“İŞİD amerikalı jurnalistlərin başını kəsərkən düşünürük ki, dünya buna qarşı nə isə etməlidir”. APA-nın məlumatına görə, bunu bu gün I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində keçirilən “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir söyləyib.
İsmail Demir bildirib ki, güclü dövlətlər ədalətsizlik hissi yaratmamalıdırlar: “Adi insanlarda ədalət hissləri var, dövlət başçıları, siyasətçilər isə bəzən bu hissi itirirlər. Biz hamımız günahsız insanların öldürülməsinə, onlara işgəncə verilməsinə qarşı çıxış etməliyik. Mən 1990-cı ildə azərbaycanlı qaçqınları görəndə çox təsirlənmişdim”.
Türkiyənin Azərbaycana qardaş dövlət olduğunu deyən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev isə bildirib ki, böyük dövlətlər tərəfindən Azərbaycana qarşı ədalətli yanaşma olmayıb: “Biz dövlətimizə, xalqımıza, qardaşlarımıza arxayınıq”.