Cənab prezident, pulumu verin

29-08-2014, 10:38   
Cənab prezident, pulumu verinSürücülər səbəbkarı axtarır

Artıq 3-4 aydır ki, ölkəmizdə yeni terminallar quraşdırılıb. Bəli, hökumətimiz müasir standartlara cavab vermək üçün “əli çubuqlu porkovşiklər”dən imtina edib. Bildiyiniz kimi “park manat”ların tətbiqinə Ilham Əliyevin müşavirədəki çıxışından sonra start verildi. Prezident həmin çıxışda bildirmişdi ki, dayanacaqlarda yığılan 20 qəpiklərin kimlərin cibinə getdiyi bilinmir. O eyni zamanda müasir dövrdə adamların əl ilə (”əli çubuqlular") maşın “parkovka” etməsinin düzgün olmadığını bildirmişdi.

Amma prezidentin budəfəki müşavirədə səsləndirdiyi fikirlər də həmişəki kimi sadə vətəndaşların ziyanına işləməkdədir.

Belə ki, indiyə qədər insanlar maşınlarını saatından asılı olmayaraq 20 qəpik müqabilində dayanacaqda saxlaya bilirdilər. Yeni qaydalara görə isə bu dayanacaqların yarım saatı 50 qəpiyə başa gəlir. Deməli, bir şəxs maşınını 3 saatlıq “parkovka” etmək üçün 3 manat ödəməli olacaq.

Həm şəhərdəki tıxacları tənzimləmək, həm də avtomobillərin təhlükəsizliyi baxımından yeni tətbiq olunan qaydalar normaldı. Ancaq biz bir qayda olaraq xaricdəki təcrübənin pis tərəfini götürürük. Yəni xidmətin keyfiyyəti, müştərilərin razı salınmasından çox, qiymət məsələsinə üstünlük veririk. Digər tərəfdən, bizdə “parkovka” üçün münasib yerlər yoxdur. Ümumiyyətlə, bu terminalların öz təyinatı üzrə işləyəcəyi, əldə olunan vəsaitin büdcəyə ödəniləcəyi sual altındadır.

Əvvəllər dayanacaqlarda avtomobillərin təhlükəsizliyinə nəzarət edən və bunun müqabilində cəmi 20-30 qəpik alan vətəndaşlar Ilham Əliyevin məlum çıxışından sonra həmin gəlirdən də məhrum edildilər.

Ancaq problem yalnız adamların işsiz qalması, terminalların bahalı xidmət göstərməsindən ibarət deyil.

Indi maşını əzilən, sındırılan adamlar kimdən hesab soracaqlarını bilmirlər. Ötən gün bir sürücü maşını arxaya verərkən, başqa bir maşını əzib. Həmin maşının sahibi də dəymiş zərərin ödənməsini istəyib. Ziyana düşmüş sürücü isə deyir ki, yeni terminallar bizi müflis etmək üçündür. Deyir, “əli çubuqlu” kişilər heç olmasa yol göstərirdi, maşının təhlükəsizliyinə məsul olurdu və bu bizə 20 qəpiyə başa gəlirdi. Indi isə, həm pulumuzu alırlar, həm də zəmanətimiz yoxdur.

Redaksiyamıza zəng edən bir sürücü isə, avtomobilinin xərcini prezidentdən almaq istəyir. Sürücü deyir ki, əvvəllər pullarını kasıb-kusuba verirdilər və əvəzində təhlükəsizlik baxımından arxayın olurdular. Indi isə, pullarının hara getdiyi bilinmir, üstəlik, hər dəfə maşının bir hissəsi əzilir: “Prezidentin çıxışından sonra yeni terminallar gətirildi. Lap yaxşı, biz də müasirliyin tərəfindəyik. Amma indi zərərə görə kimin yaxasından yapışacağımızı, kimdən hesab istəyəcəyimizi bilmirik. 20 qəpiklik xidməti, 1 manatlıq terminal əvəz edə bilmir. Xahiş edirəm, mənim zərərimi prezident ödəsin. Təklifi verən odur, deməli, hər hansı məsuliyyət də onun boynundadır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.