DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi İlham Mirzəyevi həbs edərkən seyf ofisdə qalıb
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər- Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmirov iştirak ediblər. Hakim hazırkı iş üzrə dövlət ittihamını Bakı şəhər Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəriman Babayevin, İ.Mirzəyevin hüquqlarını isə vəkillər Xanlar Bayramzadə və İkram Abdullayevin müdafiə etdiyini elan etmişdir.
Amma maraqlıdır ki, İ.Mirzəyev məhkəmənin hazırlıq iclasında söz alaraq prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəmişdi. Lakin jurnalistlər də hesab edir ki, onun bu vəsatəti təmin olunmamalıdır, çünki onun dələduzluğu ictimai əhəmiyyət daşıyır və ictimaiyyət bu cinayətin motivlərini mətbuatdan oxuyub xəbər tutmalıdır. Bu isə hər kəsin konstitusion hüququdur, məhdudlaşdırıla bilməz.
Amma bildiyiniz kimi, «Təzadlar» İlham Mirzəyevin dələduzluq cinayəti üzrə İttiham Aktını əldə etmişdir. Həmin materialın birinci hissəsi saytımızda da dərc edilib.
Bu cinayət işi ilə bağlı «Təzadlar»a inanılmaz fakt daxil olub. Məlumatlı mənbə bildirir ki, sən demə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları hal şahidləri ilə birlikdə İlham Mirzəyevi ofisində aldatdığı vətəndaşın pulunu ələ keçirərkən cinayət başında yaxalanıb və həbs edilərkən onun seyfindəki 500 min manat puldan xəbərsiz olublar. Daha doğrusu, onlar bir səbəbdən seyfi özləri ilə aparmaq istəyindən tam təsadüfən imtina ediblər. Faktiki olaraq onlara bir hadisə mane olub. Bəs həmin hadisə necə baş verib?
Bu hadisənin səbəbləri barədə məlumatı qəzet bir qədər sonra yayaçağını aşıqlayıb. Həmin məlumatı da saytımızda yerləşdirəcəyik.