Sürünən işğala görə Qərb Putindən izahat tələb elədi; prezident Poroşenko kritik vəziyyətlə bağlı Türkiyəyə səfərini təxirə saldı; Kiyevdə etirazlar başladı...
Minskdə üçtərəfli Rusiya-Avropa Birliyi-Ukrayna formatında keçirilən görüş Ukraynanın şərqində situasiyanın yumşalmasına təkan verməyib. Əksinə, Rusiya tərəfi suveren ölkənin parçalamaq yönündə səylərini bir az da artırıb. Bunu separatçı qüvvələrə sərhədin o tayından canlı qüvvə və hərbi texnika ilə edilən köməyin həcminin kəskin artması bir daha sübut edir.
Rəsmi Moskva faktı israrla dansa da, müşahidələr əlbəttə ki, əksini deyir. Yəni əminliklə söyləmək olar ki, Rusiya hərbi mövcudluq etibarilə artıq Ukraynandır. Ölkənin daxili işlər nazirinin müşaviri Zoryan Şikirkann da təsdiqlədiyi kimi, hərbi müdaxilə özü də bir neçə istiqamətdə gedir (AzadlıqRadiosu).
Artıq separatçılar Novoazovsk limanını nəzarətə götürüb Mariupol tərəfə gedirlər. “New York Times” qəzetinin əməkdaşı Andrey Kramer isə xəbər verir ki, Rusiya tərəfdən Ukraynaya tanklar, artilleriya və xeyli piyada keçib. Novoazovsk rus hərbçiləri tərəfindən tutulub, tanklarla mühasirəyə alınıb. Sakinlərin şəhərdən çıxması yasaqlanıb. “Kommersant” qəzetinin yazdığına görə, Ukrayna ordusu şəhəri hələ avqustun 26-da tərk etməyə başlayıb. Ukrayna qüvvələri Mariupol tərəfə keçiblər.
“Frans Press” də ordunun geri çəkilməsindən yazır. Ordu təmsilçiləri isə bildirirlər ki, şəhər əvvəlki tək onların nəzarətindədir. Ukrayna ordusu iyunda Mariupolu nəzarətə götürüb. Hazırda Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında və Luqanskda ağır döyüşlər gedir. Ordu eyni zamanda separatçıların mərkəzinə çevrilmiş Donetski mühasirəyə almağa çalışır.
Yaranmış vəziyyətdən təbii ki, Qərb də ciddi narahatdır. Məsələn, Almaniya kansleri Angela Merkel son olaylarla bağlı Putindən izahat tələb edib. Təbii ki, qaneedici izahat alınmayıb. Avqustun 28-də yazdığı tvitdə isə ABŞ-ın Ukraynadakı səfiri Cefri Pyatt deyib ki, “getdikcə daha çox rus əsgəri birbaşa Ukrayna ərazisinə döyüşməyə gəlir”. Onun sözlərinə görə, Rusiyanın təchiz etdiyi tanklar, zirehli texnika, artilleriya “Ukrayna silahlı qüvvələrini məğlub etməyə yetməyib”. ABŞ Dövlət Departamentindən isə bildirilib ki, Donetsk və Luqansk regionlarında Ukraynanın hökumət qüvvələrinə qarşı “Rusiyanın rəhbərliyi ilə əks-əməliyyatın” başlamasından şübhələnir.
Bu arada prezidenti Pyotr Poroşenko qəfil qərar qəbul edərək, Türkiyə səfərini təxirə salıb. Musavat.com-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Türkiyə səfərini təxirə salmasını Donbasdakı münaqişə bölgəsində vəziyyətin böhranlı həddə qədər gərginləşməsi ilə izah edib. Təcili olaraq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağıran prezident P.Poroşenko vurğulayıb ki, Rusiya qoşunları artıq ölkə ərazisinə daxil olub: “Vəziyyət kəskin şəkildə gərginləşib. Rusiya qoşunlarının Ukraynaya daxil olması artıq baş verib. Belə vəziyyətdə Ukrayna prezidenti yalnız Kiyevdə olmalıdır”.
Ölkədə ilk dəfə Poroşenkonun istefası tələbləri də səslənib. Virtualaz.org UNİAN agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Nazirlər Kabinetinə ölkədəki iqtisadi vəziyyəti düzəltmək üçün bir həftə vaxt vermək təklifini irəli sürüblər. Əks halda, hökuməti də istefa verməyə çağırıblar. Onlar habelə Donbasda həyata keçirilən antiterror əməliyyatının bütün rəhbərlərinin dəyişdirilməsini, müdafiə naziri Valeri Geleteyin istefasını tələb edirlər.