“Paytaxtda Çinin saxta məktəbli formaları satılır”

25-08-2014, 14:20   
“Paytaxtda Çinin saxta məktəbli formaları satılır”Bakı Tikiş Evinin təmsilçisi Etibar Əzimov: “Bu formaların ölkəyə gətirilməsində maraqlı qüvvələr var...”

Yeni dərs ili yaxınlaşdıqca paytaxtda valideynlərin qayğılarına daha biri - məktəbli forması almaq da əlavə olunur. Artıq üzərində Bakı Tikiş Evi (BTE) yazılan dükanların qarşısında sıxlıqdır. Vaxt daraldıqca dükanlara axışıb geyim seçənlərin sayı da artır. Biz də yolumuzu BTE-dən (keçmiş Volodarski adına fabrik) salıb durumla tanış olmaq istədik.

Fabrikə gedib istehsal prosesi ilə yaxından tanış olub, müəssisənin rəhbərliyini danışdırdıq. BTE-nin Nəsimi rayonu, Mərdanov qardaşları 113-də yerləşən əsas mağazasında yenə də sıxlıq idi. Mağazanın arxasında yerləşən fabrikdə isə qızğın iş gedirdi. Müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov deyir ki, dərs ili yaxınlaşdıqca fabrik və mağaza istirahətsiz iş rejiminə keçir. Buradakı bir neçə sexdə 800-dən artıq tikişçi işləyir: “Biz artıq ehtiyac olduğu qədər məktəbli forması tikirik. Hər gün satılan və anbarda qalan mallara baxırıq, hansı ölçü azalıbsa, dərhal biçilməyə verilir. Bu gün hansısa mağazamızda ola bilməz ki, hansısa ölçüdə forma olmasın. Forma artıqlaması ilə var. Hər ölçüyə uyğun 4 ölçüdə tikirik. Uyğun gəlməyənlərə ayrıca olaraq da formalar tikilir. Hazırda 1500 belə sifarişimiz var”.

E.Əzimovun sözlərinə görə, məktəbli formaları tikilən parçalar həmişəki kimi Türkiyədən gətirilir: “Biz Türkiyənin ”Bossa" firması ilə müqavilə bağlamışıq və keyfiyyətli parça alırıq. İpliklər İngiltərədən, parça isə Türkiyədən alınır. Yeganə müəssisəyik ki, laboratoriyamız var və orada elmi-tədqiqat işçiləri də çalışır. 25 işçi il boyu model hazırlayır. İndiyə qədər bizə heç kim keyfiyyətlə bağlı rəsmi müraciət etməyib, geyimlərin keyfiyyətindən şikayətlənməyib. Amma biz hər dəfə deyirik ki, kimin şikayəti varsa, (012) 597-42-95 nömrəli “Qaynar xətt”imizə müraciət edə bilər. BTE-nin istənilən dükanındakı məhsulların keyfiyyətinə tam zəmanət veririk. Arabir yaranan problemləri baş mühəndis və baş texnoloq yerində həll edir. Parçanı Türkiyədə məşhur fabriklərdən alıb gətiririk. Laboratoriyaya gətirib xassələrini öyrənib sertifikat tələb edirəm".

Satış müdiri qeyd edir ki, onların ən böyük problemləri və narazılıqları bazarlarda satılan saxta formalardandır: “Çində və Bakıda gizli sexlərdə bizim formaların saxtaları satılır. Bakıdakı kiçik sexlər bizə o qədər də problem yaratmır. Çünki onlarda 500, uzağı 600 geyim tikilib satıla bilər. Düzdür, biz onlarla bağlı da rəsmi qurumlara şikayət edib tədbir görülməsini istəyirik. Ancaq xaricdən minlərlə forma kilo halında gətirilib bazara çıxarılanda bu, bizim üçün əhəmiyyətli itki deməkdir. Həmin sexlərdə tikilən və xaricdən gətirilən formalarda bizim adımızdan istifadə edilir. Bunlarla bağlı dəfələrlə Standartlaşdırma Komitəsinə və İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişik. Reydlər də keçirilib, saxta sex də aşkarlanıb. Ancaq nəticə o qədər də dəyişmir”.

