Tahir Əmiraslanov: «Toylar restoran sahibini varlandırmaq deyil, gəlinlə bəyə kömək etmək üçündür»
Rasif Bağırov: «İnsan birdəfəyə 40-50 manatlıq qidanı necə qəbul edə bilər?»
Toy mərasimlərinin necə keçirilməsi son vaxtlar mətbuatda müzakirə mövzularından biridir. Cəmiyyət şadlıq mərasimlərinin normal qaydada keçirilməsinin tərəfdarı olduğu üçün bu problemin tez bir vaxtda həllini istəyir. Israfçılığa yol açan bu mərasimlərlə bağlı hətta rəsmi səviyyədə də fikirlər səsləndirilir. Şadlıq mərasimlərinin tənzimlənməsi məsələsinin Milli Məclisin gündəliyinə salınacağı gözlənilir.
Toy mərasimlərinin qaydalara uyğun baş tutmasında əksəriyyət maraqlı olduğundan yenidən bu mövzuya toxunmağı lazım bilirik. Bu halda, toy menyusunun necə olması da insanları maraqlandıran suallardandır.
Maraqlıdır, toy menyusu əslində, necə təşkil olunmalıdır? Bir insan normalda neçə kalori qida qəbul etməli, birdəfəyə hansı qidaları qəbul etməlidir?
Milli Kulinariya Mərkəzinin rəhbəri, ölkənin baş kulinarı Tahir Əmiraslanov yada salır ki, hələ sovet dövründə restoran biznesində assortiment-menyu deyilən bir qayda olub. Nəticədə insanların seçimi olurdu və restoranlarda yeməklərin qalmaması əsas şərt hesab edilirdi. Hazırda restoran və şadlıq saraylarında menyuların pərakəndə hazırlandığını deyən həmsöhbətimiz, qidaların çəkisinə diqqət yetirilmədiyini bildirir: “Menyuda paytaxt salatının adı olsa da, onun neçə qram və hansı dəyərdə olduğu yazılmır. Yaxud menyuda 15 manatlıq şorbanın neçə qarm olması bildirilmir. Eləcə də kababın, yanındakı göyərti və qarnirin çəkisi də olmur. Öncə menyu təsdiqlənməlidir. Sonra isə texnoloji kartı olmalıdır. Indiyədək bu istiqamətdə normal laboratoriya cavabları çıxmayıb. Bundan başqa, şadlıq saraylarının istehsalat yerlərinə də baxmaq lazımdır. Həmişə onların bütün zallarını göstərsələr də, mətbəxi heç vaxt təqdim etmirlər. Mətbəxin həmin menyuları hazırlamaq imkanları bəlli olmur. Elə şadlıq sarayları var ki, ordakı aşpazların təhsili yoxdur. Hətta peşə məktəbini qurtarmış aşbazlara 3-cü dərəcə verilir. Təsəvvür edin ki, restoranda məktəbi yeni bitirən və heç yerdə işləməmiş aşpaz çalışır və yaxud usta-aşpaz işləyir. Bu və digər məsələlər var ki, onların heç birinə əməl olunmur. Restorana şənlik keçirmək üçün pul ödəyən şəxsin hüququ var ki, menyuya dəyişiklik etsin. Misal üçün, kolbasanın verilməsi ət olmayan şəraitdə yerinə düşür. Indi hər yerdə təzə ət olduğu üçün ona o qədər də ehtiyac yoxdur. Eləcə də balıq və ondan hazırlanan yeməklər, həmçinin toyuqdan hazırlanan müxtəlif çeşidli yeməklər bir neçə dəfə təkrar olunur. Yeməklərin verilməsində ardıcıllıq gözlənilmir, xörəklərin reseptləri və digər məsələlərdə çatışmazlıqlar var. Bütün bunlar qaydaya salınmalıdır”.
T.Əmiraslanov onu da qeyd edir ki, müvafiq qanunlar restoran biznesinə ziyan deyil, xeyir verməklə işləməlidir. Restoranlara verilən ərzağın, ət məhsullarının mənşəyinin haradan olması göstərilməlidir. Orada işləyən əməkdaşların peşəkarlığı, savadı nəzərə alınmalı və hamısı qiymətə oturulmalıdır. Bütün bunlarla yanaşı, T.Əmiraslanov əlavə edir ki, əslində, keçirilən mərasim restoranın sahibini varlandırmaq deyil, gəlinlə bəyə kömək etmək üçündür. Restoran sisteminin iş qaydalarına, texnoloji şərtlərə diqqət yetirilməsini vacib sayan həmsöhbətimiz hesab edir ki, dövlət və cəmiyyət problemləri birlikdə qaydaya salmalıdır: “Görünür, parlament də bu məsələləri nəzərdə tutur. Elə bir qayda yaratmaq lazımdır ki, hər şey qanun çərçivəsində olsun. Həmin qaydalara restoran sahibi də, digərləri də əməl edə bilsin”.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə məsələnin tibbi tərəflərilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, insan birdəfəyə təqribən 2000-3000 kalori arası qida istifadə edə bilər. Sadəcə, yağların, karbohidratların səviyyəsinin müəyyən olunması baxımından tənzimlənmə aparılmalıdır: “Insan əslində, özünün qida rasionunu müəyyənləşdirməlidir. Bir insan sözsüz ki, birdəfəyə 40-50 manat həcmində qida qəbul edə bilməz. Orqanizm üçün lazım olan az miqdarda qida məhsulu var ki, onu qəbul etməlidir. Bunu inzibati yollarla deyil, əhalinin mədəni səviyyəsinin yüksəldilməsi, ictimaiyyət və dövlətin təbliğatı əsasında iş aparılmalıdır. Insanın həddən artıq qidalanması orqanizmə ziyandır. Özünə nəzarət etməlidir ki, artıq qida qəbul etməsin. Onsuz da süfrəyə düzülənlərin hamısı insana lazım deyil. Onların hamısını dadmaq əsas şərt deyil. Əhali arasında maarifləndirmə işi aparılmalıdır. Toy sahibləri sanki bol menyu uğrunda yarışa çıxıb. Bu məsələ insana həm maddi, həm mənəvi, eyni zamanda, tibbi baxımdan ziyan gətirir”.