Artıq uzun müddətdir ki, ölkə mətbuatında bəzi qurum və təşkilatlar tərəfindən şübhəli maliyyə əməliyyatlarının aparıldığına dair dərc olunan materiallarda “Körpü-Bina-Tikinti” MMC-nin də adı hallandırılır. Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində “Asfalt zavodu”, “Balka sexi”, “Beton zavodu”, “Çınqıl karxanası”, “Beton boru zavodu”, “Körpü istehsalat zavodu” və “Beton qovşaqları” kimi istehsalat müəssisələri fəaliyyət göstərir. Şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirən bu şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə hallanır.
Hətta dəfələrlə mətbuatda “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc edilib. Bildirilir ki, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edir.
Belə ki, tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərinin axırına çıxır. Həmçinin o, yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında sənədləşdirərək, qanunsuz maliyyə maxinasiyalarına yol verir.
Bu gün paytaxt Bakının infrastrukturunda aparılan irimiqyaslı rekonstruksiyalar və yenidənqurmalar inşaat sahəsində müşahidə olunan dinamikanı stimullaşdıran əsas amillərdəndir. Lakin nəzərdən qaçırmaq olmaz ki, bu işlərin hətta ən böyük əhəmiyyəti və zərurəti belə onların müxtəlif qanun pozuntularının müşayiəti ilə həyata keçirilməsinə bəraət qazandıra bilməz.
Qəzetimizin ötən saylarından birində mövzuya dair dərc olunmuş materialda biz artıq göstərmişdik ki, hələ 2011-ci ilin mart-aprel aylarında bəzi informasiya vasitələrində yayımlanan məlumatlarda Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC-nin tenderin nəticəsini gözləmədən Bakıda 4 yeraltı piyada keçidinin tikintisi üzrə “Körpu Bina Tikinti” MMC ilə müqavilə bağladığı bildirilirdi.
Qeyd olunmuşdu ki, “Azneft” meydanında 3 keçid və Neftçilər prospekti ilə Sərdar Səfərov küçəsinin kəsişməsində bir keçid tikintisi üzrə martın 3-də elan edilmiş tenderin “Xalq Qəzeti”ndə dərc edilən şərtlərə əsasən tikinti şirkətlərindən sənəd qəbulu aprelin 19-dək davam edəcək. Lakin bu layihədə sifarişçi kimi çıxış edən “Azəryolservis” ASC göstərilən müddəti və tenderin nəticələrini qabaqlayaraq KBT MMC ilə müqavilə bağlamışdı.
Görünür belə loyal münasibət MMC-nin rəhbəri Xəlil Göyüşovda müstəsna imtiyazlar eyforiyası yaratmışdır. Məsələ bundadır ki, bu kimi müqavilələr çox böyük məbləğlərdə layihə-smeta dəyərinə malik olurlar. Onların bağlanması zamanı xüsusi imtiyazlardan yararlanan bəzi müəssisə rəhbərləri isə sonradan özlərini ayrılan dövlət vəsaitlərinin tam olaraq səmərəli və məqsədyönlü istifadəsinə kökləyə bilmirlər.
Nəticədə irimiqyaslı mənimsəmələrə, keyfiyyətsiz icraatlara yol verilir. “Körpu Bina Tikinti” MMC Bakının bir sıra ərazilərində profili üzrə inşaat işləri aparır. Bu işlərlə bağlı isə mütəmadi olaraq bir çox irad və ittihamlar irəli sürülür. Xüsusilə Nəsimi rayonu 3-cü mikrorayon ərazisində MMC-nin gördüyü inşaat işlərinin gedişimdə çoxsaylı qanun pozuntularına dair müxtəlif qaynaqlardan məlumatlar daxil olur.
İlk növbədə bildirilir ki, MMC rəhbərliyi tərəfindən məsrəflərin süni şəkildə şişirdilməsi yolu ilə külli-miqdarda mənimsəmələrə yol verilir. Qeyd edək ki, sifarişlərin minimal müddətə və yüksək keyfiyyətlə icra olunmasının xüsusi şərtlənməsi həqiqətən də müəyyən maliyyə maxinasiyaları üçün imkanlar yaradır. Digər tərəfdən isə mal-material mənimsəmələri artıq ifrat bir həddə yaxınlaşdıqca işlərin keyfiyyətinə yolverilməz zərbə dəymiş olur.
