Eldar Ibrahimov bahalaşmaya görə Heydər Əsədovla Şahin Mustafayevi ittiham etdiSon günlər istehlak bazarında qiymət artımı aqrar məhsullarda daha aydın görünür. Kartof, soğan, qarpız,yemiş, pomidor, xiyar, göyətilər, kələm, meyvələr bahalaşıb. Kartofu 90 qəpikdən ucuz tapmaq olmur. Pomidor və xiyar isə baha olması ilə yanaşı, həm də qıtlaşıb. Zirə pomidoru 2 manat, Gürcüstan sortu isə 1 manat 50 qəpikdən ucuz deyil. Kələmin 1 kiloqramı 1 manat, soğan 70-80 qəpiyə alıcı gözləyir.
Kənd Təsərrüfatı Nazirliyi isə hər zaman açıqlamalarında məhsulların kifayət qədər, hətta lazım olanından artıq olduğunu bildirir.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar Ibrahimov da bu fikirdədir: “Həqiqətən məhsul boldur. Sadəcə həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir”.
Deputat hər zamankı kimi, Naxçıvandakı durumu misal gətirib. “Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. Iqtisadi Inkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə, məhsul yoxdur, yalançıdır.
Əlbəttə, Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir", - deyə Komitə sədri vurğulayıb.