Nabatəli Qulamoğlu: «Türk liseylərində oxuyanların yüksək nəticə göstərməsi müəllimlərin əməyilə bağlıdır»
Orta ümumtəhsil məktəblərilə bağlı problemlər bitib-tükənmir. Həmişə olduğu kimi, ölkənin taleyüklü məsələlərində təhsil problemi daim öndə olub. Maraqlıdır, ali məktəblərə qəbulda da həmişə gimnaziya və liseylərin məzunları daha yüksək nəticələr göstərir. Bunun səbəbi nədir, niyə orta ümumtəhsil məktəbləri bu mənada, daim aşağı nəticəyə malik olur?
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, qəbul prosesində yüksək nəticələr göstərən məktəbləri dünyanın heç bir yerində bağlamırlar: “Adətən, bar verən ağacı kəsmirlər, belə ağacı hamı daha da artırır. Türk liseyləri təhsilin bar verən ağacıdır. Azərbaycanda xalqa hörmət etmək üçün bu ”ağac"ların sayı çoxaldılmalıydı. Vaxt vardı, təhsilin inkişafını imitasiya edirdilər. Hökumət isə təhsilin inkişafı haqqında indi artıq imitasiya da etmək istəmir. Bu isə təhsilə hörmətsiz münasibət deməkdir. Özlüyündə bu, xalqın gələcəyinə olan münasibətin göstəricisidir. Yüksək nəticələr bu gün yenə də türk liseylərinin üzərindədir. Liseylərdə oxuyanların belə nəticə göstərməsi orada çalışan müəllimlərin əməyidir. Poladəritmə zavodlarıyla bağlı nə baş verdisə, liseylərlə bağlı həmin proseslər baş verdi. Türk liseylərinin Azərbaycanda göstərdiyi yüksək nəticələr uzun zamanlardan bəri Türkiyədə çalışan müəllimlərin əməyinin, təcrübəsinin nəticəsidir ki, onlar Azərbaycan təhsilinə yeniliklər gətirdi və onu dərindən inkişaf etdirməyə başladı".