “Azərbaycan möcüzəsi” alınacaqmı?..
Bir çoxları nədənsə güman edir ki, Azərbaycan bu gün mütləq iki inkişaf yolundan birini seçməli olan bir durumdadır - ya avrointeqrasiya, ya da Avrasiya inteqrasiyası. Birinci yola ölkəni fəal şəkildə Qərb sövq edir. Bu yol Avropa və ya Amerika demokratiyasının siyasi-iqtisadi, hüquqi dəyərlər modellərinə sözsüz düzlənməyi nəzərdə tutur. İkinci yola isə Azərbaycanı sərt şəkildə Rusiya məcbur edir. Bu yol isə Qərbdən uzaqlaşmağı, suverenliyi məhdudlaşdırmağı və Moskvanın cızdığı hərbi-siyasi, sosial-iqtisadi və ideoloji münasibətlər sisteminə uyğunlaşmağı diktə edir.
Ölkədə yaşanan olaylara məhz bu rakursdan baxan siyasətçilər, politoloqlar, sadəcə, siyasiləşmiş vətəndaşlar Azərbaycanın hakim dairələrinin iki inkişaf vektorundan hansına üstünlük verdiyini, yaxud verməyə hazırlaşdığını hesablamağa çalışırlar. Əlamətdardır ki, hətta son vaxtlar vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrinin bir-birinin ardınca həbsinə çoxları tərəfindən məhz deyilən geosiyasi kontekstdə baxılmağa başlanıb. O anlamda ki, hakimiyyət rusiyayönlü inkişaf vektoruna üzünü çevirib və bu üzdən ölkəni Qərbin “təsir agentləri”ndən təmizləməkdədir.
Hamı real olaraq dərk edir ki, Azərbaycan inkişaf modelinin seçməklə bağlı taleyüklü bir dönəm, öz strateji kursunu müəyyən etməkdə mürəkkəb bir mərhələ yaşayır. Bu narahatlıq, məsələyə belə ifrat həssaslıq başa düşüləndir. Amma inkişafın digər, şərti desək, “üçüncü yol”u da mövcuddur. Bu yolun uğurlu olduğunu “Asiya pələngləri” - Sinqapur, Malayziya, Tailand, həmçinin “neft monarxiyaları” - Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və s. ölkələr öz parlaq nümunələrində sübut ediblər.
Son illərin tendensiyaları və Azərbaycanın modernləşdirilməsinin inkişaf xarakteri də söyləməyə əsas verir ki, hakim elita başda ölkə prezidenti olmaqla, şərti desək, “üçüncü yol”a istiqamətlənib. Yeri gəlmişkən, ölkənin modernləşmə üzrə baş ideoloqu Ramiz Mehdiyevin geniş həcmli yazılarını diqqətlə oxumaq yetər ki, Azərbaycanın sistemli şəkildə məhz bu istiqamətdə hərəkət etdiyini anlayasan.
Söhbət həyatın bütün sferalarında sürətli inkişafa və yenilənməyə stavka edilməklə siyasi sahədə paternalistik avtoritazmin əsaslarını saxlamaqdan, eyni zamanda həm Qərb demokratiyasının, həm də Şərq despotizmi və totalitarizminin “ifratlarından” ciddi cəhdlə qaçmaqdan gedir. Belə bir versiyanı əsas kimi götürsək, o zaman müşahidə edilən bütün tendensiyaların və son illər ölkədə baş verənlərin demək olar hamısı (“milli modernləşmə” işində ən həssas məsələ olan korrupsiya ilə mübarizə istisna olmaqla) bu sxemə tam uyğun gəlir.
Heydər Əliyevin prezidentliyinin ikinci (1998-2003), İlham Əliyev prezidentliyinin isə birinci (2003-2008) müddətinə xas olmuş demokratiyanın və qərbyönlü istiqamətin aktiv imitasiya dönəmi artıq arxada qalıb. Axır illər ölkə iqtidarı həm Avropa İttifaqından (Qərb), həm də Avrasiya İttifaqından (Rusiya) kənarda qalmaq istədiyini əsla gizlətmir. Hakim çevrələr mahiyyət etibarilə və öz ritorikaları ilə nümayiş etdirirlər ki, onlar suveren milli inkişaf modelinə, o cümlədən “üçüncü yol” axtarışlarına üstünlük verməklə liberal-demokrat və totalitar neosovet yolundan məsafə saxlamaq niyyətindədirlər.
Azərbaycan rəhbərliyi bütövlükdə “Asiya pələngləri” və “neft monarxiyaları”nin uğurlu təcrübəsinə söykənərək, təxminən 2008-ci ildən etibarən məqsədyönlü şəkildə suveren inkişaf modelinin reallaşması yolunda hərəkət edir.
