Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyev Ermənistana: "Düşmənçilik səhifəsini çevirmək istəyirik"

19-05-2022, 08:20   


Azərbaycan Prezidenti cümə günü ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu təsdiqləyib. İlham Əliyev bu barədə Litvalı həmkarı ilə görüşdə deyib.

Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da 44-gün davam edən müharibədən sonra atəşkəs bəyannaməsi imzalansa da, tərəflər bu günə kimi yekun sülh sazişinə nail ola bilməyiblər.

Hərçənd ki, həm Yerevan, həm də Bakıda sülh sazişinin mümkünlüyünə dəlalət edən pozitiv siqnallar səslənir - İlham Əliyevin Bakıdan Yerevana yollanacaq Litva Prezidenti Gitanas Nausedaya dedikləri bunun təsdiqi sayıla bilər.

"Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik", - İlham Əliyevin sözlərini Azərtac agentliyi iqtibas edir.

Azərbaycan liderinin sözlərinə görə, Gitanas Nausedanın Ermənistana səfəri nəticəsində oradakı münasibət barədə daha yaxşı təsəvvürü yaranacaq.


Çox güman ki, Yerevanda Gitanas Nauseda Azərbaycan-Ermənistan danışıqlarının bir növ kontekstini göstərən kütləvi etirazların şahidi olacaq.

Ermənistan Baş nazirinin Azərbaycanla sülh sazişi imzalamaq niyyətilə bağlı siqnalları müxalifəti ayağa qaldırıb.

Əliyev və Nauseda

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Şəklin alt yazısı,

Çərşənbə günü Azərbaycan və Litva Prezidentləri Bakıda bəyanatlarla çıxış ediblər

Aprelin əvvəlində Nikol Paşinyan bəyan edib ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir.

Müxalifət Paşinyanı "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir. Ona qarşı etiraz çıxışları yeni hal deyil.

2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiyanın hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyannaməsi hakimiyyət əleyhdarlarının müqavimətilə qarşılaşmışdı.

Yerevanda etirazçılar

ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Müharibənin başa çatması şərtlərini "biabırçı və qəbuledilməz" adlandıran müxalifət elə o zamandan bəri vaxtaşırı küçələrə çıxaraq hökumətin istefasını tələb edirdi. Lakin sonda üçtərəfli razılaşma ilə barışmağa məcbur oldu.

Artıq bir neçə həftədir ki, etirazların növbəti dalğası başlayıb. Hakimiyyətyönlü təhlilçilərə görə, müxalifət qərarlı görünsə də, hələ ki, küçələrə kifayət sayda insan çıxara bilməyib.

Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

2022-ci ilin martında danışıqlar prosesində irəliləyiş əldə edilib - Azərbaycan münasibətlərin normallaşması üçün beş prinsip irəli sürmüş və Ermənistan onlara cavab verərək, öz şərtlərini söyləmişdi.

Lakin o zamandan bəri, tərəflər arasında bəyanatların tonu pozitiv olsa da, ölkənin yüksək rütbəli rəsmiləri bir neçə dəfə görüşüb-danışsa da, konkret irəliləyişin əlamətləri hələ ki, nəzərə çarpmayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar