Türkiyədə psixotrop preparatların reseptsiz satışı qadağan olunacaq. Bu barədə ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bəyan edib. Trend xəbər verir ki, xəbəri çərşənbə axşamı “Anadolu” agentliyi yayıb.
Nazirin sözlərinə görə, bu, narkomaniyaya qarşı mübarizənin sərtləşməsi ilə bağlıdır.
Türkiyə Narkotiklərin və Narkomaniyanın Monitorinqi Mərkəzinin (TUBİM) açıqladığı rəqəmlərə görə, ölkədə narkotik istifadəçilərinin minimal yaşı 13, maksimal yaşı 65, orta yaşı isə 36-dır.
TUBİM-in məlumatında deyilir ki, 15-24 yaş arası narkotik istifadəçiləri ölkə əhalisinin 2,9 faizini, 25-44 yaş - 2,8 faizini, 45-64 yaş isə 2,3 faizini təşkil edir.
Mərkəzin məlumatına görə, 2013-cü ildə Türkiyədə 5214 nəfər narkotik asılılıqdan müalicə olunub. Ölkədə narkotiklərdən müalicə üzrə 22 mərkəz var.
Məlumata əsasən, Türkiyədə həbs olunanların 18 faizi narkotik maddə alverçisidir ki, onların da sayı 23 738 nəfər təşkil edir.
Qeyd edək ki, son 4 ildə İstanbulda narkotik vasitələrin istifadəsinə və satışına görə 316 466 nəfər saxlanılıb.