Bundan ötrü siyasi sahədə: avtoritar hakimiyyət sistemi üçün müvafiq hüquqi bazanın yaradılması, müxalifətin daha zəif, nəzarət oluna bilən, loyal və konstruktiv qüvvəyə çevrilməsindən ötrü onun seleksiya edilməsi və marginallaşdırılması, repressiv treninqlərlə bütün KİV-ləri dəqiq siyasi sərhədi olan icazə verilmiş azadlıq çərçivəsində işləməyə kökləyib informasiya məkanı üzərində kontrolun saxlanması, habelə vətəndaş cəmiyyətini müxalif ovqatlılardan, xaricdən böyük qrantlar alanlardan və “üçüncü yol” modelinə uyğun gəlməyənlərdən sərt şəkildə təmizləməklə bu sektora qəyyumluğun gücləndirilməsini nəzərdə tutur.
Deyilə bilər ki, “üçüncü yol”un buna nə dəxli var, əgər analoji total nəzarət və dinləməni digər postsovet avtoritar liderlər - Putin, Lukaşenko, Kərimov, Rəhmon və başqaları da həyata keçirirsə? İş də elə həmin ölkələrin liderlərinin motivasiya bazasının, ambisiyalarının və fiks-ideyalarının müxtəlifliyindədir. İş ondadır ki, bütün postsovet avtoritar liderlərin mütləq siyasi və maliyyə qüdrətinə ümumi meylliyinə rəğmən, onların hərəsinə bir “ambisiyalı qəribəlik”, “prioritet şıltaqlıq” xasdır: birisi üçün (məsələn, Kərimov) bu, nəyin bahasına olur-olsun hakimiyyəti qorumaq, bir başqası üçün (Nazarbayev) böyüklük zirvəsinə çatıb alternativsiz avtoritet və ümummilli lider olmaq, üçüncülər üçünsə (Lukaşenko) özünün Belarusdakı “balaca kommnunizm”ini dəyişməz şəkildə və qapalı rejimdə qoruyub saxlamaq, Putindən ötrü də “rus torpaqlarını bir yerə yığmaq” və Çar və ya Sovet imperiyasını bərpa eləməkdir.
Ancaq bizim artıq hüdudsuz hakimiyyətə və hüdudsuz sərvətlərə , “prioritet ehtiraslar və şıltaqlığa” malik ölkə rəhbərliyi üçün son illər Azərbaycanın sürətli modernləşməsi, dünyada analoqu olmayan layihələrin və uğurların əldə edilməsi, həmçinin perspektivdə Sinqapur, Malayziya və ya Dubay möcüzəsinə bənzər “Azərbaycan möcüzəsi”nin yaradılması cəzbedicidir. Bu xüsusda ölkənin hakim elitasının ölkədə sərt qayda-qanun yaratmağa, müxalifəti zəiflətməyə və margillaşdırmağa, informasiya azadlığının sərhədini daraltmağa, vətəndaş cəmiyyəti üzərində nəzarəti gücləndirməyə yönəlik hərəkətləri ilk növbədə “üçüncü yola”a kurs götürülməsi və Azərbaycanın avtoritar modernləşdirilməsi məsələsi ilə bağlıdır.
Əlbəttə ki, hər bir repressiv və ya digər daxili siyasi hadisə bir çox səbəb və motivlərlə izah edilə bilər, lakin proseslərin inkişafının ümumi tendensiyası ölkənin “üçüncü model” çərçivəsində planlı şəkildə hərəkətindən xəbər verir. Bu yerdə məntiqi sual doğa bilər ki, Azərbaycanın təcrübəsinə qismən əsaslanmaq istədiyi bu iki ölkələr qrupu (“Asiya pələngləri” və “neft monarxiyaları”) xeyli dərəcədə bir-birindən fərqlənir və o qədər də üst-üstə düşən inkişaf yollarına malik deyillər.
Həqiqətən də belədir, ancaq əhəmiyyətli bir məqam var ki, onların hamısını şərti olaraq hansısa “üçüncü yol”da birləşdirməyə imkan verir. Görünür, məhz bu məqam Azərbaycanın hakim elitası üçün cəlbedici nümunə qismindədir. Söhbət bütün bu ölkələrin siyasi vektorlarının və siyasi inkişaf modellərinin oxşarlıqlarından gedir. Onlara aşağıdakı ortaq xüsusiyyətlər xasdır:
1. Dövlət idarəçiliyində paternalistik və ya patrimonial avtoritarzim;
2. Partiyasız, birpartiyalı və ya dominant partiya sisteminə, real müxalifətin və real siyasi plüralizmin yoxluğuna sadiqlik;
3. Vətəndaş cəmiyyətinin rüşeym vəziyyəti, KİV və QHT-lərin (dövlət) nəzarətində olan durumu.
Bütün bu dövlətlər qısa tarixi zaman kəsiyində sistemli modernləşmə sahəsində, sosial-iqtisadi inkişafın templərində, ölkənin və əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsində fantastik uğurlara nail olublar. Onların uğurları və əldə olunmuş yüksək rifah səviyyəsi, iqtisadi yüksəliş hamını heyran edir. Bununla belə, onlar siyasi demokratiyanın tələblərindən uzaqdır və öz uğurlarına sırf avtoritar idarəçilik metodları hesabına çatıblar.