E.Əzimovun sözlərinə görə, bir həftədir ki, ölkəyə keyfiyyətsiz məktəbli geyimləri gətirilib: “Sədərək və Binədə, həmçinin bazarlarda keyfiyyətsiz və ucuz formalar yenidən satışdadır. Biz aidiyyəti qurumlara, Standartlaşdırma Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə məktublar hazırlayırıq ki, bunun qarşısı alınsın. Bu, bizim bazarımıza ziyan olduğu kimi, valideynlərin, məktəblilərin də xeyrinə deyil. Buna görə valideynlər gərək ucuz geyimlərə qaçmasınlar. Həmin geyimlər 15-25 manata satılır. Bizim geyimlər isə 40 manatdan başlayır”. O, həmçinin qeyd edib ki, ölkədəki saxta geyim tikən sexlərlə bağlı məhkəməyə müraciət etmək fikrindədirlər: “Onların bizim adımızdan istifadə etmələri doğru deyil”.

Fabrikin bütün sexlərində isə qızğın iş gedir. E.Əzimovun sözlərinə görə, əhalinin rahatlığı üçün BTE-nin satış məntəqələrinin sayı da artırılıb: “İstəyirik ki, insanlar evlərinə ən yaxın dükandan, uzaq məsafə qət etmədən məktəbli forması ala bilsinlər. Əhalinin mərkəzə gəlməsinə ehtiyac qalmasın. Bizim 20-yə yaxın dükanımız var. Bakının ucqar qəsəbələrində belə dükanlar açmışıq. Həmçinin, ”Binə" ticarət mərkəzində dükanımız var. Alıcılar orada satılan keyfiyyətsiz formalarla bizim formaları müqayisə edib seçim edə bilərlər. Ancaq valideynlər buraya, mərkəzi dükana gəlməyə üstünlük verirlər. Çünki o qədər dükanlarda aldadılıblar ki, fikirləşirlər ki, mərkəzi dükanda saxta mal olmayacaq. Onları da qınamaq olmur. Ancaq bizim bütün dükanlarımızda geyimlər keyfiyyətlidir. Sadəcə olaraq, paytaxt dükanları və bazarları keyfiyyətsiz formalarla doludur. Valideynlər belə yerlərdən forma almasınlar. Əks halda, həmin keyfiyyətsiz geyimlər qısa zamanda sıradan çıxacaq. Bu keyfiyyətsiz məhsullar BTE-nin loqosundan istifadə edilib satışa çıxarılır. Onlar bizim brendimizi, loqomuzu oğurlayır. Bununla da imicimizə zərbə vururlar".

E.Əzimov məktəbli formalarının qiyməti barədə də danışıb: “İbtidai siniflər üçün məktəbli formaları 40 manata, yuxarı siniflər üçün isə məktəbli forması 52 manata satılır. Buraya şalvar, yaxud yubka, pencək, köynək və jilet daxildir. Biz qanuni şəkildə, sənədlə, vergi ödəməklə fəaliyyət göstəririk. Onlar isə qaçaqmalçılıq yolu ilə ölkəyə keyfiyyətsiz geyimlər gətirib uşaqların sağlamlığını təhlükə altına qoyurlar. Bizim parçamızın keyfiyyətinə Standartlaşdırma Komitəsi sertifikat verib. Avropa Birliyinin laboratoriyasının da sertifikatı var. Başqaları isə zirzəmilərdə iyrənc, üfunət iyi verən məhsuldan geyim hazırlayır. Biz adımızı qorumağa çalışırıq, işə məsuliyyətli yanaşırıq, aylarla geyimlərin layihəsi üzərində işləyirik. Onlar isə rənglənmiş 1 dollarlıq parçalara emblemimizi vurub pul qazanır. Saxta məktəbli formalarının ölkəyə gətirilməsində maraqlı qüvvələr var. Həmin geyimlərin ölkəyə gətirilməsinin qarşısını almaqda maraqlı olmayan qüvvələr də var. Keyfiyyətsiz geyimlərin ölkəyə gətirilməsi kimlərəsə milyonlar qazandırır, bu səbəbdən onun qarşısını almaq sərf etmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.