Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yüksək inflyasiya bankları necə vurur - ŞƏRH

21-06-2022, 11:35   


Dünyanın mərkəzi bankları inflyasiya ilə uçot dərəcələrinin artırılması vasitəsilə mübarizə apardığı bir zamanda Azərbaycan Mərkəzi Bankı çıxış yolunu bankların izafi likvidliyini aradan qaldırmaqda görüb.

Musavat.com iqtisadçı-ekspert Samir Əliyevə istinadən xəbər verir ki, Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na dəyişiklik edilib: “Dəyişiklik nəticəsində məcburi ehtiyatların normaları (MEN) dəfələrdə artırılıb. Dəyişikliyə görə, milli valyutada depozitlər üzrə MEN 0,5 faizdən 4 faizə, xarici valyutada depozitlər üzrə isə 1 faizdən 5 faizə qaldırılıb. Mərkəzi Bank açıqlamasında bunu inflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədi daşıdığını qeyd edib. Məlumat üçün bildirim ki, 2022-ci ilin mayın 1-i tarixinə bank sektorunda məcburi ehtiyatların həcmi 193.6 milyon manat olub. Yəni bu məbləğ sadəcə Mərkəzi Bankın hesablarında saxlanılır.

İndi isə MEN-nin əhəmiyyətli artımı nəticəsində bu vəsaitin həcmi deposit qoyuluşunun artım tempindən asılı olaraq əhəmiyyətli dərəcədə artacaq. Bu o deməkdir ki, banklar əvvəlki dövrdən fərqli olaraq cəlb etdikləri vəsaitlərin daha çox hissəsini kredit qoyuluşuna yönəltmək əvəzində Mərkəzi Bankın hesabında passiv şəkildə saxlamalı olacaqlar. Bu isə kredit resurslarının maya dəyərini artıracaq. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, bu artım bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044 faiz artırıcı təsir göstərir. Nəzərə alsaq ki, bankların öhdəliklərinin 80.4 faizini depozit portfeli təşkil edir, bu halda artırıcı təsirin daha yüksək olduğu qənaətinə gəlmək olar”.

Ekspert bildirir ki, son dəfə MEN-ə dəyişiklik 2016-cı ildə edilib. Həmin dövrdə xarici valyuta olan depozitlər üzrə faiz dərəcəsi 0,5 faizdən 1 faizə qaldırılmış, qeyri-rezident bank və maliyyə təşkilatlarından, o cümlədən beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş vəsaitlər üzrə faiz dərəcəsi isə 0,5 faizdən 0-a endirilmişdi.

İnflyasiya yüksəlir - Mərkəzi Bank hansı addımlar ata bilər?

Mərkəzi Bankın bu addımının bank sektoruna təsiri isə aşağıdakılar ola bilər:

- MEN faizini kompensasiya etmək üçün banklar, xüsusilə resurs qıtlığı olmayan iri banklar depozit faizlərini aşağı salmağa başlayacaq;

- Xarici valyuta üzrə depozitlərin faiz dərəcələri sıfır həddinə yaxınlaşacaq

- Kreditlərin faiz dərəcələrinin son dövrlər müşahidə edilən zəif aşağı düşməsi tendensiya artımla əvəz oluna bilər;

- Bankların izafi likvidliyi azalacaq, ancaq bu azalma əhəmiyyətli olmayacaq;

- Kiçik və depozitdən yüksək asılılığı olan banklar depozitlər üzrə faiz dərəcələrini saxlamağa çalışacaq, bu isə onların faiz gəlirlərini azaldacaq.

Görünür, uçot dərəcələrinin pul-kredit siyasətinə təsiri sıfır olduğundan Mərkəzi Bank inflyasiya ilə mübarizə vasitəsi olaraq bu addımı atmağa məcbur olub. Ən azı bizim təcrübədə uçot dərəcələrinin işlək mexanizm olmadığı dəfələrlə sübut olunub. Ancaq unutmayaq ki, Azərbaycanda inflyasiya monetar amillərdən qaynaqlanmır, buna səbəb dünya bazarlarında daşınma zəncirinin pozulması və ölkənin idxaldan yüksək asılılığıdır. Milli valyutanın məzənnəsinin dollara münasibətdə sabitliyi inflyasiya idxalını hələ ki minimuma endirir”.

Ekspert qeyd edir ki, MEN dedikdə, bankların cəlb etdikləri depozitlərin məcburi qaydada Mərkəzi Bankda saxladıqları hissəsi nəzərdə tutulur və pul-kredit siyasətinin əsas alətlərindən biri hesab olunur. Ehtiyat normaları kredit təşkilatlarının kredit imkanlarının məhdudlaşdırılması və dövriyyədə olan pul kütləsinin lüzumsuz artımının qarşısının alınması üçün istifadə edilir.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar