Üzü Rusiyaya Azərbaycan

27-08-2014, 10:26   
Üzü Rusiyaya AzərbaycanMujik Rusiyası

Mujik kimdir? Mujik gerçək bir idealı olmayan, nə üçün yaşadığını özü də bilməyən, yalnız bugünlə yaşayan, dərin düşüncədən uzaq adamdır. Rusiya keçənlərdə olduğu kimi, bu gün də mujiklər ölkəsidir. Rusiyanı az da olsa gəzib-dolaşan kimsə bunu hər addımda görə bilər. Mujiklər ölkəsi Rusiya - başı-ayağı bilinməyən, bir ucunda gün doğanda, o biri ucunda gün batan ucsuz-bucaqsız yarımdünya ölkə! Bu ölkədə genişlənmək istəyi kütləvi psixoz yerindədir.

III

Burada, demək olar, hamı ölkənin sonsuzluğadək genişlənməyini istəyir. Nə olur-olsun, necə olur-olsun ölkə genişlənsin. Qanunçuluq? Olmasa da olar! Düzgünlük? Olmasa da olar! Çağın gərəklərinə uyğun normal yaşayış? Olmasa da olar! Təki Rusiya indikindən daha geniş, daha güclü olsun! Ən azı I Pyotrdan bu yana Rusiyada güc bütün toplumun - bütün ölkənin gəlişməsi - yüksəlişi ilə deyil, başda duran yönəticinin (pravitelin) güclü - “dəmir əli” ilə ölçülür: mujik psixologiyası! Bu gün Rusiya belə bir yönətici - Putinlə güclüdür. Mujik Rusiyası buna görə Putini çox sevir. Putin Krımı tutandan sonra mujik Rusiyasının kumirinə çevrilib.

Statistika göstəricilərinə görə, Rusiyada güclü cinsin 90%-nin, başqa sözlə desək, yüzdə doxsanının potensiya problemi var. Bu elə-belə söz deyil, gerçək statistikadır. Impotentliyin nədənləri olaraq bunlar göstərilir: alkoqolizm, siqaret çəkmək, narkotik, stress. Rusiya bütün bu öldürücü görsənişlərin geniş, özü boyda bataqlığına çevrilmiş ölkədir. Buna görə son 25 ildə Rusiyada 40 min KÖY ölüb, yoxa çıxıb. Buna görə Rusiya bütövlükdə diriliyini itirən ölgün, ölümcül bir ölkəyə çevrilib. Putinə bu ölkəni sağlamlaşdırıb, gəlişdirib, dirildib-dirçəldib ayağa qaldırmaq gərəkirkən Putin bu yerdə sürünən ölkənin sınırlarını daha da genişləndirməyə girişir: bir yandan Avrasiya Birliyi yaratmaqla, o biri yandan haralardasa ələ düşən olanaqdan yararlanaraq saldırı-aqressiya variantına əl atmaqla.

Öz ölkəsini gərəyincə yönətə bilməyən rus yönəticisi, öz ölkəsində ağalıq edə bilməyən rus toplumu özgə ölkələri yönətmək, özgə toplumlara ağalıq etmək kimi ağılsız-yaramaz istəklərə yüklənmək görsənişlərilə gerçəkdən fenomen-anlaşılmazlıqdır. Iyirmi ildən bəri çeşidli maxinasiyalar yoluyla Rusiyanın başında duran, iyirmi ildən bəri Rusiyanı korrupsiya-çürümə bataqlığına batıran Putin Avrasiya adı altında daha böyük Rusiya - yeni SSRI yaratmağa çalışır. Ancaq Putin burasını da gözəl bilir: geostrateji baxımdan olduqca önəmli, eləcə də doğal resurslarına görə vazkeçilməz Ukrayna ilə Azərbaycansız SSRI - yeni daha böyük Rusiya alınmayacaq!

Buna görə Putin bu gün Ukraynada bütün resurslarını işə salmaqla ölüm-dirim savaşı aparır. Buna görə Putin qurduqları, uzun illərdən bəri allərində-ovuclarında tutduqları əliyevçi rejimlə birgə de-fakto əldə saxladığı Azərbaycana eləcə də de-yure yiyələnməyə çalışır. 21 ildən bəri Azərbaycanda qurulan Azərbaycana düşmən satqın rejim, bu rejimi oluşduran kimsələr illərdən bəri oğurluq-soyğunçuluq yolu ilə topladıqları milyonları, milyardları qoruyub saxlamaq qarantiyası ilə Putin Rusiyasının bir parçası olmağa yüyürə-yüyürə gedərlər, gedəsidirlər, bir sıra görsənişlərdən göründüyü kimi, gedirlər. Putinin Krımı tutub almaqla “qardaş” Ukraynanı parçalaması, “qardaş” dediyi Ukraynada törətdiyi, törətməkdə olduğu qırğınlar onların vecinə də deyil; təki Putin onlara, onların oğurluq milyonlarına, milyardlarına toxunulmazlıq hüququ tanısın. Onlar kriminal Putin Rusiyasında belə toxunulmazlıqların haralaradək toxunulmaz olduğunu ağıllarının ucundan belə keçirmək istəmirlər.

Onlar demokratiya qanunçuluğundan qorxaraq avtoritar Putin Rusiyasının bir parçasına çevrilməyi qurtuluş qurşağı olaraq dəyərləndirirlər. Biz onları qınaya bilmərik: olanları budur - oğru-kriminal rejim oluşduranlardan bundan artıq nəsə gözləmək anormallıq olardı...

Putinin savaşı

Putin özünü Rusiya, rusluq, slavyanlıq uğrunda savaş aparan kimsə olaraq göstərməyə çalışır. Gerçəkdəsə bu belə deyil; o, Rusiya, rusluq, slavyanlıq demaqogiyası ilə pərdələnib mujik Rusiyanı özünün arxa-dayağına çevirməklə, avtoritar dünyagörüşünə, keqebeşnik özəlliklərinə uyğun olaraq formalaşdırdığı rejimi uzun illər qoruyub saxlamaq istəyir. Avrasiya proyekti də, Krımın tutulması, Ukraynada aprılan savaş kimi görsənişlər də ona bundan ötrü gərəkdir. Bircə Krım faktı ABŞ-ın, Avropanın bəlli sanksiyaları olmadan belə Rusiyanı böyük sorunlarla üzləşdirib. Sözü gedən sanksiyalarla bağlı Rusiyanın itkiləri hələ indidən 300 milyarda yaxınlaşmaqdadır. Bundan başqa, Krıma böyük, çox böyük pullar yönəltməli olan Putin hökuməti indidən ölkəiçi sosial proyektlərin çoxuna yenidən baxmalı, onların bir çoxunun üstündən iri bir cız çəkməli olub. Belə proyektlərin biri Lena çayı üzərində tikilməli olan böyük körpü idi. Pul çatışmazlığı üzündən körpünün tikintisi ertələnib. Putin indiyədək dönə-dönə onun hakimiyəti dönəmində Rusiyada pensiya yaşının (60 yaş) artırılmayacağını bildirmişdi. Bir çox başqa sosial qərarlar kimi bu qərara da yenidən baxmaq gərəyi yaranıb. Krım tək deyil; Ukrayna da bir yandan Rusiyanın milyonlarını, milyardlarını çəkib udmaqdadır. Rusiyalı uzmanların bildirdiyinə görə, Rusiyanın dövlət büdcəsi 100% neft-qaz satışından əldə edilən gəlirlərə bağlıdır. Bu isə ölkədə ekonomikanın yoxluğu deməkdir. Güclü ekonomikası olmayan ölkə uzun sürə böyük itkilərin qarşısında duruş gətirə bilməz. Bu baxımdan, indiki sürəc içində Rusiyanın bütünlüklə çökəcəyi gün uzaqda deyil.

