Kremlin ölkəmizlə bağlı qorxulu planı heç vaxt olmadığı qədər real görünür, “Azərbaycanın əbədi xoşbəxtliyini Rusiyaya bağlayan” “5-ci kolon” yenidən fəallaşıb; demokratik düşərgə isə qəribə bir susqunluq içindədir
Yazının sərlövhəsi ilə bağlı yəqin ki, dərhal ölkənin demokratik düşərgəsindən olan dostlardan belə bir məntiqi etiraz gələcək ki: necə yəni, məgər bizim mübarizəmiz həmişə demokratiya, ədalətli seçkilər, söz və toplaşma azadlığı, korrupsiyanın kökünün kəsilməsi, insan haqlarının qorunması, avrointeqrasiya və s. uğrunda deyil?
Elə olmağına elədir, bununla heç kim mübahisə eləmir. “Milli maraqlar” anlayışı o qədər geniş, dinamik və çoxmənalıdır ki, özündə şəxsiyyətin, cəmiyyətin və dövlətin iqtisadi-siyasi, sosial-mədəni, beynəlxalq, ideoloji, hərbi və s. sferalarda bir-birini qarşılıqlı şəkildə şərtləndirən məqsəd və vəzifələrin bütöv bir topasını birləşdirir. Bir var strateji xarakterli, çox uzun müddətli perspektivə hesablanmış hədəf və vəzifələr (o sırada demokratiya, hüquqi dövlət və vətəndaş cəmiyyəti uğrunda mübarizə), bir də aktuallığı və prioritetliyi bu və ya başqa taleyüklü dönəmlərdə xüsusilə artan məqsəd və vəzifələr ki, onların müdafiəsi dövlətin suverenliyi, bütövlüyü və milli təhlükəsizliyi üçün məhəkdaşı məsələsinə çevrilir.
Bu gün Azərbaycan millətinin, Azərbaycan milli dövlətinin suverenliyimizə, milli maraqlarımıza və ərazi bütövlüyümüzə sağalmaz yaralar vura biləcək təhlükələr qarşısında olduğunu isbatlamağa çətin ki, ehtiyac olsun. Kremlin Ukraynaya qarşı davam edən təcavüzü və dünya birliyi ilə sərt konfrontasiyası əksər Şərqi Avropa və postsovet ölkələrini Putinin ekspansionist planlarına qarşı öz milli təhlükəsizliyin müdafiəsi və potensial təhlükələrin neytrallaşdırılması yönündə önləyici tədbirlər görməyə vadar edir.
Azərbaycan nəinki belə potensial təhlükələrdən kənarda deyil, əksinə, özünün geosiyasi önəmi səbəbindən Kremlin neoimperiya ambisiyalarından ötrü məxsusi maraq kəsb edir. Heç bir şübhə yox ki, Ukraynanın itirilməsi ilə barışa bilməyən və bu ölkəni silkələməkdə davam edən Moskva eyni zamanda Azərbaycanı “Avrasiya tələsi”nə salmaq və tamamilə öz təsiri altına almaq üçün fəal addımlar atacaq. Özü də Bakıya permanent təzyiqlərində Rusiya heç də uzun müddət “imperiya kökələri”ndən istifadə etməyəcək, müəyyən mərhələdə o, öncədən hazırlanmış “imperiya qamçısı”nı da işə sala bilər.
“Şər işlər” həyata keçirməkdə virtual usta olan Kremlə təzədən Qarabağ kartından istifadə eləmək və yeni separatçı ocaqlar alovlandırmaq, o sırada Azərbaycanda situasiyanı arzu elədiyi məcrada gərginləşdirmək böyük çətinlik törətməyəcək. Bu anlamda özünün çoxillik müstəqilliyi dönəmində Azərbaycan ilk dəfə olaraq real müharibə xaosu, neft siyasətinin iflası, inteqrasiya vektorunun məcburən dəyişməsi, ərazilərin, suverenliyin və dövlətçiliyin itirilməsi təhlükəsi vəd edən situasiyaya düşə bilər.
