Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dövlət büdcəsini talayan, ziyanla işləyən AZAL-dan necə qurtulmalı? - Bizim şərh

19-05-2022, 17:19   



Dövlət büdcəsini talayan, ziyanla işləyən AZAL-dan necə qurtulmalı? - Bizim şərh

AZAL yenə ziyanla işlədiyini bəyan etdi. Bu gün yerli mediada səslənən rəsmi məlumat isə 2020-ci ilə aiddir. Hələlik rəsmi olaraq AZAL-ın 2021-ci ildə ziyan və ya xeyirlə çalışdığına dair heç bir bilgi əldə etmək mümkün deyil. Düzdür, keçən ay, yəni aprelin 22-də Hesablama Palatasının rəhbəri Vüqar Gülmməmədov açıqlama verərək bildirmişdi ki, 2 ay ərzində AZAL-da aparılan audit yoxlamaları barədə açıqlama verəcək. Lakin hələlik 2 ay tamam olmayıb. Yəni iyun ayının 22-də Gülməmmədovun dediyi iki aylıq müddət başa çatacaq. O zaman Palatanın açıqlayacağı rəqəmlər hər kəs üçün maraqlı ola bilər.

Təbii ki, açıqlanana rəqəmlər böyük ehtimalla ya 2020-ci ili əhatə edəcək, ya da ənənəvi olaraq audit nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılıdığna dair açıqlamaya rast gələcəyik. Bu qənaətə gəlməyə isə bizi bundan əvvəl də Hesablama Palatasının AZAL-da apardığı auditin nəticəsi olaraq verdiyi açıqlamalar əsas verir. Yəni bundan əvvəl də aparılan yoxlamalar nəticəsində nöqsanlar aşkarlansa da, sonradan bəlli olurdu ki, bu nöqsanlar aradan qaldırılıb. Lakin AZAL-ın bu günə qədər ziyanı 2 milyard dollara yaxınlaşır.

Və bu ötən illər ərzində, ən azı 2015-ci ildən bu günə qədər bu Dövlət Konserni heç bir zaman rentabelli olmayıb və hər maliyyə ilini ziyanla başa vurub. Əlbəttə ki, ziyanın ortadan qaldırılması üçün bir sıra preventiv addımlar atılıb. Lakin heç bir nəticə ortada deyil. Bir qədər əvvəl AZAL-ın idarə edilməsi ilə bağlı Müşahidə Şurası yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd daha səmərəli idarəetmə sistemi qurmaq. daha çox rentabelli istiqamətlər seçmək olub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılıb.

Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev seçilib. Müşahidə Şurası yaranandan demək olar ki, cəmi 2 dəfə toplantı keçirib. İlk iclas yaranandan cəmi 15 gün sonra 16 aprel 2021-ci ildə baş tutub. Həmin iclas barədə verilən rəsmi açıqlamada da görünür ki, ümumi tezislər və dövlət başçısının Şura qarşısında qoyduğu vəzifələrdən danışılıb. Toplantıda Rəşad Nəbiyev bir neçə dəqiqə çıxış edib, ardından da AZAL-ın prezidenti Cahangir Əsgərov standart stenoqramla qarşıda duran vəzifələrdən bəhs edib. Bu qədər. Şuranın ikinci toplantısının keçirilməsi barədə 2-ci informasiya isə qısa rəsmi press-relizdən o yana keçməyib.

Yəni ortada heç bir konkret təklif olmayıb. Hər hansı bir formada idarəetmənin təkminləşdirilməsindən də söhbət getməyib. AZAL bataqlığının qurudulması istiqamətində bir cümləlik də olsa qanun layihəsi təklifi və ya normativ bazalara dəyişikliklərdən söhbət belə getməyib.

AZAL-da yaranan böhranla bağlı olaraq 2018-ci ildən etibarən müstəqil audit də həyata keçirilib. Dünyada məşhur olan  “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrinə görə, AZAL-ın məcmu zərəri 2018-ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub.

2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlətrdən biridir. 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb.

Bu gün Azərbaycana gələn də, Azərbaycandan gedən də sıravi vətəndaşdan tutmuş, iş adamlarına qədər hər kəs AZAL-dan narazılıq edir. Lakin heç bir faydası yoxdur. Biletlərin həddindən çox baha olması, eyni zamanda karqo yükdaşımaları ilə bağlı da tariflər kifayət qədər yüksəkdir.  

Məhz bu sektorda Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri AZAL-dır. İnhisarçılar Bazarı əlindən buraxmaq istəmir.

Əgər AZAL ziyanla işləyirsə, dövlətə yükdürsə, o zaman daha ucuz bilet satan, daha aşağı qiymətlərlə xidmətlər təklif edən aviaşirkətləri Azərbaycana buraxmaq lazımdır. Hər halda bunun üçün modellər də var.

İqtisadçı ekspert Razi Abasbəyli hesab edir ki,  bunun üçün mərhələli olaraq islahatlar aparıla bilər.  Regionlardakı hava limanlarına ucuz aviaşirkətləri dəvət etmək olar: "Azərbaycanda da Gəncə, Qəbələ, Füzuli və ya digər şəhərlərimizə ucuz qiymətlərə daşıma təklif edən şirkətlərin cəlb olunması gündəmə gəlmişdi. Bu, dünyanın bir çox ölkələrində təcrübdən keçmiş metoddur. Hətta Gürcüstanda bənzər addımlar atılıb və sərnişinlərə çox ucuz qiymətlər təklif olunur. Əgər AZAL ziyanla işləyirsə, o zaman kənara çəkilsin. Heç olmasa, regionlardakı hava limanlarına ucuz qiymətlərlə biletlər təklif edən şirkətləri buraxsınlar. AZAL həqiqətən ziyanla işləyirsə, ya özəlləşdirilməli, ya da ki bu sahəyə ucuz biletlər təklif edən şirkətlər gətirilməlidir. Beləliklə, dövlətin də yükü azalar və ziyanla işləyən bir şirkətə əlavə pul verməz. Üstəlik, digər xarici şirkətləri Azərbaycanın hava məkanına buraxmaqla, onların ödədiyi vergi hesabına da dövlət xeyir görər”.

"Hürriyyət" İqtisadiyyat Şöbəsi

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar