Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqindəki döyüşlərdə zərərçəkənlərə külli miqdarda humanitar yardım göndəriblər.
Musavat.com-a verilən məlumata görə, Ukraynada yaşayan azərbaycanlılar ölkənin cənub-şərqində baş verən silahlı münaqişədə zərər çəkənlərə 200 min avrodan artıq dəyərdə humanitar yardımı ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev bildirib ki, onlar bunu Ukraynanın vətənpərvər “PrizubCik” təşkilatı ilə birgə ediblər.
Tibbi avadanlıqlardan ibarət olan yardım karvanı döyüşlərin getdiyi Donetsk vilayəti, əsasən də, yaralıların çox olduğu Mariupol şəhərinə çatdırılıb. Yardım avadanlıqları arasına Avropa istehsalı olan tibbi ləvazimatlar, çarpayılar, dərman preparatları və s. daxildir. Yardım karvanı zərərçəkənlərə təşkilatın rəhbəri Roman Soviçin müşayiəti ilə təqdim olunub.
Donetsk vilayətinin qubernatoru Sergey Taruta bununla bağlı Kiyevə gələrək, azərbaycanlılara rəsmi minnətdarlığını bildirib.