Belə real təhdidlər kontekstində demokratiya və insan haqlarının müdafiəsi haqda söz-söhbətlər bir qədər sxolastik məna alır. Axı, qərbyönlü inkişaf kursunun itirilməsi və Moskvadan müstəmləkə asılılığına qayıdılmaqla və yaxud Ukrayna hadisələrinə bənzər “müharibə xaosu” ssenarisinin gerçəkləşəcəyi halda Azərbaycan demokratiya, insan haqları və vətəndaş cəmiyyəti uğrunda mübarizə iqtidarında olmayacaq. Mümkündür ki, belə mübarizəni aparmaq üçün daha siyasi qüvvələr də mövcud olmasın.
“Bizim dağınıq durumda olan müxalif qüvvələrin hətta ölkə üçün taleyüklü mərhələdə mürgülü vəziyyətdə olması təəssüf doğurur. Ən yaxşı halda onlar indi “stəkanda tufan” yaratmaqla məşğuldurlar: ya hansısa yeni formatlar kəşf edir, ya da ənənəvi olaraq bir-birinə qarşı intriqa aparırlar...”
Bu cür real təhdid fonunda Azərbaycan cəmiyyətində hökm sürən biveclik atmosferi heyrət doğurur. Son vaxtlar isə biz ölkədə rusiyayönlü “5-ci kolon”un fəallaşmasında növbəti mərhələni müşahidə eləməkdəyik. Sosial şəbəkələrdə, KİV-lərdə və məişət səviyyəsində bu “kolon”un nümayəndələri psevdobeynəlmiləl və psevdosülhpərvər ritorikası altında gizlənərək ölkəmizin milli maraqlarına və milli-vətənpərvər qüvvələrinə qarşı əsl müharibə aparır, “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiyaya bağlıdır” köhnə imperiya şüarına yeni nəfəs verməyə cəhd edirlər.
Bəs bizim “sağ sektor” hardadır? Nə üçün ölkənin vətənpərvər ictimaiyyəti və demokratik müxalifəti susur və rusiyayönlü “5-ci kolon”a sərt təpki göstərmir? Əgər gündəlik problemlərin yükü altında əzilən və yaxınlaşan xarici təhlükələri bütün ciddiliyi ilə anlamayan sıravi vətəndaşların laqeydliyini hardasa anlamaq və ona haqq qazandırmaq mümkündürsə, ictimai-siyasi qüvvələrə bəraət vermək qeyri-mümkündür axı. Onların belə vəziyyətdə susmaq və hərəkətsiz qalmaq haqqı yoxdur.
Bu yerdə bizim dağınıq durumda olan müxalif qüvvələrin hətta ölkə üçün taleyüklü inkişaf mərhələsində mürgülü vəziyyətdə olmasını təəssüflə vurğulamaq lazım gəlir. Ən yaxşı halda onlar indi “stəkanda tufan” yaratmaqla məşğuldurlar: ya hansısa yeni formatlar kəşf edir, ya da ənənəvi olaraq bir-birinə qarşı intriqa aparırlar.
Misal üçün, bugünlərdə təxminən 15 partiya Müsavatın təşəbbüsü əsasında yığışaraq Azərbaycanda siyasi məhbus və insan haqları problemlərinin həllini hədəf seçən Birləşmiş Hüquq Müdafiə Mərkəzi (BHMM) yaratdı. Mərkəzin yaradıcıları güman edirlər ki, bu format parlament seçkiləri ərəfəsində bütün müxalifətin yenidən birləşdirilməsi prosesinin başlanğıcı ola bilər. Ancaq ardınca dərhal kənarda qalmaq istəməyən Milli Şuranın təşəbbüsü ilə Siyasi Dustaqların Müdafiəsi Komitəsi yaradıldı, hansının işinə ki, qeyri-sağlam rəqabəti aradan qaldırmaq naminə BHMM-dən də bir sıra nümayəndələr qatıldı.
