Partiyanın tarixi haqqında fantaziya quranlara qısa xatırlatma
Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca siyasi gündəmdə partiya ilə bağlı müzakirələr artıb. Müzakirələrin ən qızğın hissəsi, şübhəsiz, partiya daxilindədir. Müzakirələrin müsbət tərəfi müsavatçıların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna xidmətləri olan Müsavat Partiyasını qorumaq, onu bu günlərin sınağından uğurla çıxarmaq üçün qüvvələrin səfərbər edilməsidir.
Ancaq bəzi müsavatçılar o qədər hissə qapılır ki, özünü Müsavat Partiyasına “bir köynək” də yaxın göstərmək üçün tarixi faktları saxtalaşdırır, hətta bərpa prosesində iştirak etdiyini deyir. Yaşlı və orta nəsil müxalifətçilər Müsavat Partiyasının 71 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycanda yenidən fəaliyyətə başlaması prosesini yəqin ki, xatırlayır. Hissə qapılanların yaddaşlarını təzələmək və nisbətən gənc nəslə, eləcə də oxucularımıza bu haqda dolğun bilgi vermək üçün 1992-ci il iyulun 2-də Müsavat Partiyasının bərpası ilə bağlı bütün prosesi işıqlandırmaq qərarına gəldik.
Müsavat Partiyasının bərpası ilə bağlı proses Ankaradan başlayıb. Bu haqda sənəddə yazılıb:
“71 il mühacirətdəki fəaliyyətindən sonra Müsavat Partiyasının Azərbaycana qaytarılması haqqında. Buna uyğun olaraq Türkiyədəki Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı qərara alır:
1. Müsavat Partiyası Başqanlıq Divanı, 10 iyul 1991-ci il tarixdə keçirmiş olduğu toplantıda 71 ildən bəri mühacirətdə fasiləsiz olaraq milli bağımsızlıq hərəkatına öndərlik edən Müsavatın 80-ci quruluş ildönümü münasibətilə, siyasi fəaliyyətlərinə rəsmən fəal bir surətdə Ana Vətən Azərbaycanda yenidən başlamasına və bu qayda ilə ölkədə təşkilatlanmasına qərar verilir.
2. Birinci maddədəki qərarın işığı altında Müsavatın Azərbaycanda rəsmən yenidən qurulması, təşkilatlanması, yayılması və Azərbaycanın siyasi həyatındakı yerini ala bilməsi istəyi ilə siyahıda adları yazlı şəxslərin Qurucu üzvlər olaraq təsvibinə, Divanın 21 mart 1992-ci il tarixdəki 12 saylı iclasında qərar vermişdir.
3. İkinci maddədəki qərarın həyata keçirilərək, gerçəkləşə bilməsi üçün sayın Nəsib Nəsibzadəyə tam yetki verilmişdir.
4. Müsavat Partiyasının ikinci maddədə bəhs edilən siyahıdakı qurucu üzvləri, partiyanın yenidən quruluş tarixi olaraq 28 May 1992-ci il tarixi qəbul etmələri, siyasi görüş və bağımsızlıq mücadiləmizin təməl fəsəfəsinə uyğun düşəcəkdir. Azərbaycanda Müsavat Partiyasının yenidən rəsmən quruluşu eyni gün həm Bakıda, həm də Ankarada keçiriləcək olan geniş bir mətbuat konfransı ilə bütün dünyaya elan ediləcəkdir.
5. Müsavat Partiyasının yenidən bərpasını təqib edən beş gün içində partiya qurucuları öz aralarında vəzifə bölgüsü apararaq, vəziyyəti, seçimi 21 gün içərisində Divana bildirəcəkdir. Bu rəsmi işlər tamamlandıqdan sonra Azərbaycan Cümhuriyyətində Müsavat Partiyası Divanının uyum içərisində təmsil etmə səlahiyyət və hüququna sahib olacaqdır. Hər cür idarə, sosial təşkilatlanma, maliyyə qaynaq təmini, sərfetmə səlahiyyətinə və bənzəri milli quruluşlarla əlaqə qurmaq səlahiyyətində olacaqdır. Ancaq xarici ilişkilərlə, milli siyasətin təsbitində Divanın görüş və tövsiyələrinə önəm veriləcək, partiya siyasəti strategiyasının təsbit və uyğulamalarındakı istiqamət və taktikalarda Divanın təcrübələrindən yararlanacaqdır.
