ABŞ-ın “The Hill” qəzeti: Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamağa davam edir və post-sovet məkanında sülhə təhdid yaradır
ABŞ-ın “The Hill” qəzetinin saytında “Ermənistan həmişə təcavüzkar olub” başlıqlı məqalə dərc edilib. APA-nın məlumatına görə, Amerika Azərbaycanlılar Şəbəkəsinin (USAN) hərbi analitiki olan Denis Jaffe bundan əvvəl “The Hill”də Ermənistanın Azərbaycanı raketlə hədələməsini qeyd etmiş və “Amerikalılar Artsax üçün” cəmiyyətinin icraçı direktoru Mark Dietzen tərəfindən tənqid olunmuşdu.
D. Jaffe son yazısını M. Dietzenin 4 sentyabr tarixində yazdığı “Ermənistan yox, Azərbaycan təhdid edir” başlıqlı məqaləsindən xatırlatma ilə başlayır və qeyd edir ki, Azərbaycanın guya erməniləri təhdid etdiyi iddiası münaqişənin səbəblərini gizlətməyə yönəlmiş klassik yanaşmadan doğur. Məsələni dərindən araşdırmağı təklif edən D. Jaffe Azərbaycan torpaqlarının işğal altında olmasını və çoxlu sayda azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini yada salır: “Bunu mənim sözlərim kimi anlamayın, bu barədə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri var”.
Müəllif qeyd edir ki, Ermənistan BMT-nin qətnamələrini yerinə yetirməkdən boyun qaçırsa da, ABŞ-dakı erməni lobbisindən və başqa bir güclü dövlət olan Rusiyanın siyasi və hərbi yardımından həvəslənib: “Azərbaycandan gəldiyi iddia olunan müharibə təhdidləri əslində artıq 20 ildir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan tərəfindən nümayiş olunur. Və bu təhdidlərin tarixi heç də Mark Dietzenin dediyi kimi, 2014-cü il avqustun 8-də başlamayıb. Avqustun 7-də Mingəçevir Su Elektrik Stansiyasını dağıtmaqla hədələyən Ermənistan hökuməti öz cavabını avqustun 8-də Azərbaycanın müdafiə nazirliyi tərəfindən aldı. Lakin qarşı tərəf Azərbaycanın cavabını əsas götürərək, onu təhdidlərdə ittiham edir. Heç bir lobbi, heç bir Rusiya-Amerika razılaşması Ermənistanın təcavüzkar olması faktını dəyişə bilməz. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamağa davam edir və post-sovet məkanında sülh üçün təhdid yaradır”.