Olsun. Hər iki təşəbbüs lazımlı və tərifəlayiqdir. Bununla belə, müxalif düşərgədə bütün maskalayıcı addımlara rəğmən, siyasi rəqabətlilik və liderlik “yorğanını öz tərəfinə çəkmək” ovqatı yenə də hiss edilir. Üstəlik, siyasi dustaqlar məsələsi bugünkü Azərbaycan üçün nə qədər aktuallıq kəsb eləsə də, yenə müəyyən çaşqınlıq mövcuddur. Sual ortaya çıxır: nədən demokratik düşərgə ölkənin suverenliyinə, milli təhlükəsizliyinə və bütünlüyünə real təhlükələrə qarşı dirəniş göstərmək məsələsində birləşmək və fəallıq üçün eyni canıyananlıq göstərmir? Nədən bu yaxınlarda Qarabağ məsələsinin hərbi yolla həllinin aktuallaşmasına gətirən və bütün cəmiyyəti həyəcanlandıran Azərbaycanla Ermənistan arasında cəbhə xəttindəki son döyüş əməliyyatları müxalifət üçün əsas diqqəti artıq prioritet əhəmiyyət daşıyan ümummilli məsələlərə fokuslamaq üçün impulsa çevrilmədi?
Sözsüz, insan haqlarının müdafiəsi və ya parlament seçkilərinə hazırlıq demokratik qüvvələrin gündəliyindən tamamilə çıxa bilməz. Ancaq söhbət üzücü hərbi və separatçı təxribatlara, ölkədə vəziyyətin qarışmasına və xaosa, ərazimizin bir hissəsinin və ya suveren dövlətçiliyimizin itirilməsinə gətirən təhlükələrdən gedirsə, o zaman vətənpərvər və sağ müxalifətin vəzifəsi sözdə və işdə milli maraqların qorunmasına yardımçı olmaq deyil ki?
Bəzən təəssürat yaranır ki, bizim sağ təmayüllü müxalifətin müəyyən kəsimi Qərbə və demokratiyaya sadiqliyi ölkənin milli maraqlarına sadiqlikdən yuxarıda qoyub, yaxud eyni zamanda demokrat və millətçi-patriot olmağı yersiz (“ayıb”) sayır. Halbuki bəsit həqiqətdir ki, ölkənin sabitliyi və strateji kursu qorunmadan, işğal altındakı ərazilər azad olunmadan, milli maraqlarımıza, suverenliyimizə və ərazi bütövlüyümüzə təhlükələr dəf edilmədən ölkənin demokratik inkişafı haqda söhbətlər mənasını itirir.
Bu gün müxalifət də daxil, cəmiyyətin bütün demokratik və vətəndaş səyləri, ictimai-siyasi səyləri ağıllı milli-vətənpərvər mövqe ilə motivlənməlidir. Yeri gəlmişkən, bu ilin yazında aparıcı siyasətçilərin və ictimai xadimlərin bir qrupu tərəfindən beyin “böhran mərkəzi”nin (Milli Strateji Düşüncə Mərkəzinin) yaradılması xoş bir istisna oldu. Mərkəz artıq bir sıra seminarlar keçirməyə, Qarabağ münaqişəsinə və Azərbaycanı gözləyən mümkün hədələr kontekstində milli təhlükəsizliyin aktual problemlərinə dair bir neçə analitik material hazırlamağa müvəffəq olub.
Lakin belə “beyin qrupu”na real tələbatın olmasına baxmayaraq, Mərkəzin ciddi perspektivindən danışmaq yəqin ki, hələ tezdir. Ona görə ki, qurumun fəaliyyətində artan xətt üzrə dinamika və sistemlilik hələlik zəifdir. Ancaq bu təşəbbüs ən azı gündəlik problemlərin həllinə yönəlib. Əgər ölkənin bütün ictimai-siyasi çevrələri milli maraqların müdafiəsi və xarici hədələrə qarşı müqavimət üçün həmrəy şəkildə çalışsa, o zaman pozitiv nəticə mütləq gələcək. Və bu nəticə həm də demokratikləşmə məsələlərinə yardımçı olacaq.
Zəfər QULİYEV, politoloq