Götürək Sinqapuru. Gerçəkdən də bu ölkədə möcüzə baş verib - hər hansı təbii faydalı ehtiyatı olmayan balaca ərazidə rəqabət qabiliyyətli yüksək inkişaf edən iqtisadiyyat qurmaq, əhalinin rifahını görünməmiş şəkildə qaldırmaq, korrupsiyanın kökünü tamamilə kəsmək və cinayətkarlığı minimuma endirmək mümkün olub. Amma mətbuat Sinqapuru belə fenomenal nailiyyətlərə gətirən üsullara tez-tez susqunluq göstərir. Əgər haqqında çox vaxt danışılmayan Sinqapur modernləşməsini götürsək, onda qeyd eləmək olar ki, bu, despotik və totalitar modellərdən uzaq olsa da, eyni zamanda Qərb inkişaf modelinə də birbaşa ziddir.
Sinqapur modernləşməsinin atası, baş nazir Li Kuan Yu sırınan liberal şablonları rədd edib və Sinqapuru müstəqil inkişaf yolu ilə aparıb. Li Kuan Yunun paternalist avtoritarzimi (yəni əhalinin dövlət himayəsindən kənarda saxlanmaması) Qərb iqtisadi və ictimai-dövlət modelinə real alternativ oldu. Belə ki, Sinqapurda (eləcə də Malayziyada və o cümlədən ərəb əmirliklərində) modernləşmənin fenomenal uğurları istənilən vətəndaşı ictimai sabitlik üçün təhlükəli hesab edib qeyri-müəyyən müddətə və məhkəmənin hökmü olmadan həbsə atmağa avtoritar hakimiyyətə mane olmur.
Bu ölkələrdə həmçinin, KİV-lərə nəzarət və hətta antidövlət materiallarına imkan verməyən hansısa senzura təcrübədən keçirilir. Sözgəlişi, Sinqapurda (və bu qrupa aid bir sıra digər ölkələrdə) KİV-lərin, partiyaların və QHT-lərin xaricdən maliyyələşməsi qəti şəkildə qadağan edilib. Siyasi sistemdə isə uzun illər parlamentdəki yerlərin demək olar, hamısına sahib olan hakim partiya açıq-aşkar dominantlıq edir. Sinqapurda məhkəmə sisteminin müstəqilliyi də nisbidir. Çünki baş nazirin timsalında ali hakimiyyət sərfəli olmayan istənilən məhkəmə qərarını ləğv edə bilər. Onu da qeyd edək ki, Sinqapurda və “üçüncü yol” ölkələrinin hamısında korrupsiya ilə mübarizdə parlaq nəticələr təkcə məmurların həddən artıq yüksək əməkhaqıları hesabına yox, həm də sərt metodlar, olduqca yüksək cərimələr və ağır cəzalar hesabına əldə olunub.
Gördüyümüz kimi, “üçüncü yol”a Azərbaycanın hakim elitası heç də təsadüfdən meyillənməyib. Axı, korrupsiya ilə hələ ki, baş tutmayan mübarizə istisna olmaqla, yerdə qalanların hamısı tezliklə “Azərbaycan möcüzəsi” yaratmağı hədəfləmiş bizim avtoritar hakimiyyətin arzularının reyestrinə və hərəkət proqramına tam uyuşur.
Yalnız onu əlavə eləmək qalır ki, Azərbaycanın timsalında Qafqazın Sinqapuru, Küveyti və ya Malayziyası yaratmaqdan ötrü təkcə arzu və hakimiyyətin avtoritar konstruksiyası yetərli deyil. Bunun üçün həm də istehsal, texnologiyalar, təhsil, səhiyyə, turizm, ekologiya, vergi siyasəti və s. sahələrdə ciddi uğurlar və irəliləyişlər gərəkdir. Hələ biz hakimiyyət sisteminin adekvat şəkildə yeniləşdirilməsi və cavanlaşdırılmasını, habelə korrupsiya və monopoliya ilə sərt mübarizənin vacibliyini demirik. Hər halda, Azərbaycanın modernləşməsində həqiqi uğurlar və “üçüncü yol”un seçilməsinin qanunauyğunluğu haqda hamı ən əvvəl ölkənin və əhalinin real, yüksək rifah göstəriciləri, eləcə də dövlətin cazibədarlıq imici əsasında mühakimə yürüdəcək. Bunların hamısına nail olmaq mümkün olacaqmı?