"Fələstində atəşkəsin bərpasında Türkiyə məhsuldar rol oynayıb"
Fələstində atəşkəs danışıqlarında Türkiyənin HƏMAS-la əlaqələri məhsuldar rol oynayıb.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu Departamentin sözçüsü Mari Harf keçirdiyi brifinqdə deyib.
Jurnalistlərin Türkiyənin HƏMAS-la “şübhəli münasibətləri” barədə sualını şərh edən M. Harf bildirib ki, Türkiyənin Qəzza böhranının nizamlanmasında rolu müsbətdir və ABŞ bu ölkəyə regionda müttəfiqi kimi baxır: “Türkiyə NATO ölkəsidir. Terrorizmə qarşı mübarizədə Türkiyə ilə sıx əməkdaşlığımız mövcuddur. Hazırda isə “İraq Şam İslam Dövləti” qruplaşmasına qarşı mübarizədə əməkdaşlığımız gündəmdədir. Onlar bizim HƏMAS-la bağlı mövqeyimizi bilirlər, lakin bu, İŞİD məsələsindən ayrıdır”.
O, əlavə edib ki, Türkiyə regionun sabitliyində önəmli rol oynaya bilər, İraq məsələsində Türkiyənin tərəfdaşlığı rəsmi Vaşinqton üçün çox önəmlidir.