Putin “qardaş” dediyi Ukraynada bütün parametrlər üzrə savaş aparır: informasiya savaşından tutmuş hərbi-diplomatik savaşadək. Bu amansız Putin savaşının konkret görsənişlərindən biri: Rusiyanın I kanalı başda olmaqla televiziyalar Slavyanskın Lenin meydanında ukraynalıların 5 yaşlı rus uşağını çarmıxa çəkdiklərini bildirmişdi. Sonrakı araşdırmalar çarmıxa çəkmə faktının yalan olması bir yana, Slavyanskda Lenin adına meydanın olmadığı faktını ortaya çıxardı. “Bizim” Iradə Zeynalova başda olmaqla o yalanı yayan jurnalistlərin, televizyaların biri də ən azı bilmədən yalan danışdığını demədi - rejimə belə gərək idi. Biz buna bənzər yalanları Rusiyanın başında durduğu Qarabağ savaşında gördük: o savaş boyunca Rusiya telekanalları ermənilərin etdikləri vəhşilikləri azərbaycanlıların ayağına yazırdılar.

Bugünlər Rusiya çoxsaylı pul itkiləri üzündən ağır durumla üzləşib. Ağır durumunu yüngülləşdirmək üçün Rusiya üzünü Azərbaycana çevirib, Azərbaycanla daha çox yaxınlaşmağa, Azərbaycandan daha çox nələrsə qoparmağa çalışır. Elə bugünlərdə ermənilərin törətdikləri bəlli qırğının arxasında da Rusiyanın dayandığı hamıya aydındır: Rusiya hansısa itkilərinin yerini Azərbaycanı qorxutmaqla doldurmağa çalışır. Bu qorxutmanın üstündən rusiyalı siyasətçilər utanıb-qızarmadan Azərbaycanla bağlı hansısa umacaqlarını dilə gətirir, açıq-aydın Azərbaycanın sanksiyalarla sıxışdırılan Rusiyaya yardım etməsini istəyirlər. Azərbaycanda 21 ildən bəri qurduqları, illərlə arxa durduqları rejimi yaxşı tanıdıqlarından onlar istədikləri yardımı alacaqlarına arxayındırlar.

Bütün Sovet hakimiyəti boyunca “Ermənistan” dotasiyada oldu, Azərbaycan donor funksiyasını yerinə yetirdi. Buna baxmayaraq, bütün Sovet hakimiyəti boyunca “Ermənistan”, ermənilik Moskvadan qayğı, Azərbaycansa qamçı gördü. Sovet hakimiyətinin ilkin çağlarında Azərbaycan torpaqlarında qanlı qırğın yoluyla “Ermənistan” yaradan ruslar, Sovet dağılan çağlarda da Azərbaycanın Qarabağ bölgəsində qanlı qırğın yoluyla II “Ermənistan” yaratdılar. Son 25 ildə Moskva “Ermənistana”, erməniliyə milyardlarla dollar dəyərində yardımlarda bulunub, bulunmaqdadır. Azərbaycana qarşı erməniyönlü çoxillik informasiya savaşı da öz yerində. Uzaq-yaxın keçmişdə olduğu kimi, bu savaşın başında bu gün də birbaşa rusiyalı siyasətçilər dayanır.

