“Rusiya Qarabağa qoşun yeritmək istəyir”

13-09-2014, 12:08   
“Rusiya Qarabağa qoşun yeritmək istəyir”Amerikalı professor Brenda Şaffer Soçi görüşünün məqsədini açıqladı

“The New York Times” qəzeti Rusiyanın yeni Qafqaz siyasəti haqda müəllif yazısı ilə çıxış edib. Yazının müəllifi Azərbaycanda yaxşı tanınan Amerika doğumlu Brenda Şafferdir. B.Şaffer bir müddət Azərbaycan Diplomatik Akademiyasında çalışıb. Professor Şaffer “Enerji Siyasəti” kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir.


Qərb dilləri ilə yanaşı rus, türk və Azərbaycan türkcəsini yüksək səviyyədə bilir. Müəllif yazısında bildirir ki, rəsmi Moskvanın Ukraynadan sonra göz dikdiyi yerlərdən biri də Qafqazdır:

“Ukrayna Rusiyanın suyu bulandırdığı yeganə yer deyil. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Rusiya sərhədyanı bölgələrdə həmişə separatizmi dəstəkləyib. Bu dəstəyin isə səbəbi o olub ki, Rusiya bu yolla həmin ölkələri öz nəzarətində saxlamaq istəyib. Onlara öz iradəsini bu yolla diktə edib. Artıq cənubi Qafqazda belə bir proses yenidən gündəmə gəlir”, deyə müəllif yazır.

“Artıq neçə həftədir ki, Moskva Ermənistanla Azərbaycan arasında olan köhnə münaqişəni alovlandırmağa çalışır. Eyni zamanda özünü hər iki tərəfə sülhsevər hakimi-mütləq qismində sırımağa çalışır. Avqust ayında bu ölkələr arasında yenidən güclənən münaqişə zamanı hər iki tərəfin itkilərinin birgə sayı 40 nəfər olmuşdu” deyə, məqalədə deyilir.
Yazıdan iqtibas etdiyimiz bu məqamda da düşündürücü şeylər çoxdur: “Həllini tapmamış münaqişəni Rusiya ”dondurulmuş münaqişə" adlandırır. Və bu amil Rusiyaya hər iki ölkəni şantaj etmək üçün fürsət verir. Rusiya isə göründüyü kimi, bu ölkələrin Qərblə yaxınlaşmasına imkan vermir. Bu ölkələr də Qərbə yaxınlaşmağa ehtiyat edirlər, qorxurlar ki, Moskva onları Qərbə meylləndiklərinə görə ağır cəzalandıra bilər.

Münaqişə zonasındakı qanlı olaylardan sonra tərəflər avqustun 10-da Soçidə görüşdülər. Həmin görüş zamanı Putinin əsas istəyi o idi ki, Ermənistanla Azərbaycan arasında Rusiya sülhməramlılarının yerləşdirilməsinə nail olsun". Yazı müəllifində olan məlumatlara görə, Ermənistanla Azərbaycan arasında baş vermiş son qanlı olaylara rəsmi İrəvan rəvac verib. Ermənistan Azərbaycana hücum edəndə ölkə prezidenti də, müdafiə naziri də Bakıda olmayıb. Onun fikrincə, Rusiyanın icazəsi olmadan Ermənistan belə irimiqyaslı təxribata cəsarət etməzdi.

“Cənubi Qafqazda stabilliyin pozulması Avropaya gedəcək nəhəng qaz xəttinin çəkilişini əngəlləyə bilər. Həmin qaz xəttinin çəkilişinə isə 2013-cü ildə qərar verilib. Orta Asiyadan da gələn neft və qaz məhz buradan Avropaya nəql edilir. Avropa Rusiyadan qaz asılılığını azaltmaq üçün bu xəttə çox ümidlə baxır. Çünki bu xətt Rusiyadan kənarda qalan bir xətdir. Qərb imkan verməməlidir ki, Rusiya 2008-ci ildə cənubi Osetiyanı və Abxaziyanı Gürcüstandan ayırdığı kimi və elə bu yaxınlarda Krımı Ukraynadan qopardığı kimi cənubi Qafqazda da yeni əraziləri ələ keçirsin”, müəllif bölgənin Qərb üçün önəmini belə dəyərləndirir.

Brenda Şaffer yazır ki, Rusiyanın Soçidə təşkil etdiyi görüşü Amerika hökumətinin alqışlamasını eşitmək onun üçün çox gözlənilməz olub: “Doğrudanmı Gürcüstan və Ukraynada baş verənlər ABŞ üçün dərs olmadı? Qafqazda münaqişədən yayınmaq və Putinə əlavə arqumentlər verməmək üçün prezident Obama Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməlidir. Amerika prezidenti bununla göstərməlidir ki, ABŞ cənubi Qafqazı taleyin ümidinə buraxmayıb”.

Yazıda qeyd olunur ki, SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağda 90 min insan yaşayırdı. Onların əksəriyyəti xristian erməni idi. Onlar isə müsəlman Azərbaycanın tərkibində yaşamışdı. Bu münaqişə zamanı isə 30 min insan öldürüldü. Üstəlik, Ermənistan silahlı qüvvələri faktiki Rusiyanın nəzarətinə keçdi. Ermənistanın hava sərhədləri də Rusiyanın əlindədir, iqtisadiyyatı da, infrastrukturları da Rusiyadan asılıdır.

Məqalə müəllifi yazır ki, Soçi görüşü də heç bir konkret nəticə əldə olunmadan başa çatıb. Bundan əvvəl isə Ermənistan bəyan etmişdi ki, Avropa Birliyi ilə müttəfiqlik səviyyəsində əməkdaşlıqdan imtina edir və Moskvanın təklif etdiyi Avrasiya İqtisadi Birliyinə maraq göstərir.

“Vaşinqton bütün bu münaqişələrə görə Rusiyanı açıq şəkildə günahlandırmalıdır və imkan verməməlidir ki, Rusiya qondarma ”sülhyaratma" bəhanəsi ilə öz qoşunlarını Cənubi Qafqaza yeritsin. Dağlıq Qarabağ nə qədər uzaq görünsə də Rusiya həmin münaqişədən yenidən istifadə edərək dağılmış imperiyanı yenidən bərpa etməyə cəhd edir. Əgər Cənubi Qafqaz öz suverenliyini Rusiyanın xeyrinə itirsə, bu, Amerikanın onsuz da məhdudlaşan təsir dairəsinə öldürücü zərbə vura bilər. Bu isə Amerikanın postsovet regionundan kənara atılması demək olardı" deyə, müəllif qeyd edir.

Elbəyi HƏSƏNLİ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.