“PandoDaily” portalı “Apple” mühəndislərinin komandasındakı mənbəyə istinadən yazır ki, ABŞ-ın “Apple” korporasiyası “Path” sosial şəbəkəsini satın ala bilər. O deyib ki, tərəflər kağız üzərində imza atmasalar da, razılığa gəliblər.
“ICTnews" elektron xəbər xidməti bildirir ki, mənbənin iddiasına əsasən, şirkət “Path” sosial şəbəkəsini qismən və ya tamamilə “Messages” mesaj göndərmə xidməti ilə birləşdirmək niyyətindədir.
“Path” sosial şəbəkəsi “Facebook”un keçmiş top-meneceri Deyv Morin və “Napster”in həmtəsisçisi Şon Fenninq tərəfindən hazırlanıb. Xidmət xəbər, foto və musiqi paylaşmaq imkanına malik sosial şəbəkədir. Şəbəkə istifadəçisinin kontaktındakı dost limiti 150-dən çox ola bilməz. Auditoriyası 25 milyon istifadəçi təşkil edir.