Rusyanın ermənisevər siyasəti necə dəyişməzdirsə, antiAzərbaycan - antiTürk siyasəti də eləcə dəyişməzdir. Rusiya siyasətçilərinin, demək olar, hamısı ermənisevər, antiAzərbaycan-antiTürk baxışlıdır. Başqaları bir yana, başında Yuri Polyakovun durduğu “Literaturnaya qazeta” il uzunu, illərlə ermənilərə, erməniyönlü yazılara qəzetində geniş yer verməklə qalmır, “Strana Nairi” başlığıyla erməniliyə birdən 4 səhifə yazı-buraxılış ayırır. Bu 4 səhifəlik buraxılışda dünyanın ayrı-ayrı yerlərində yaşayan ermənilərə verilən üç gələnəksəl (qəzet özü belə yazır) sualdan birincisi belə olur: “1.Hansı durumun doğurduğu nədən olaraq siz tarixi Ölkənizdən uzaqda doğulub böyüməli oldunuz?” Sualın qoyuluşuna baxın! Burada erkəkli-dişili danışdırılan ermənilərə yönəldici sual verilir, faktik olaraq Türkləri-Türklüyü söyüb-yamanlamaq diktə olunur. Tarix faktlarından bəlli olduğu kimi, Rusyanın özünün yetişdirdiyi, arxasında özünün dayandığı yalançı “erməni genosidi” beləcə yalnız erməniliyin deyil, eləcə də dərin düşüncədən, gerçəyə varmaq çalışqanlığından uzaq MUJIK Rusiyasının gündəm faktoruna çevrilir. Bəlli olduğu kimi, Yuri Polyakov Kremlə, Putin ideyalarına bağlı yazar-jurnalistlərdən sayılır!

Açıq-aydın göründüyü kimi, Putin Rusiyanı Batıdan-Avropadan uzaqlaşdırıb Çinə yaxınlaşdırmağa çalışır. Rusiyada Putinin bu siyasətini düzgün sayıb alqışlayın bir çox tanınmış politiklər-politoloqlar var. Bu kökündən yanlış siyasəti bəyənib alqışlamağa dəyərmi? Sözsüz, yox! Burada çox saya bir nədən var: Avropa çox istəsə belə, Rusiyanı uda bilməz; azman, acgöz Çin isə onsuz da boş olan, yuxarıda göstərilən nədənlər üzündən getdikcə daha da boşalan Rusiyanı bütünlüklə udmaq üçün əlverişli moment gözləyir. Buna görə Putin ölkəsini bu olduqca qorxulu gerçəklikdən qorumaq üçün bir yandan Avropa ilə, o biri yandan ölkəsini çevrələyən Türk dövlətləri ilə imperiya ambisiyalarından uzaq, tən hüquqlu ilişkilər qurmalı, bu ilişkiləri bütün parametrlərlə yüksəyə qaldırmalı idi. Bunun yerinə nə baş verir? Yuxarıda dönə-dönə deyildiyi kimi, Rusiyada yaşı yüz illəri ötən antiTürk siyasətlərinə üstünlük qazandırılır, geniş meydan verilir.

Keçən yüzilliklərdə olduğu kimi kazaklar bu gün də Rusiyada üstün güc olaraq tanınırlar. Putin kazak gücünü yaxşı bildiyindən kazak birlikərinin başında rejimə bağlı kimsələri oturtmaqla bu gücü kontrol altında saxlamağa çalışır. Başqa yerlərdəki kazakları deyə bilmərəm, Qafqazdakı kazaklar, görünür, gərəkərsə, Qafqazı əldə saxlamaq, eləcə də hansısa Putin aqressiyalarını gerçəkləşdirmək üçün gizli ordu durumuna gətirilib. Rusiya qəzetlərində kazaklarla bağlı yazılara baxdım. Bu yazılarda kazaklar gerçəyə uyğun olaraq Türk deyil, rus-slavyan deyə göstərilir. Bu da Rusiyanın, birbaşa Putinin antiTürk siyasət yürütməsinin konkret görsənişlərindəndir. Deyəsən, Puşkinin “Əyil Qafqaz, Yermolov gəlir!” buyruğu yenidən aktuallaşır...

Üzü Rusiyaya Azərbaycan üç yazıda göstərilən (bütünlüklə göstərilməyən) fakt-siyasət toplusu ilə üzləşəcək Azərbaycan deməkdir. Bizə belə Azərbaycan gərəkdirmi?!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.