Şəhidlər Xiyabanındakı vandalizmin səbəbi nədir?

26-08-2014, 12:08   
Şəhidlər Xiyabanındakı vandalizmin səbəbi nədir?Sülhəddin Əkbər: «Azərbaycan gərgin proseslərin içində olduğuna görə səslənən bütün versiyaların yaşamaq haqqı var»

Şəhidlər xiyabanında baş verən xoşagəlməz hadisə barədə məlumat vermişdik. Belə ki, sosial şəbəkə istifadəçilərdən biri 1990-cı il 20 Yanvar şəhidlərindən Ilham və Fərizənin baş daşının fotosunu paylaşıb. Fotoda baş daşının üzərində tünd rəngli ləkələr gürünür. Fotonu paylaşan istifadəçi qeyd edir ki, diqqət yetirdikdə bu ləkələrin nəcis olduğu aydınlaşıb. Bunun necə baş verdiyi və ya kimlərin əməli olub-olmadığı isə bəlli deyil.

Verilən məlumata görə, faktla bağlı artıq cinayət işi başlanılıb. Hələ ki, günahkarlar tapılmayıb.

Baş verənlər həqiqətən də insanlığa sığmayan hadisədir və zərrəcə ləyaqəti, vicdanı olan adam belə bir addım ata bilməz.

Ancaq bu hadisə bir neçə məqama diqqət çəkməyi zəruri edir.

Əvvəla, məlum olur ki, Azərbaycanın müqəddəs məkanı hesab edilən, şəhidlərimizin uyuduğu xiyaban lazımi səviyyədə mühafizə olunmur. Necə olur ki, Fəxri xiyabanda hər an polis nəzarəti həyata keçirilir, giriş-çıxış mühafizə olunur, görüntü kameraları işləyir, ancaq Şəhidlər xiyabanında eyni diqqət yoxdur? Bu suala aidiyyəti qurumlar cavab verməlidir.

Digər tərəfdən, hansısa Azərbaycan vətəndaşının belə bir hərəkətə yol verməsi inandırıcı görünmür. Heç bir ölkə vətəndaşı şəhid məzarını təhqir etmək barədə düşünə bilməz.

Ehtimal olunur ki, bu hadisəni Azərbaycanda yaşayan ermənilər, yaxud ölkədə gərginlik yaratmaq istəyən maraqlı qüvvələr törədə bilər. Hətta belə ehtimallar səslənir ki, bu hadisə gündəmi dəyişmək, diqqəti başqa istiqamətə yönəltmək məqsədi daşıyır.

Bu işdə ən böyük məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür. Hökumət isə, bu ləyaqətsiz əməli törədənlərin dərhal tapılmasında maraqlı olmalıdır. Çünki, bu hadisə dövlət üçün qürur məsələsidir. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarının təhqir olunması, hər bir vətəndaşın təhqir olunması deməkdir. Təəssüf doğuran budur ki, Bakının mərkəzində şəhidlərimiz təhqir olunur və bu əməli törədən şəxslər heç bir çətinliklə qarşılaşmır.

Təhükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirdi ki, baş verənlərə ilkin təhqiqatın nəticələri bəlli olmadan konkret münasibət bildirmək çətindir. Ancaq baş verənlər onu göstərir ki, aidiyyəti qurumlar öz vəzifələrini düzgün yerinə yetirə bilmir: “Həmin ərazidə MTN, Prezident Aparatı, Milli Məclis, televiziyanın binası, Müdafiə nazirliyi və digər əhəmiyyətli obyektlər yerləşir. Əslində, bu ərazi ciddi mühafizə olunmalıdır. Ancaq məlum olur ki, ərazi lazımi şəkildə mühafizə olunmur və aidiyyəti orqanlar baş verənlərə görə məsuliyyət daşıyır. Bu vandalizmi kimin törətdiyinə gəlincə, Azərbaycan gərgin proseslərin içindədir və müxtəlif versiyalar irəli sürülə bilər. Yəni səsləndirilən versiyaların hamısının yaşamaq hüququ var. Hətta ola bilər ki, hansısa ruhi xəstə bu əməli törətsin, yaxud şəxsi zəmində baş verə bilər. Istənilən halda, istintaqın nəticəsi bəlli olmalıdır və araşdırmadan ciddi fikir söyləmək çətindir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.