Eyni zamanda bəzi sahələrin həm də qeyri-peşəkar nəzarətdə olması keyfiyyət göstəricilərini zəiflədir. Bütün bu nöqsanlara gətirən ilkin səbəb isə icraçı müəssisənin ciddi rəqabət mühitində seçilməməsi və deməli həmin müəssisə rəhbərliyinə məsuliyyət hissinin aşılanmamasıdır. Belə maxinasiyalardan biri də Ziya Bünyadov prospektindən “Yeganə” şadlıq sarayına gedən ərazidə həyata keçirilib.
Belə ki, Xəlil Göyüşovun rəhbəri olduğu “Körpü-Bina-Tikinti” MMC həmin ərazidə yeni körpünün inşası sifarişini alıb. Hətta körpünün istifadəyə verilməsi üçün konkret vaxt da müəyyənləşdirilib: – 2014-cü ilin mayı. Amma ayrılan vəsaitin böyük hissəsi naməlum məqsədlər üçün xərcləndiyindən yeni körpünün istifadəyə verilməsi reallaşmayıb. Mənbələr bildirirlər ki, yaranmış bu vəziyyət də əsasən mənimsəmə halları ilə bağlıdır.
Xatırlayırsınızsa 2011-ci ildə də “Körpu Bina Tikinti” MMC Ziya Bünyadov prospekti ilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisini həyata keçirmişdi. Hesabatlarda göstərilirdi ki, bu məqsədlər üçün 125 milyon manat vəsait xərclənib. Lakin 2007-ci ildə həmin şirkət elə həmin rayonda yol qovşağını 32 milyon manata inşa etmişdi. Bəs görəsən 2011-ci ildə bu məbləğ hansı səbəbdən 4 dəfə artdı? Təbii ki, bunun külli-miqdarda mənimsəmələrdən başqa izahı yoxdur…
Qeyd olunduğu kimi X.Göyüşov onlara sifariş olunan obyektlərin əksəriyyətini birbaşa ölkə prezidentinin tapşırığı ilə inşa etdiklərini vurğulamışdı. Lakin MMC rəhbəri məhz bu məqamın onlara əlahiddə imtiyazlar deyil, əlahiddə məsuliyyət gətirdiyini düzgün qiymətləndirməli idi. Yalnız bu halda aprılan işlərin nəticəsi maksimal effekt verməklə yanaşı minimal xərclər və itkilər bahasına başa gələbilər.
Hazırda isə biz daha çox müxtəlif müəssisə və strukturların fəaliyyəti nəticəsində “Azəryolservis” ASC-nin inzibati məsuliyyətə cəlb olunması və ətraf mühitə vurulan ziyan müqabilində cəmiyyətə qarşı iddia qaldırılması təkliflərinə rast gəlirik. Həm də bu idialar konkret dövlət qurumları məsələn Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də irəli sürülür.
“Körpu Bina Tikinti” MMC isə “Azəryolservis” ASC-nin sifarişlərinin icrasında nöqsanlı fəaliyyəti ilə seçilən müəssisələrdən sadəcə biridir. Bu müəssisənin fəaliyyəti sayəsində getdikcə varlanan Xəlil Göyüşovda isə artıq maliyyə maxinasiyalarına elə bir bağlılıq yaranmışdır ki, onun rəhbərlik etdiyi MMC-nin işini başqa cür təsəvvür etmək belə mümkün deyil.
MMC tərəfindən alınan sifarişlərə hər il milyonlarla manat vəsait xərcləndiyi deyilsə də, görülən faktiki işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil. Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə, bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə nəzərə çarpır.
Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir. İri tenderlərin əsas “qənimi” kimi ad çıxarmış Xəlil Göyüşovun bu işləri necə həyata keçirməsi barədə məlumatlar da cəmiyyətdə kifayət qədər yayılıb.
Qeyd edək ki, “Körpu Bina Tikinti” MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Bəzi mənbələrə görə, məhz elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşib.
Bizimdovr.az