Ekspertlər ABŞ-ın münaqişənin həllində Rusiya ilə üz-üzə gələcəyini deyir
Uelsdə NATO-nun sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində keçirdiyi görüşdə səsləndirdiyi açıqlamalar bir sıra suallar doğurur. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, ABŞ dövlət katibi ABŞ-ın münaqişənin həlli üçün hansı istiqamətdə iş aparmalı olduğunu müəyyən etmək üçün prosesi dərindən öyrənmək istəyir. Dövlət katibi sual edib ki, “Amerika ilk növbədə nə etməlidir ki, münaqişəni mövcud vəziyyətdən tezliklə irəli aparaq?”
E.Məmmədyarovun sözlərinə görə, görüşdə belə bir fikir səsləndirilib ki, saziş layihəsi üzərində Azərbaycan və Ermənistan həmsədrlərlə birgə daha substantiv, daha dəqiq işə başlasın. “Əlbəttə, Böyük Saziş layihəsi Madrid prinsipləri əsasında qurulacaq. Görüşlər yalnız görüş üçün olmamalıdır. Biz konkret məsələləri müzakirə etsək də, ilk növbədə Ermənistanın ordusu işğal edilmiş ərazilərdən çıxarılmalıdır. Indiki vəziyyətdə ən böyük problem hərbçilərdir. Təmas xəttində döyüşlər də gedir, hər iki tərəfdən əsgərlər də ölür və bu, qəbuledilməz məsələdir. Ermənistan tərəfi yenə snayperdən danışır, insidentlər məsələsini qaldırır. Azərbaycan isə deyir ki, əsas məsələ ərazidən hərbçilərin kazarmalara qaytarılmasıdır. Ermənistan ordusunun işğal edilmiş torpaqlarda qalmasını Azərbaycan heç vaxt qəbul etməyəcək. Bu isə ən böyük təhlükədir”, deyə E.Məmmədyarov bildirib.
Bəs Kerrinin səsləndirdiyi fikirlər münaqişənin həllinə necə təsir edə bilər? ABŞ-ın bu təşəbbüsünə Rusiyanın mümkün reaksiyası necə ola bilər? Bu sualları ekspertlərə ünvanladıq.
Razi Nurullayev: “Putin hakimiyyətdə olduqca Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişə nail olunacağını gözləmirəm”
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, ABŞ tərəfindən belə bir fikrin səsləndirilməsi müsbət tendensiyadır və Azərbaycan vətəndaşının maraqlarına cavab verir. Çünki, Rusiya münaqişənin həll olunmasını deyil, əksinə onun mövcudluğunun daha da dərinləşdirilməsini istəyir: “Rusiya prezidenti Putin Qarabağla bağlı bir sıra planlarını açıqlayandan, münaqişənin həlli ilə bağlı bir sıra uğursuz cəhdindən sonra ABŞ da fəaliyyətə keçdi. ABŞ Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı manipulyasiya etməməsi üçün problemin həllinə çalışır. Nəticədə ABŞ rəsmiləri bir neçə bəyanat səsləndirdilər. Təbii ki, ABŞ Qarabağ münaqişəsi ilə bağlı müəyyən addımlar atmaq niyyətindədir və bu özlüyündə müsbət haldır. Amma bu addımların konkret nəticə verə biləcəyindən şübhəliyəm. Çünki Rusiya münaqişəni nəzarətində saxlamaqdadır. Rusiyanın Ermənistana ciddi təsiri var”.
Bu baxımdan R.Nurullayev hesab edir ki, ABŞ birtərəfli şəkildə münaqişənin həllinə çalışarsa, o zaman qarşısında Rusiyanı görmüş olacaq. R.Nurullayevin fikrincə, Putin hakimiyyətdə olduqca Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişə nail olunacağı gözlənilmir. “Azərbaycan iqtidarı ABŞ-ın istəyi ilə uyğun gələn siyasət yürüdəcəyi təqdirdə müəyyən irəliləyişlər ola bilərdi. Amma inanmıram ki, Azərbaycan iqtidarı Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın iradəsindən kənar ABŞ-la əməkdaşlıq etmiş olsun. Məhz bu məsələlər açıq qaldığından həll yolu görünmür. Əgər Putin yetərincə zəifləyərsə, ABŞ, Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edərsə, Qarabağ münaqişəsinin həlli nisbətən gerçəkliyə çevrilə bilər”, deyə R.Nurullayev vurğuladı.
Vəfa Quluzadə: “ABŞ münaqişənin həllinə nail olmaq istəyirsə, Moskvaya Ermənistana təzyiq etməsi üçün təsir etsin”
Politoloq Vəfa Quluzadə isə hesab edir ki, münaqişənin həlli ilə bağlı problemə münasibət dəyişməlidir. Həmsədrlərin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul etmədiyini deyən V.Quluzadə vurğuladı ki, eyni zamanda torpaqların işğaldan azad olunmasına məhz Rusiyanın mane olduğu etiraf edilməlidir: “Kerri yalnız bir detalı etiraf edib ki, Ermənistan müstəqil deyil və o Rusiyadan asılıdır. Sülhə doğru atılan addımları həmişə Rusiya darmadağın edib. Rusiya hazırda da ABŞ-ın təşəbbüslərini də puç etməyə qadirdir. Ən əsası odur ki, ABŞ vaxtı ilə Kazimirovun getdiyi yol ilə getməsin. 90-cı illərdə də Moskva ”böyük sülh" planı təklif etdi. Həmin sülh planının 90 faizini tərəflər razılaşdırsalar da Qarabağın statusu və Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi açıq qalıb. Əgər ABŞ münaqişənin həllinə nail olmaq istəyirsə, Moskvaya Ermənistana təzyiq etməsi üçün təsir etsin".
Zahid Oruc: “ABŞ-ın Qarabağ münaqişəsinə fərqli rakursdan yanaşması beynəlxalq münasibətlərdə dəyişən əlaqələrdən irəli gəlir”
Millət vəkili Zahid Oruc isə hesab edir ki, ABŞ-ın NATO-nun sammitində münaqişə tərəflərinin dövlət başçılarını görüşdürməsinin xüsusi bir mənası var. Rusiyanın bundan əvvəl Qarabağ probleminin həlli ilə bağlı müxtəlif görüşlər təşkil etdiyi bir zamanda ABŞ-ın müşahidəçi mövqeyindən çıxış etdiyini deyən Z.Oruc vurğuladı ki, Kazanda keçirilən görüşə qədər ABŞ-dan problemin həlli ilə bağlı xüsusi təşəbbüs gəlməmişdi: “Belə olan təqdirdə Kerrinin iki dövlət başçısının görüşdürməsi, ”böyük sülh sazişi" hazırladıqlarını dilə gətirməsi və müharibəyə “yox” deməsi təsadüfi deyil. Düşünürəm ki, bu Rusiya ilə ABŞ-ın apardığı konfliktin bir hissəsidir. ABŞ-ın Qarabağ münaqişəsinə fərqli rakursdan yanaşması beynəlxalq münasibətlərdə dəyişən əlaqələrdən irəli gəlir".