Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.
İddia ərizəsində A. Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb. İttiham ərizəsi və qarşı tərəfin iddiaları ilə bağlı “Yeni Müsavat” qəzetinin 12 sentyabr tarixli sayında geniş məlumat dərc olunacaq.
Musavat.com oxucuları üçün A.Məmmədovun bu addımına Rauf Arifoğludan rəy öyrəndik. Baş yazar bildirdi ki, məhkəmə 8 sentyabra təyin edilib: “ Bizim bundan xəbərimiz olmayıb, ona görə də iştirak etməmişik. Bu gün öyrəndik ki, qarşı tərəf də 8 sentyabrda məhkəmə prosesinə gəlməyib. İddia ərizəsi ilə tanış oldum. Bunlar rəsmən məni susdurmaq istəyirlər. Məmmədovlar müxbirimizi döydürüb, indi də məni həbslə hədələyirlər. Anar Məmmədov şəxsən Cinayət Məcəlləsinin 3 maddəsi ilə mənə cinayət işi açmağı məhkəmədən tələb edir. Bunların gözünü kin, nifrət, qəzəb elə örtüb ki, nə etdiklərinin fərqində belə deyillər. Azərbaycan dövlətini yenə də bütün dünyanın “Diffomasiya demoqoqiyası”na hədəf edəcəklər. Ölkə rəsmiləri israrla dünyaya bəyan edirlər ki, diffomasiyaya görə həbslər yoxdur, neçə ildir ki, heç məhkəmə prosesi də keçirilmir; bunlar isə tam əksini edir və Azərbaycan iqtidarını arqumentsizləşdirirlər. Lakin düşünürəm ki, bəlkə də belə yaxşıdır. Bu proses ölkəmizdə “Diffomasiya haqda qanun”un qəbul olunmadığını yenidən gündəmə gətirəcək və problemli yerimizi nümayiş etdirəcək.
Rauf Arifoğlu deyir ki, bu cür proseslər onun üçün adi haldır: “Mənimlə bir çox nazirlər illərlə mübarizə aparıblar, məhkəməyə veriblər, pislik ediblər, zərər vurmağa çalışıblar. Onlardan sonuncusu da Səfər Əbiyev idi... Kimsənin mənimlə düşmənçilikdən xeyir tapdığını görmədim. Bu qəzet 25 il tarixi olan bir Azərbaycan əfsanəsidir; həm də sehrli bir energetikaya malikdir. Özünü oraya pis niyyətlə toxuyan zərər çəkir; yaxşı niyyətlə yaxınlaşan fayda tapır”.
Baş redaktor bildirir ki, onlar gələn həftədən etibarən müdafiə taktikası quracaqlar: “Anar Məmmədov gənc iş adamıdır. Gedir, Amerikada yabançılarla münasibət qurur, lobbi təşkilatları ilə təmas yaradır və sair. Amma ölkə daxilində hər zaman media ilə gərginlik içindədir, işini və münasibətlərini qura bilmir. Amerikalılara gələndə, başqa üzlərini göstərirlər, bizimlə isə hər zaman zor dilində danışmağa çalışırlar, əzmək, bitirmək niyyəti güdürlər. Necə münasibət göstərəcəklər, o cür də münasibət görəcəklər”.
Hüquqşünasımız Vaqif Hüseyn deyir ki, iddia ərizəsində göstərilən maddələr Rauf Arifoğlu üçün həbs təhlükəsi yaradır.
musavat.com