6. Müsavat Partiyasının III Bərpa Baş Qurultayı çağırılıncaya qədər, partiyanın yenidən bərpası ilə ilgili bütün məsələlərdə qurucu yönətimçilərə partiya Divanınca səlahiyyətlər və imza yetkisi verilmişdir.
7. Bərpa mərkəzi və məhəlli təşkilatlar partiyanın nizamına bağlı qalacaqdır.
8. Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı bu çətin, fəqət çətin olduğu qədər şərəfli bir vəzifədə olan bu Milli-Siyasi sorumluluğu yüklənərək, ulu öndər Məhəmməd Əmin Rəsulzadənin Siyasi Şurasına sahib çıxan dəyərli Gənc Quruculara təqdirini bəyan edir, bu yolda başarılı olacaqlarına inancını bildirir".
1991-ci ildə Ankarada başlanan Müsavat Partiyasının bərpası prosesi təxminən 1 il sonra Bakıda tamamlanır. “Yeni Müsavat” qəzetinin 9 iyul 1992-ci tarixli sayında Müsavat Partiyasının Bərpa Mərkəzinin mətbuat konfransı haqqında xəbərdə yazılıb: “2 iyulda Azərbaycan Xalq Cəbhəsinin qərargahında Müsavat Partiyası Bərpa Mərkəzinin mətbuat konfransı keçirildi. ”Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun apardığı mətbuat konfransında İsa Qəmbərov, Nəsib Nəsibzadə jurnalistlərin suallarına cavab verdilər.
Müsavat Partiyasının bərpası ictimai-siyasi tarixi zərurətdir. Onun proqram əsaslarında müstəqil, demokratik Azərbaycan dövləti, vahid Azərbaycan etnik-mədəni bütövlüyü, azad Qafqaz evi, türk xalqlarının mədəni-siyasi birliyi və sosial-iqtisadi sahədə milli təsanüdün əldə edilməsi kimi yaxın gələcəyin ümdə məqsədləri dayanır.
Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvləri:
Abbas Abdulla
Ağamalı Sadiq
Aydın Balayev
Arif Hacıyev
Vurğun Əyyubov
İbrahim İbrahimov
İsa Qəmbərov
İsmayıl Şıxlı
Məryəm Həsənova
Mirbaba Babayev
Mürşüd Məmmədov
Nəsib Nəsibzadə
Niyazi İbrahimli
Niyazi Mehdi
Rafiq İsmayılov
Rauf Arifoğlu (Şenol)
Rizvan Hüseynov
Sabit Bağirov
Sədrəddin İsmayılov
Tofiq Qasımov
Yusif Səmədoğlu
Şövkət Tağıyeva
İxtiyar Şirinov
28 iyunda Müsavat Partiyası Bərpa Mərkəzinin ümumi yığıncağında rəhbər orqanlar seçilib. Seçkilərin nəticələri:
Sədr - İsa Qəmbər
Birinci katib - Nəsib Nəsibzadə
Təşkilati işlər üzrə katib Sabit Bağırov
İdeoloji işlər üzrə katib - Aydın Balayev
Maliyyə işləri üzrə katib - Məryəm Həsənova
Mətbuat işləri üzrə katib - Rauf Arifoğlu
Əlaqələr üzrə katib - Niyazi İbrahimli
Nəzarət qrupunun sədri - Vurğun Əyyubov
Nəzarət qrupunun üzvləri - Şövkət Tağıyeva və Rizvan Hüseynov seçilib".
Tarixi sadəcə yaratmaq yox, yazmaq da gərəkdir. Ən azı gələcəkdə ona sahib çıxanlar buna haqqı çatanlar olsun deyə.
Aygün MURADXANLI