Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“İnflyasiya insanların cibini soyur, büdcəni doldurur”

18-05-2022, 08:38   



“Qiymətlərin yüksək artımı vergi tutulan dövriyyəni də şişirdir”

Bu ilin ilk 3 ayında Azərbaycanda idxal malları üzrə qiymətlər ötən ilin 3 ayına nisbətən 20 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

100 ölkəyə məhsul ixrac edib, 140 ölkədən mal idxal olunub.

Müddət ərzində xarici ticarət dövriyyəsi 12194,2 milyon ABŞ dolları olub.

Dövriyyənin 9267,1 milyon dollarını və ya 76 faizini ölkədən ixrac olunan məhsulların, 2927,1 milyon dollarını və ya 24 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

DSK bildirir ki, 6340 milyon dollar məbləğində müsbət saldo yaranıb. Bu, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz artması deməkdir.

Mənbə: DSK

O cümlədən, ixrac 16,8 faiz artıb, idxal isə 3,7 faiz azalıb.

2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 45,0 faiz, real ifadədə 32,1 faiz artaraq 727,2 milyon dollar edib.

İqtisadçı Rövşən Ağayev deyir ki, son 3 ay ərzində idxal malları üzrə qiymətlər ötən ilin 3 ayına nisbətən 20 faiz artıb.

Əsas məhsul seqmentləri üzrə istehlakının yarısından çoxu xaricdən formalaşan ölkədə 20 faizlik idxal bahalanması inflyasiyanın insanların cibini soğan kimi soyduğu anlamına gəlir: “Qiymətlərin belə yüksək artımı vergi tutulan dövriyyəni də şişirdir. Üstəlik, hökumət də vergi artımlarını inflyasiyanın ayağına yazmadan özünün uğurlu iqtisadi siyasətinin nəticələri kimi gen-bol təbliğ edir. Ayrı-ayrı mal qrupları üzrə idxal inflyasiyanın səviyyəsi daha yüksəkdir. Məsələn, idxal qiymət indeksi heyvan mənşəli mal qrupu üzrə 33 faizə yaxın artıb. Ən az artım nəqliyyat vasitələrindədir – cəmi 6.5 faiz”.

Rövşən Ağayev bildirir ki, nəqliyyat vasitələrindən vergitutma mexanizmi də elə qurulub ki, orada həmişə uduş var. Gətirdiyin avtomobilin dəyərinin az qala 60 faizini Azərbaycan gömrüyünə ödəməlisən: “Bir tərəfdə insanların cibini boşaldan inflyasiya o biri tərəfdə büdcəni də doldurur”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Azərbaycanda bahalaşma dalğası ötən il dizelin qiymətinin qalxması ilə başlayıb.

İlin sonlarına doğru, oktyabrın 16-da Tarif Şurasının qərarı ilə təbii qazın və elektrikin qiymətlərinin artması ilə davam etdi. Bahalaşmanın 20 faiz olduğu bildirildi.

Ardınca kənd təsərrüfatı mallarında, ərzaq məhsulları, ət, un, yağ, meyvə və tərəvəzin qiymətində artım başladı.

Noyabrda “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik qəbul edildi və bəzi dövlət rüsumlarının məbləği artdı. Bura baytarlıq şəhadətnaməsinin verilməsi, nikahın qeydə alınması, mobil cihaz rüsumları, avtomobil qeydiyyat nişanı rüsumu və s. daxildir.

2021-ci ildə isə bahalaşma ət məhsulları və un məmulatlarının qiymətinin artması ilə davam etdi. Rəsmilər isə bunu dünyada taxılın qiymətinin artması ilə izah edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar