Polis bir neçə yas mərasimində ehsan süfrəsi açmağa icazə vermədi

5-09-2014, 14:19   
Polis bir neçə yas mərasimində ehsan süfrəsi açmağa icazə vermədiYas mərasimlərinin dəbdəbədən uzaq, sadə şəkildə keçirilməsi üçün tətbiq edilən qadağalar artıq ölkənin bütün rayonlarında həyata keçirilir.
Rayon icra hakimiyyətləri və yerli polis bütün yas mərasimlərinə ciddi nəzarət edir. İcra hakimiyyətlərinin nümayəndələri yas mərasimləri olan evlərə əvvəlcədən baş çəkərək qoyulan qadağa ilə bağlı xəbərdarlıq edirlər. Daha sonra polis əməkdaşları mərasimlərə gələrək qadağalara əməl edilib-edilmədiyinə nəzarət edir. İcra nümayəndələri mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tapşırıqların dövlət tərəfindən qoyulduğunu bildirərək hər kəsin bu qadağalara qeyd-şərtsiz əməl etməli olduğunu bildirir.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu qadağalara əməl olunmasına Bakıda xüsusilə ciddi nəzarət edilir. Belə ki, sentyabrın 2-də Zabrat qəsəbəsində keçirilən hüzr məclislərinin birində ev sahibi ehsan vermək istəyib. Lakin polis əməkdaşları məsələyə müdaxilə edərək buna imkan verməyib. Mərasim sahibləri buna əvvəlcə etiraz etsələr də sonradan bununla razılaşıblar.
Belə bir xəbərdarlıq Sabunçu rayonu ərazisində bu gün keçiriləcək yas mərasimlərinin sahiblərinə də edilib. Belə ki, sentyabrın 3-də Sabunçu rayonu ərazisində baş vermiş qəzada ölən 6 nəfərdən 4-nün yaşadığı məhəllədə - İlyas Aslanov küçəsində 4 yas çadırı qurulub. Polis əməkdaşları və icra hakimiyyətinin nümayəndələri məclis sahiblərinə ehsan verilməməsi ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, sentyabrın 1-dən etibarən Azərbaycanda hüzr mərasimlərinin keçirilməsinə ciddi nəzarət başladılıb. Dövlət ehsan verilməsi qaydasına nəzarət etməyə başlayıb. İcra hakimiyyətlərinə, yerli din xadimlərinə, axund və mollalara insanların xəbərdar edilməsi ilə bağlı tapşırıqlar verilib.
Dövlətin qərarı ilə yas məclislərində süfrədə yalnız çay, qənd, limon, xurma və halva ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.