Son günlər vətəndaş cəmiyyəti institutları ilə bağlı baş verənlər təftiş olunur; Mirvari Qəhrəmanlı: “QHT-lərin fəaliyyəti kimsəsiz, hüquqları tapdanan insanlara böyük bir köməkdir”; Azər Ayxan: “Mətbuatın adı ilə xaricdən küllü miqdarda qrant alıb yeyən QHT rəhbərindən hesab sorma zamanıdır”...
Xalid Ağalıyev: ""QHT-lər daha çox iş görə bilərdilər" yanaşmasına qatılıram"; Əlövsət Əliyev: “Təkcə rəhbərdən və ya ər-arvaddan ibarət onlarla QHT-lər var ki...”
Polemika
Son aylar hakimiyyətin qeyri-hökumət təşkilatlarına total hücumu göz qabağındadır. Kütləvi yoxlamalar, həbslər, cərimələr, bank hesablarının bağlanması... Bir sözlə, bu sektorun tamamilə çökdürülməsi xətti aparılır. Amma bunun fonunda bəzi hakimiyyətyönlü media orqanlarında Azərbaycan QHT-ləri ilə bağlı qara “piar” kampaniyası aparılır. Onlardan daha çox “qrantyeyən”, cəmiyyətə heç bir faydası dəyməyən təşkilat obrazı yaratmağa çalışırlar.
Zaman-zaman sosial şəbəkələrdə gedən müzakirələrdə də bu məqam vurğulanır və belə bir sual qoyulur: QHT sektoru Azərbaycan cəmiyyətinə nə kimi xeyir verib? Vətəndaş cəmiyyətinin fəaliyyətsizliyi barədə səslənən fikirlər də bu müzakirələrin fonunda ilginc görünür. Fəaliyyətləri boyunca bir çox QHT-lərin aldıqları qrantın məbləği ictimaiyyətə açıqlandıqca polemikalar daha da güclənir.
Bugünlərdə isə tanınmış publisist-yazar Əli Əkbər bu mövzuda sərt bir köşə yazdı. Onun bu yazısından sonra sosial və peşəkar mediada fikir dartışmaları daha da artdı.
Bir sözlə, artıq QHT-lərin fəaliyyətlərinin təftişi ilə iqtidar mediası məşğul olmur, tanınan müstəqil ekspertlər, yazarlar, hətta müxalifət düşərgəsində təmsil olunan bəzi simalar da QHT-lərin indiyədək gördüyü fəaliyyəti ciddi şəkildə müzakirə edir, hələ üstəlik, onların üzləşdiyi indiki duruma haqq da qazandırır.
Biz də elə sözügedən polemikaların fonunda QHT rəhbərlərindən, media mənsublarından bu mənzərəyə münasibət öyrənməyə çalışdıq.
Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı musavat.coma-a açıqlamasında bu mövzuya toxunub. Onun fikrincə, QHT-lər barədə yaradılan yanlış rəylər hökumətin siyasətinin tərkib hissəsidir: “Hər bir demokratik ölkədə vətəndaş cəmiyyəti olmalıdır. Hər bir müstəqil QHT gördüyü işlərlə bağlı hesabat verir, bunlar onun saytında yazılır. QHT-lər maarifləndirmə işi aparır, insan haqlarını müdafiə edir. Elə rayonlar var ki, orada bircə nəfər də vəkil yoxdur. QHT-lərin fəaliyyəti kimsəsiz, hüquqları tapdanan insanlara böyük bir köməkdir. İndiki zamanda kim pulsuz yaşaya, işləyə bilər? QHT-ləri ittiham edən yazarlar pul qazanmaq məqsədləri olmasa, yazı yazarmı? Hər bir insan gördüyü işin müqabilində əmək haqqı alır. QHT işə götürdüyü adama pul ödəməlidir, ofisin kirayəsindən tutmuş kommunal xərclərə qədər hamısına maddi vəsait lazımdır”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxanın isə məsələyə fərqli baxışı var. Müsahibimiz ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə özünə məxsus formada yanaşır. A.Ayxan xatırladır ki, ötən ilin noyabr ayında müstəqil mətbuat üçün ciddi sınaq dövrü olub: “Həmin vaxt sərəncamlarında, bank hesablarında 100 minlərlə manat vəsait olan məşhur, vicdan etalonu kimi təqdim olunan QHT rəhbərlərindən kimsəni abunə kampaniyasında yanımızda, redaksiyamızda görmədik. Bir-iki istisna oldu, məsələn, 4-5 QHT rəhbəri həmin kampaniyaya dəstək olaraq redaksiyaya gəlib abunə yazıldılar, amma bu, geniş şəkil almadı. Kimə ”gəl, dəstək ol, 50 manatlıq abunə yazıl" dediksə, hərəsi bir bəhanə ilə bu dəstəkdən yayındı. Səbəb aydın idi: onlar bu prosesi yanlış olaraq iqtidarla müstəqil qəzetlərin davası sayır və bu davada tərəf tutmaq istəmirdilər. Özlərini hökumətin qəzəbindən qorumaq xətti tuturdular. Ki, birdən “yuxarılardan” görərlər, bilər ki, biz “Yeni Müsavat”a dəstək veririk, iqtidarın qara dəftərinə düşərik. Ona görə də redaksiyaya gəlib bizimlə həmrəy olduqlarını nümayiş etdirmədilər, şəkil çəkdirmədilər və sair. Bu davaya qarışmamaqla özlərini guya iqtidarın qəzəbindən yayındırırdılar. Bunlar başa düşmədi ki, mətbuat hakimiyyətin hədəfindədirsə, az keçməyəcək QHT sektoru da eyni zərbəni alacaq".
A.Ayxan bildirdi ki, əksər QHT rəhbərləri mətbuatın ən ağır günündə ona yaxın durmadılar: “İndi biz, mətbuat onları hər gün müdafiə edir, dəstək veririk. Elə hüquq müdafiəçisi, QHT rəhbəri də oldu ki, çətinliklə üzləşən qəzetləri kateqoriyaya böldü, onlar arasında ayrı-seçkilik etdi. Amma biz həmin hüquq müdafiəçisini bu gün ən ağır günündə müdafiəsiz buraxmırıq. Onu ”bizim və onların" bölgüsünə məruz qoymuruq. Belə şeyləri arada yazmaq, xatırlatmaq lazımdı, məncə".
A.Ayxan deyir ki, heç kimin pis gününü, həbsini, bank hesabının bağlanmasını arzulamır: “Amma kimlərinsə fetişləşdirilməsinin də əleyhinəyik. İllər sonra məlum oldu ki, QHT rəhbərlərinin ”Azərbaycanda vətəndaş cəmiyyəti qururuq" bəyanatı sadəcə sabun köpüyüdür. Hanı o vətəndaş cəmiyyəti? Hardadır, niyə biz onu görmürük? Hətta bu olmayan vətəndaş cəmiyyətini QHT rəhbərləri tutulanda da görmədik".
Baş redaktor müavini dedi ki, media sahəsi ilə məşğul olan QHT-lərin fəaliyyəti ciddi şəkildə təftiş olunmalı, o QHT rəhbərlərindən hesab istənməlidir: “Rəşid Hacılının rəhbəri olduğu Media Hüququ İnstitutundan başqa mən ikinci bir QHT tanımıram ki, medianın, jurnalistlərin fəaliyyətinə praktik olaraq dəstək versin. Üzləşdiyimiz hansısa hüquqi çətinlik zamanı tək üz tutduğum QHT MHİ olub. Əksəriyyəti illərdir jurnalistlərin, mətbuatın adından yararlanıb 100 minlərlə avro qrant alıb xaricdən. Ortada bircə işıqlı, ortaya çıxası işləri yoxdur. Amma bu qədər vəsait hara xərclənib, kimin cibinə gedib bilinmir. Əslində bilinir, sadəcə illərdir abrımıza qısılıb dinmirik. Bəs mətbuatın müdafiəsi, inkişafı üçün bu qədər vəsait alınıb, pullar xərclənibsə niyə mətbuat bu gündədir, bu suallara cavab verilməlidir. Elə QHT tanıyıram Azərbaycan televiziyalarında nümayiş etdirilən verilişlərin monitorinqi üçün xarici donorlardan bir neçə yüz min avro qrant alıb. Amma dinəndə hamını borclu çıxarırlar. Söz soruşanı, hesab tələb edəni iqtidarın sifarişçisi elan edib ləkələyirlər. Bir sözlə, bizim bir çox QHT rəhbəri xarici donorlardan aldıqları fantastik məbləğlə az qala oliqarxa çevriliblər”.
Fəaliyyətini dayandırmış Media Hüququ İnstitutunun keçmiş əməkdaşı və QHT sahəsində çalışmış hüquqşünas Xalid Ağalıyev isə öncə qısa arayış verdi ki, şəxsən QHT rəhbəri və ya QHT idarəedicisi deyil, uzun illər bu sahədə əsasən jurnalist hüquqlarının müdafiəsi, jurnalist və hüquqçuların maarifləndirilməsi məzmununda layihələrdə çalışıb, konkret layihə idarəedicilərindən olub: “Əgər biz ”QHT-lər heç bir iş görməyib" desək, çox böyük yanlışlığa yol vermiş olarıq. Şəxsən öz təcrübəmdən çıxış edərək deyim ki, bu gün jurnalistikada olan gənclərin ən azı yarısı bizim təşkil etdiyimiz təlimlərin, müsabiqələrin iştirakçıları olublar. Heç kimin qeyri-səmimi olduğunu iddia edə bilmərəm, amma rastlaşdığımız həmin jurnalistlərin əksəriyyəti təlimlərdən, nəşr etdirdiyimiz kitablardan böyük faydalar götürdüklərini bildirirlər. Yaxud jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı mənim də uzun illər əməkdaşlıq etdiyim Media Hüququ İnstitutu az iş görməyib. Bəlkə də yanılıram, şişirdirəm, amma hər halda, hesab edirəm ki, Azərbaycanda jurnalistika yeganə sahə idi ki, hüquqları pozulanlar hara müraciət etməli olduqlarını bilirdilər. Bəlkə də daha yaxşı xidmət göstərə, daha effektiv ola bilərdik, ancaq reallıq budur ki, işlək bir mexanizm yarada bilmişdik".
