Qaçqınların “Qaçqınkom” sindromu

27-08-2014, 10:35   
Qaçqınların “Qaçqınkom” sindromuMüşfiqabad qaçqın şəhərciyində nələr baş verir?

Bu yaxınlarda elektron poçtuma Müşfiqabad da salınmış qaçqın şəhərciyi sakinlərinin göndərdiyi məktubda bu yeni qəsəbəyə məsul şəxslərin özbaşınalıqlarından, cinayət xarakterli əməllərindən bəhs edilirdi.

Ittihamların əksəriyyəti gündəlik həyatımızda çox sıx rast gəldiyimiz, demək olar, adət etdiyimiz şeylər olduğundan, əhəmiyyət vermədim, hətta oxumağa səbrim çatmadı. Onsuz da Azərbaycanda hər kəs ona tapşırılan sahəni çapıb-talayaır. “Qaçqınkom” işçilərinin nəyi onlardan əksikdir ki? Lakin məcburi qaçqın bu dəfə telefonuma zəng vurdu və xahiş etdi ki, məktubu diqqətlə oxuyum. Oxudum və dəhşətə gəldim. Hər şeyi öz gözlərimlə görmək üçün oraya getdim.

Gördüklərimə ad verməyə sadəcə çətinlik çəkirəm...

Heç kimə sir deyil ki, Qarabağ və ətraf rayonların işğalı bir milyondan çox soydaşımıza bədbəxtlik gətirib. Illər boyu çalışıb özlərinə ev-eşik, şərait quran soydaşlarımız bir göz qırpımında hər şeylərini itirdilər. On minlərlə ailə ikimərtəbəli evindən çıxıb Bakıda 10 kvadratmetrlik yataqxana otaqlarına sığındılar. 20 il bu şəraitdə yaşayan qaçqınların həyat şəraitinin dövlət tərəfindən yaxşılaşdırılması təqdirəlayiq bir haldır. Lakin bu prosesin korrupsiya və qanun pozuntusu ilə müşayiət olunması, razılaşın ki, ürəkağrıdıcıdır.

Bu zavallıların faciəsi üzərindən varlanmaq, razılaşın ki, heç bir çərçivəyə sığmır. Ancaq burası Azərbaycandır və burada hər şey mümkündür.

Bəli, əziz oxucu, xoşbəxtçiliyini bir milyon qaçqının bədbəxtçiliyi üzərində quranlar da var və onlar da nominal olaraq qaçqındırlar, kimisi Cəbrayıldan, kimisi Füzulidən, kimisi Şuşadandır və s.

Qaçqınçılıqda “şişmiş” məmurlar

Bu insanlar qaçqın və məcburi koçkünlərlə işləyən və buna görə dövlətdən maaş alan məmurlardır. Ona görə nominal kəlməsini işlətdim ki, maddi vəziyyətlərinə görə bunlara qaçqın deməyə adamın dili gəlmir. Sizi inandırıram ki, bunlar qanunsuz yolla qazandıqlarını ortaya qoysalar, bütün qaçqınları mənzillə təmin etmək olar. Həddən artıq şişmiş bu məmurlara veriləcək ad hələlik leksikonumuzda yoxdur. Düzdür, dünya belələrinə - müharibə və təbii fəlakətlərdən istifadə edib, soyğunçuluq və oğurluqla sərvət toplayanlara - “marodyor”lar deyir, amma razılaşın ki, bizdə 20 ildir ki, atəşkəsdir, hərbi əməliyyatlar dayandırılıb. Bəli, əziz oxucu, müharibə dayansa da, “moradyor”luq dayanmayıb, davam edir.

Asif və Daşqının obyektləri...

...Müşfiqabad qəsəbəsində Qarabağ və ətraf rayonlardan didərgin düşmüşlər üçün tikilmiş şəhərcikdə sakinlərin şikayəti “Qaçqınkom”dan təyin edilmiş müdir (Mənzil Istismarı) və baş mühəndisdən idi.

Şəhərciyin sözün hər iki mənasında müdiri Daşqın Şəmiyevdir (yazı çapa gedərkən məlum oldu ki, o daha yüksək vəzifəyə(!) təyin olunub - X.Ə.). Özünü ağa kimi aparmasını sakinlər “Qaçqınkom”da güclü himayədarı (şöbə müdiri Pənah Əliyev) olması ilə izah edirlər. Şəhərciyin baş mühəndisi Asif adlı şəxs heç də ondan geri qalmır. Onların şəhərcikdə nələrə sahib olduqları haqda bir az sonra söhbət açacağıq, hələlik isə...

Şəhərcikdə birinci mərtəbədə yaşayanlar balkon və onun ətrafındakı əraziyə tam sahib olmaq üçün 1000 manatlarından keçməlidir. Üst mərtəbələrdə balkonlara əl gəzdirməyin, şüşəbənd düzəltdirməyin qiyməti 500 manatdır. Binalardakı mənzillərin qeyri-rəsmi satışı zamanı qiymət dəyişməzdir - 5000 manat. “Oformleniye” adı ilə alınan bu pulun bir hissəsi yuxarıya çatdırılır.

Şəhərcikdəki bütün obyektlər ya Asifə, ya da Daşqına məxsusdur. Bəziləri icarəyə verilir. Bir neçə obyekt isə, Pənah Əliyevə məxsusdur.

Park ərazisində Asifin pivəxanası (bacanağı işlədir), bir az aşağıda isə “avto-yuyucu” və kafesi yerləşir. Bütün bunları bizə sakinlər söylədi və məlumatı dəqiqləşdirmək uçün qarşı tərəfin fikrini də dinləməyə hazırıq. Lakin aşağıdakı faktlar, qeyri-qanuni əməllərin isə, heç bir sübuta ehtiyacı yoxdur. Onları öz gözlərimizlə gördük...

Uşaqların futbol meydançası da “özəlləşdirilib”

Qaçqın balaları üçün nəzərdə tutulan futbol meydançasını isə Asif “özəlləşdiriib”. Ilin dörd fəsli üçün nəzərdə tutulan bu meydançanı Asif müəllim edib pullu və idarəsini tapşırıb oğluna. Qaçqın uşaqlar məcbur olub daş-kəsəkli sahələrdə top qovurlar.

Şəhərciyə baxış zamanı rast gəldiyimiz ən ilginc və vandalizmlə müşayiət olunan fakt şəhərciyə məxsus əmlakın dağıdılıması və satılması oldu. Təsəvvür edə bilirsinizmi, blok və zirzəmiləri birləşdirən seyf qapıların (söhbət yüzlərlə seyf qapıdan gedir) hamısı çıxarılıb və satılıb. Biz yalnız yerində olan bir qapıya(?) rast gəldik. Sakinlər evlərin arası üçün nəzərdə tutulmuş “besedka” və skamyaların da satıldığını söylədilər. Yalnız bir-iki “besedka” və skamyanın qalması onların haqlı olduğundan xəbər verirdi. Buna ad vermək çox çətindir.

...Şəhərciyi tərk edərkən məni müşayiət edən sakinlərə zarafatla “barı mənzillərinizdən muğayat olun” dedim. Məqsədim onların çöhrələrində heç olmasa acı təbəssüm görmək idi. Olmadı. Həyatlarında bir də ev-eşiyini itirmiş zavallılar məni ciddiyə aldılar. Bəlkə də haqlıdırlar. Bu gedişlə hər şey mümkündür...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.