Berti Foqts niyə istefaya getmir? – Səbəblər

10-09-2014, 16:53   
Berti Foqts niyə istefaya getmir? – SəbəblərSentyabrın 9-da Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Berti Foqtsun komandası evdə Bolqarıstan yığmasını qəbul edib və matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Millimiz məğlub oldu”, “Milli komandamızdan daha bir məğlubiyyət”, “Yenə də qələbə üzünə həsrət qaldıq”, “Daha bir uğursuz oyun” və bu kimi başlıqlı xəbərləri oxumaqdan nə vaxt canımız qurtaracaq?

Daha dəqiq desək, 2008-ci ildən bu yana başımızın üstündə qara bulud yerini almış Berti Foqts nə vaxt istefa edəcək? Görünən budur ki, Foqtsun getmək fikri yoxdur. Ahıl yaşında burada qazandığı pulu heç bir ölkə ona verməz. Hətta onunla bizdən başqa kiminsə çalışacağına da inanmaq çətindir.


Dünənki matçdan sonra keçirilən mətbuat konfransındakı atmosfer bir daha sübut etdi ki, heç kəs onun məşqçi kimi qalmasının lehinə deyil. Amma nədənsə AFFA hələ də Foqtsu saxlamaqda israrlıdır. Bəs buna səbəb nədir? Berti Foqtsun himayədarı kimdir? Onun hələ də millidə qalmasında maraqlı olan və olanlar kimdir?

Bu və bu kimi suallara cavab tapmaq üçün bu sahədə çalışan jurnalistlərlə əlaqə saxladıq.


FutbolPress.az saytının rəhbəri Elçin Cəlilov: “Bertinin göndәrilmәmәsinin çox incә bir sәbәbi var - Azәrbaycanda heç bir AFFA idarәçisinin bunu hәtta dilә gәtirmәyә belə hünәri çatmır. Çünki o vaxt İlham Әliyev dünyanın Top-10 mәşqçilәrinin siyahısını istәyib. Oradan kimi dәvәt ediblәrsә, gәlmәyib. Sonra Top-20 siyahısından seçim elәmәk tapşırığı verilib vә siyahıdan Foqtsun razılığını almaq mümkün olub.
Necә deyәrlәr, o, onun qovulması üçün bu 6 ildә ərzində 66 sәbәb sadalaya bilsәk dә, 6 qram cәsarәt yoxdu ki, bu qәrar verilsin. Hәm dә, Foqts bir az hay-küyçüdür. Adam bir dәfә "Bild"dә demişdi ki, mәni istefaya göndәrsәlәr, UEFA-da Azәrbaycan futbolu haqda danışmağa xeyli әhvalatım var. Bax, bu "әhvalatlar" nә idisә, hәmin vaxtdan Foqtsdan imtina ehtirasları tam öldü”.


İdman jurnalisti Elvin Can Turan: “Bir müddət öncə Foqtsun istefası gündəmə gəldi. AFFA da bu istiqamətdə açıqlamalar verdi. Həmin vaxtlarda Foqts açıqlamasında dedi ki, “Azərbaycan futbolu ilə bağlı UEFA-ya deyə biləcəyim çox şey var”. Söhbət bağlandı və onunla yeni müqavilə imzalandı. Məncə, hər şey aydındır. Foqtsun istefaya göndərilməsi AFFA-nın 8 ildir səhv yolda olduğunu göstərəcək. Foqtsun istefaya göndərilməsi Azərbaycan futbolundakı saxtakarlıqları üzə çıxara bilər. Bu amillər alman çalışdırıcını hələ də postda saxlayır. Rüfət Dadaşov kimi meydanda varlığı və yoxluğu arasında fərq olmayan adamların gəncləşdirmə adı ilə oynadılmasının, Taşkınlar, Özkaralar və digər "xalis azərbaycanlılar"ın milliləşdirilməsinin səhv addım olduğu ortaya çıxacaq. Şəxsən mənə bir mövzu çox maraqlıdır: Ölkə çempionatında hər klubun heyətində bir 21 yaşadək futbolçunun oynamasını tələb edən AFFA onları qoyub Rüfət kimi yararsız gənc oyunçunu oynadan Foqtsun onları doladığını hələ də anlamayıb?”


Komanda.az saytının əməkdaşı Rəşad Müseyibzadə: “Millimiz ölüb, sadəcə fatihəsini verən yoxdur. Dünənki mətbuat konfransında Berti Foqts “4 braziliyalı futbolçudan yararlana bilmərəm” cümləsini işlətdi. Bu Qurban Qurbanova bir atmaca idi. Amma Foqts unudur ki, millidə sonradan milliləşdirilmiş yetərincə futbolçu var və o, milli komandanın məşqçisidir. Əlində daha geniş imkanlar var. Bu kimi atmacalar atmaqdansa öz meydanında hesab 1-1 olarkən oyuna müdafiəçi yox, hücumçu salmaq lazım olduğunu öyrənsə yaxşı olar. Berti Foqts Elxan Məmmədovun kurasiyasındadır. Elxan Məmmədov imkan vermədikcə Foqtsun getməsi çətin məsələdir”.


İdman jurnalisti Zaur Xudiyev: “Biz Foqtsu niyə göndərə bilmirik? Ona görə ki, Foqts öz hesabına dayanmayıb bu vəzifənin başında. AFFA rəhbərliyində təmsil olunan şəxslər arasında onun xüsusi himayədarları var. Bu şəxslər, xüsusilə də Elxan Məmmədov Rövnəq Abdullayevdə elə təəssürat yaradır ki, guya ki, Foqts bizi nə qədər irəli aparıb. Əslində isə dəyişən heç nə yoxdur. Köhnə hamam, köhnə tas. İlk iki ildə 7 xal, daha sonra isə 9 xal hələ də onların əllərindəki bayraqdı. Belə görünür ki, Foqts öz xoşu ilə getməsə onu göndərmək fikirləri də yoxdur”.

Məhəmməd TÜRKMƏN
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.