ABŞ tez bir zamanda Ukraynanı silahla təchiz etməlidir.
Axar.az xəbər verir ki, bunu ABŞ Senatının xarici əlaqələr üzrə komitəsinin rəhbəri Robert Menendes CNN telekanalına müsahibəsində deyib.
“Söhbət qiyamçı separatçılardan yox, həm də Rusiyanın birbaşa hərbi müdaxiləsindən gedir. Biz sübut etməliyik ki, bu məhz belədir”, – Menendes deyib.
O, ukraynalılara Rusiyanı yerində oturmağa məcbur edə biləcək müdafiə silahları satmağa çağırıb.
Oxşar açıqlama ilə senator Con Makkeyn CBS kanalına verdiyi müsahibəsində çıxış edib. “Ukraynalılara lazım olan silahı verin; onlara döyüşmək imkanı verin”, - Makkeyn bildirib.
Makkeyn eyni zamanda Rusiyaya qarşı sanksiyaların artırılmasını da təklif edib.
Bir neçə gün əvvəl Ukrayna Prezidenti Pyotr Poroşenko verdiyi açıqlamasında bildirmişdi ki, dünya birliyi ilə hərbi-texniki əməkdaşlığı mümkün hesab edir.
Poroşenko Ukraynanın silah və texnika almaq niyyətində olduğunu açıqlamışdı.