Jirinovskinin bəyanatı nəyə hesablanıb?

29-08-2014, 16:54   
Jirinovskinin bəyanatı nəyə hesablanıb?Vəfa Quluzadə: “Azərbaycanın siyasi elitası, Rusiyadakı səfirliyimiz baş verənləri nəzarətdə saxlamalı və ciddi analizlər aparmalıdır”

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, bu yaxınlarda anti-Azərbaycan çıxışlarını dayandıran və mövqeyini kəskin dəyişdirərək ölkəmizə təriflər yağdıran Vladimir Jirinovski yenidən öz ampluasına qayıdıb.
Jirinovskinin partiyası Rusiyanı “müsəlman cənubuna” hücuma çağıran xüsusi broşüra yayıb.
“Cənub - müharibədir” adlı broşürada göstərilir ki, Rusiya cənubdan onun ərazisinə hücumlara imkan verməmək üçün özü cənuba doğru hücum etməlidir: “Rusiyanın xarici siyasətini təkcə Qərbə və Şərqə istiqamətləndirməyə son qoymaq və Cənuba üz tutmaq vaxtıdır. Axı bizi müharibə və qaçqın axını məhz oradan təhdid edir” - deyə Jirinovski bildirir.
LDPR liderinin sözlərinə görə, cənubdan təhdidlərin qarşısını almaq üçün xalqın iradəsinin tam səfərbər edilməsi lazımdır: “Bizim üçün Suriyadakı müharibə xüsusən təhlükəlidir. Əgər ABŞ orada Liviya ssenarisini tətbiq etsə, yüz minlərlə qaçqın Türkiyəyə axacaq. Suriyanın şimalında kürdlər ayağa qalxacaq. İranın qərbində kürdlər silahlanacaq. Azərbaycan isə bu vaxt Qarabağı almağa cəhd edəcək. Və bütün bu dişinə qədər silahlanmış insan kütləsi Şimali Qafqaza üz tutacaq. Yaxın Şərq inqilablarının, müharibələrinin və xaosunun alovunun Cənubi Qafqaza yayılmasına imkan verməmək üçün tədbirlər görməyin vaxtıdır”.
Ekspertlər hesab edir ki, Jirinovskinin bütün açıqlamaları Kremlin sifarişinin nəticəsdirir. Bu dəfə də Jirinovskinin cənuba hücumla bağlı bəyanatı Rusiyanın gələcək planlarının etirafıdır.

Politoloq Vəfa Quluzadə bildirir ki, Jirinovskinin partiyasını KQB yaradıb və onun səsləndirdiyi fikirlərə münasibət bildirmək çətindir: “Jirinovskinin reputasiyası məlumdur - onu “siyasi kloun” adlandırırlar. Çox təəssüf ki, bu klounun rəsmi Kremllə sıx əlaqələri var. Jirinovskinin partiyasını KQB yaradıb, özü də KQB agenti olub. Putinlə onun münasibətləri də bu zəmində yaranıb. Rusiyanın ideyalarını Jirinovski kimi birinin səsləndirməsi də təəssüf doğurur. Jirnovskinin son fikirlərini isə sayaqlama kimi qiymətləndirmək olar. Rusiya Krımı ilhaq edənə qədər Jirinovski bu ölkənin əleyhinə heç bir fikir söyləmirdi. Hesab edirəm ki, Rusiyanın əməli addım atmadığı bir vaxtda Jirinovskinin belə fikirlər səsləndirməsini konkret qiymətləndirmək olmaz. Ancaq, Azərbaycanın siyasi elitasının Rusiya ilə münasibətləri var, Rusiyada səfirliyimiz fəaliyyət göstərir. Və bu qurumlar Rusiya təhlükəsini nəzarət altında saxlamalı və baş verənləri ciddi analiz etməlidir. Ola bilər ki, bu kimi çıxışlar Azərbaycana psixoloji təsir etmək, siyasi xətti yumşaltmaq üçündür”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.