Zaur Hüseynovun fəaliyyəti Metropolitendə "budka reforması"ndan o yana keçmədi
Ötən gün metronun “Dərnəgül” və “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq olub.
Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlar təxliyə edilib. Qatar depoya göndərilib. Sərnişinlərin boşaldılması və yeni qatarın gəlməsi təxminən 5-6 dəqiqə gecikməyə səbəb olub. Gecikmə digər stansiyalarda da hiss edilib.
Belə xəbərlər artıq son günlər sanki dəb halına düşüb. Bakı metropoliteninin fəaliyyətində baş verən belə “qəzalar” durmadan artır. Ümumiyyətlə metropolitenin yarıtmaz fəaliyyəti isti yay günlərində özünü daha parlaq göstərdi. Qatarların gecikməsi, sıxlıq sərnişinlərə yer altında əsl cəhənnəm yaşadırdı. Bəs görəsən metropolitenin rəhbərliyi, xüsusil də bu vəzifəyə yeni təyin olunan Zaur Hüseynov aradan keçən müddət ərzində hansı işlərlə məşğul olublar.
Azərbaycan praktikasında belədir ki, vəzifəyə təyin olunan şəxs dərhal özünün “islahatçı” imicini formalaşdırmaq üçün tədbirlər görür. Elə Zaur Hüseynov da belə başlamışdı. İşə başlar başlamaz metro stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinə qarşı savaş elan etdi. Daha sonra isə Tağı Əhmədovdan “qalma” kadrlarla mübarizə başlandı.” Köhnə qvardiyadan” olan məmurlar bir-bir vəzifədən çıxarıldı və... Metropolitendə ən mühüm postlara Zaur Hüseynovun yaxınları, silahdaşları gətirildi. Elə Zaur Hüseynovun “islahatları” da bununla nəticələndi. “İslahatların” nəticəsi o oldu ki, “yeraltı dünyada” qohumlardan ibarət bir komanda formalaşdı. Artıq bütün vəzifələrin əksəriyyəti Zaur Hüseynovun yaxın adamlarının əlində cəmləşib.
Təsadüfi deyil ki, vəzifə təyinatından az sonra rəsmi qəzetlərdə belə onun haqqında tənqidi yazılar getməyə başladı. Millət vəkili Etibar Hüseynov isə onun fəaliyyətinə belə qiymət verib:
“Zaur Hüseynovdan gözləntilər özünü doğrultmadı. Adam gələndən Metropolitendə "budka reforması"ndan o yana bir iş görə bilmədi. Həç o işi də əməlli-başlı sona çatdırmadı. Nail ola bildiyi isə Tağı Əhmədovun atasına rəhmət oxutdurmağıdı, vəssəlam...”
Zaur Hüseynov həm də “mətbuatın dostu” olan məmurlardandır. Onun KİV-lərə olan münasibəti məhşuri-cahandır. Tamamilə mətbuata qapalı olan bu şəxs “yerin altında baş verənlər elə burada da batmalıdır” prinsipi ilə işləyir. Ancaq yer altında baş verənlər heç də xeyrimizə deyil. Metro sadə təbəqənin ən çox istifadə etdiyi ictimai nəqliyyatdır. Lakin, onun fəaliyyəti artıq acınacaqlı duruma düşüb. İndi sərnişinlər qatarlara qorxa-qorxa minirlər. Hər an tuneldə qalma, nasazlıq təhlükəsi gözlənilir. Bəs görəsən Zaur Hüseynov bütün bu nöqsanları nədən aradan qaldırmır. Metronun problemləri “budkalar”, reklam lövhələri, yaxud dilənçilər idimi? Hər halda Bakının dillər əzbəri metrosu çətin duruma düşüb. Sabah Allah eləməsin baş verəcək hər hansı qəzadan heç kim sığortalanmayıb.
Sonda Zaur Hüseynovdan soruşmaq istərdik ki, bir dəfə də olsun maraqlanıbmı ki, metroda qatarlar “o yana gedir, bu yana gedir, bu gedişlə hayana gedir”?