Leyla Yunusa dərman və yemək bağlaması aparılıb; Orxan Əyyubzadənin ailəsi ilə görüşməsinə icazə verilmir...
Xəbər verildiyi kimi, ölkədə son kütləvi həbslərlə bağlı demokratik qüvvələr Birləşmiş Hüquq Müdafiə Mərkəzi və Müdafiə Komitəsi yaradıb. Bu həftə hər iki qurumun növbəti toplantısı gözlənilir.
Birləşmiş Hüquq Müdafiə Mərkəzinin sədri Mirmahmud Mirəlioğlu qurumun indiyə qədər gördüyü işlərdən danışdı: “Yaratdığımız mərkəz insan haqları, demokratiya məsələsində siyasi partiya, QHT-lərin bir araya gəlməsi, əməkdaşlıq etmək istiqamətində olan məsləhətləşmələrdən və görüləcək işlərdən ibarət qurumdur. Artıq bu istiqamətdə bəzi addımlar atılıb. Bizim qurumu bilərəkdən komitə kimi adlandırmaq doğru olmaz. Gördüyümüz işlərin də mahiyyətinə uyğun deyil. Fəaliyyətimizi genişləndirəcəyik. Qurumun aidiyyəti üzrə komissiyaları yaradılacaq. Demokratiya və insan haqlarının qorunması istiqamətində addımlar atacağıq. Cümə günü eyni vaxtda növbəti toplantımız olacaq”.
Leyla və Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevlə bağlı yaradılan Müdafiə Komitəsinin həmsədri Cəmil Həsənli isə Azad İsazadə ilə birlikdə təcridxanaya hüquq müdafiəçisi Leyla Yunus üçün yemək və dərmanlar apardıqlarını söylədi: “Yaratdığımız Komitənin indiyədək gördüyü işlər böyük bir hesabatdır. Bu, informatik formada düzgün deyil. Sadəcə, onu qeyd edim ki, avqustun 23-də mən və Azad İsazadə Bakı İstintaq Təcridxanasında olduq. Uzun müddət Leyla xanım üçün dərman preparatları qəbul etmirdilər. O iş görüldü. Leyla xanıma dərman, ərzaq bağlaması çatdırıldı. Müdafiə Komitəsinin üzərinə düşən bütün işləri görməyə çalışırıq. Həbs olunanlarla bağlı keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə, beynəlxalq təşkilatlarla yazışmalarımızda edə biləcəyimiz işləri həyata keçiririk. Müdafiə Komitəsinin toplantısı olsa, mətbuata xəbər veriləcək”.
Hazırda həbsdə olan siyasi məhbusların saxlanma şəraiti və son durumları ilə də maraqlandıq. Müsavat başqanının müavini Tofiq Yaqublunun vəkili Nemət Kərimli sentyabrın 3-də Apelyasiya Məhkəməsinin olacağını bildirdi: “Son günlərdə Tofiq bəylə görüşməmişəm. Məhkəməyə hazırlaşırıq. Prosesə əlavə şahidlər gətiriləcək. Zərərçəkənlər də gələcək”.
Nemət Kərimli digər hüquqlarını müdafiə etdiyi müsavatçı gənc Fərəc Kərimli və qardaşı Sirac Kərimli, NİDA-çı gənc Şahin Novruzlu və İlkin Rüstəmzadə ilə görüşdüyünü də qeyd etdi: “Keçən həftə qardaşlarla görüşdüm. Həmin gün valideynləri və qardaşı da onlarla görüşüb. Saxlanma şəraitlərindən narazılıqları yoxdur. Eləcə də, digər hüquqlarını müdafiə etdiyim şəxslərlə yaxınları ilə görüşə maneçilik törədilmir”.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun vəkili Fariz Namazlı avqustun 23-də onunla görüşdüyünü bildirdi: “Hazırda heç bir şikayəti yoxdur. Saxlanma şəraiti və səhhəti normaldır. Ev dustaqlığı ilə bağlı vəsatət vermişdik. Nəsimi Rayon Məhkəməsi təmin etmədi. Bununla bağlı apelyasiya şikayəti verdik. Şikayətə baxılacaq günü gözləyirik. Mən eyni zamanda Leyla xanımın vəkiliyəm. Hələ də onunla görüşmək üçün müstəntiqdən görüş məktubu ala bilməmişəm. Çünki istintaq təcridxanasının dəftərxanası yoxdur. Bu baxımdan orderi birbaşa götürmür. Ona görə görüş almaq zamanı bir qədər uzanır”.
İntiqam Əliyevin qızı Nərmin Kamil atası ilə görüşə bilmədiyinə görə son durumla bağlı məlumatsız olduğunu söylədi: “Vəkilin dediyinə görə, vəziyyəti yaxşıdır. Əlaqəmiz olmadığından bir söz söyləmək çətindir. Sabah zəng vurmalıdır. Ondan sonra son durumunu dəqiq biləcəyik”.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov Ali Məhkəmənin qərarını gözlədiklərini diqqətimizə çatdırdı: “Pərviz bəyin səhhəti normaldır. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Son həbslərdən təəssüfləndiyini bildirir. Sonuncu dəfə avqustun 20-də onunla görüşmüşəm. Ailəsi ilə görüşünə də problem yaradılmır. Həftədə iki dəfə görüşür. Təcridxana rəhbərliyindən narazılığı yoxdur. Şüşə arxasında ailəsi ilə görüşür. Qızı ilə 1-2 dəqiqəlik görüş verilir. Əsas tələbi ondan ibarətdir ki, daimi yerdə görüş versinlər”.
Avqustun 25-də gənc fəal Orxan Əyyubzadənin növbəti məhkəmə prosesi olacaq. Gənc fəala ailəsi ilə görüşə icazə verilmir.
Bu barədə musavat.com-a onun anası Rəhimə Məmmədova məlumat verib: “Son bir ayda övladımla görüşə icazə verilmir. Heç bir səbəb də gətirmirlər. Apardığımız yeməkləri çətinliklə keçirə bilirik. Görüş məktubu tələb edirlər. Bunun üçün hakimin yanına getdim. Hakim məhkəmədən sonra məktubu verəcəyini dedi. Lakin məhkəmədən sonra isə ümumiyyətlə, məktub verə bilməyəcəyini bildirdi.
Məhkəmədə vəkil bununla bağlı vəsatət qaldıracaq. Telefon vasitəsilə əlaqə saxlayır. Dedi ki, bədənində səpkilər əmələ gəlib. Deyilənə görə, təcridxanada virus yayılıb. Dərmanlar yazıb, veriblər ki, valideynlər alıb, gətirsin. Alıb apardım, əvvəlcə qəbul etmədilər. Uzun narazılıqdan sonra götürdülər. Su problemi var. Heç bilmirik, kimə müraciət edək. Bir sözlə dəhşətdir”.