Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetinin açılış mərasimində iştirak etmək məqsədi ilə Aşqabad şəhərində səfərdə olub.
İqtidar mətbuatında gedən məlumatlara əsasən, səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Hafiz Paşayev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul edilib.
O, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. H.Paşayev səmimi qəbula və ikitərəfli dostluq münasibətləri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaradılan imkana görə Türkmənistan dövlətinin başçısına təşəkkür edib.
Səfər çərçivəsində H.Paşayev Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Xarici İşlər Nazirliyinin nəzdində olan Beynəlxalq Münasibətlər İnstitutunun rektoru B.Zaxırov ilə də görüşüb. Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak edib.
Mətbuatda bu görüşün əsas səbəbi kimi İnkişaf Universitetinin açılış mərasimi göstərilsə də, heç şübhəsiz ki, Xəzər dənizi məsələləri də danışılmış ola bilər.
Belə ki, artıq bir neçə ildir ki, Xəzərin Azərbaycan sektorunda yerləşən, lakin Türkmənistan tərəfinin mübahisəli hesab etdiyi “Kəpəz” (Türkmənistan tərəfi onu “Sərdar” adlandırır) yatağına görə iki ölkə arasında hələ də soyuq münasibətlər var.
2012-ci ildə iki ölkə arasındakı münasibətlərin ən soyuq ili olmuşdu. Buna səbəb, 2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər. Bu razılaşma Türkmənistan tərəfindən pozularaq, Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən "Kəpəz" yatağında seysmik işlərin aparılmasına başlamaq cəhdi idi.
Türkmənistan və Azərbaycan arasındakı münasibətlər hazır ki, vəziyyətdə öncəki illərlə müqayisədə daha yaxşıdır. Türkmənistan bölgədə, ilk növbədə, dünya əhəmiyyətli zəngin təbii qaz ehtiyatları ilə tanınır. Status və Qərb investisiyalarına münasibətdə Türkmənistanın mövqeyi Azərbaycanın mövqeyi ilə oxşardır. Amma bu yalnız ümumi prinsiplərdə müşahidə olunur.
Lakin milli sektorların sərhədləri məsələsində iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Xəzərlə bağlı bütün regional və beynəlxalq proqramlara həvəssiz qatılan Türkmənistan tərəfi bu günün özündə də anti-Azərbaycan siyasətini davam etdirir. Hətta Türkmənistan bu səbəbdən Bakıdakı səfirliyinin fəaliyyətinə xitam verməkdən belə çəkinməmişdi (Hazırda Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovdur – red.)
Aşqabad hələ də, Xəzərin statusu və neft-qaz kəmərləri məsələsində qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu isə Türkmənistanın regionda gedən proseslərdən kənarda qalmasına səbəb olur. Bununla belə, Türkmənistan hesab edir ki, əsas prinsip dənizin orta hissəsini ümumi istifadədə saxlamaqla milli zonaların müəyyənləşdirilməsi olmalıdır. Əvvəllər İranın təklif etdiyi kondominium (dənizin dibinin sahilyanı ölkələr arasında bərabər bölünməsi) Türkmənistanı qane edirdi. Amma sonradan Xəzəryanı dövlətlərin atdığı addımlar (karbohidrogen resurslarının istismar edilməsi ilə bağlı) Türkmənistanın da mövqeyinə təsir göstərdi.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Hafiz Paşayevin Türkmənistan səfərindən sonrakı addımları zaman göstərəcək.
Məhəmməd Türkmən