X.Ağalıyev dedi ki, bu sahədə uğur qazanmış QHT-lərin də olduğunu nəzərə alanda onların heç bir iş görmədiyini iddia etmək ədalətsizlikdir: “”QHT-lər daha çox iş görə bilərdilər" yanaşmasına isə ümumilikdə qatılıram. Ən başlıcası bugünkü mənzərə də bunu təsdiqləyir. Ağır durumun əsas səbəbi bu deyil, ancaq faktorlardandır. Başqa məqamlar da var, bəlkə də önəmli görünməyə bilər, məsələn, bizim təşkil etdiyimiz regional təlimə gələn, fotolar çəkməsinə şərait yaratmamı istəyən həmkarlarımız olub. Dəfələrlə olub. Halbuki onlar da təlimlər təşkil edə, 3-5 nəfərə fayda verə bilərdilər. Ümumilikdə isə QHT-lər hər şeyi düzəninə qoya bilməz axı. Bizim QHT-lər bizimkidir, bizim cəmiyyətindir. Bizim İctimai Televiziya, bizim siyasi partiyalar, bizim digər təsisatlar bizim cəmiyyətə xas olduğu kimi QHT-lər də cəmiyyətə uyğun, cəmiyyətə xasdır. Biz hər bir neqativlərdən arındırılmış bir partiya, bir tv və ya bir QHT ortaya qoya bilərik. Ancaq bu təsisatlar tək olduqca az keçməmiş elə cəmiyyətə, çoxluqda olan təsisatlara oxşamalı olacaq".
Azərbaycan Miqrasiya Mərkəzinin kecmiş rəhbəri Əlövsət Əliyev hesab edir ki, ölkədə fəaliyyət göstərən QHT-lərin hamısını eyniləşdirmək düzgün deyil: “QHT-lərin qrant yeyənləri də olub, vətəndaş cəmiyyətinin inkişafına xidmət edənləri də. Elə QHT-lər var ki, onlar haqqında yalnız aldıqları qrantlar barədə məlumat əldə etmək olur. Fəaliyyətləri isə yoxdur. Amma hücuma məruz qalan QHT-lərə bunu şamil etmək mümkün deyil. Təkcə rəhbərdən və ya ər-arvaddan ibarət onlarla QHT-lər var ki, hamıdan çox qrant aldıqları halda, başqa işçi də götürməyiblər”.
Ə.Əliyev dedi ki, ümumilikdə QHT cəmiyyəti dəyişmək yox, problemləri müvafiq hökumət qurumlarına çatdırmaq üçün fəaliyyət göstərir: “Eyni zamanda müəyyən qrup gənclərin ixtisaslaşmasına yardım edir. Məsələn, mənim rəhbəri olduğum layihələrdən eyni zamanda 30 nəfərə yaxın gənc hüquqşünasın işlədiyi və əmək haqqı aldığı vaxtlar olub. Bunu Hüquq Maarifçiliyinə də, Media Hüququ İnstitutuna da, Seçkilərin Monitorinq Mərkəzinə, RATİ-yə də şamil etmək olar. Rəhbəri olduğum layihələrdə işləyən gənclər bu gün polisdə, prokurorluqda, Vergilər Nazirliyində, məhkəmələrdə çalışır.
O cümlədən çoxsaylı beynəlxalq təşkilatlarda, hətta Avropa İnsan Hüquqları Məhkəməsində çalışanlar da var".
Ə.Əliyevin fikrincə, məhz yuxarıda sadaladığı faktları nəzərə alıb, QHT-lərin fəaliyyətinə kölgə salmaq ədalətsizlikdir: “Hakimiyyətin toxunmaq gücündə olmadığı yüzlərlə QHT var. Vətəndaş cəmiyyəti bir zamanlar elə indi çoxunun ittiham etdiyi Novella xanımın, Leyla xanımın, İntiqam Əliyevin yardımı ilə daha yaxşı fəaliyyət göstərirdi. Daha sonralar isə hakimiyyətdə təmsil olunanların hərəsi özünə bir yan QHT-si yaratdı. Təhlil aparsanız görərsiniz ki, Azərbaycandan qrantların 80 faizi hakimiyyətdə olanların yaratdığı və ya sonradan ələ keçirdiyi QHT-lərə verilir”.