“Media forum” saytı rəhbərləri həbsdə olan QHT-lərin fəaliyyəti ilə maraqlanıb. Bəlli olub ki, Gəncədə Həsən Hüseynlinin qurduğu “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi fəaliyyətini dayandırıb. Mərkəz rəhbərinin qardaşı Adil Hüseynli bildirib ki, qurum Həsən Hüseynli həbs olunduqdan sonra bağlanıb.
Həsən Hüseynli iyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin media və ictimaiyyətlə əlaqələr üzrə sözçüsü Samir Kazımlı deyib ki, qurumun heç bir layihəsi yoxdur, çünki qrant əldə edə bilmir: “Yalnız həbsdə olan sədrimiz Anar Məmmədlinin və icraçı direktor Bəşir Süleymanlının müdafiə kampaniyası aparılır. Anar Məmmədli təşkilatın rəhbəri olaraq qalır. Lazım olanda Idarə Heyəti qərarlar verir”.
Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədliyə 5 il 6 ay, Bəşir Süleymanlıya 3 il 6 ay həbs cəzası verilib. Anar Məmmədli ötən ilin dekabrından həbsdədir, Bəşir Süleymanlı isə məhkəmə zalında tutulub.
Sülh və Demokratiya Institutu isə tam dayanıb. Təşkilatın eksperti Azad Isazadə bildirib ki, Leyla və Arif Yunuslar tutulduqdan sonra institut işləmir.
Institutun rəhbəri Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, təşkilatın eksperti Arif Yunus isə avqustun 5-də tutulub.
Hüquq Maarifçiliyi Cəmiyyəti də çalışmır. Qurumun rəhbəri Intiqam Əliyevin oğlu Nəcmin Əliyev deyib ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin bank hesabına həbs qoyulub, fəaliyyət mümkünsüz olub.
Intiqam Əliyev avqustun 8-dən həbsdədir.