Məlum olduğu kimi, fevralın 21-də Vladimir Putinin Rusiya Federal Məclisinə gecikmiş də olsa, ənənəvi illik müraciəti olacaq. Bu gün məlum olub ki, eyni gündə də ABŞ Prezidenti Co Baydenin Varşavada çıxışı baş tutacaq. Baydenin 20-22 fevralda Polşaya səfəri gözlənilir və belə görünür ki, həmin səfər çərçivəsində ABŞ Prezidenti əsas çıxışını məhz fevralın 21-ə, Putinlə eyni günə təyin edib. Ümumilikdə isə hər iki çıxış həm də simvolik xarakter daşıyacaq və Ukraynada davam edən savaşın ildönümünə həsr olunacaq...
Əslində isə Ukraynada başlayan və bir ildir davam edən müharibə nə Putinin, nə də Baydenin “dünya lideri”, yaxud “tarixi şəxsiyyət” və s. bu kimi adlara, statuslara layiq olmadıqlarını göstərdi. Hər iki lider həm Ukraynaya böyük faciələr, dağıntılar gətirən, həm Avropanı, həm Rusiyanı, həm də bütövlükdə dünyanı olduqca çətin diuruma salan, təkcə iqtisadi, siyasi, hərbi və s. deyil, həm də mənəvi böhran yaradan, dünyanı nüvə fəlakəti təhlükəsilə üz-üzə qoyan bu müharibənin baş verməməsi üçün öncədən heç bir ciddi səy göstərmədilər. Bunun nəticəsidir ki, artıq bir ildir Ukraynada qan axıdılır və bütün bəşəriyyət bundan ziyan görür.
Heç biri yumşaq desək, cavan olmayan bu liderlər - biri boyunu aşan eybəcər, qeyri-insani hikkəsi, digəri isə qətiyyətsizliyi, iradəsizliyi və ziyanlı hiyləgərliyi ilə hazırda yüz minlərlə, belə getsə, hətta milyonlarla gəncin həyatını, gələcəyini qaranlığa çevirəcək bir savaşın fitilini yandırmış oldular...
Hələ ilk başdan ABŞ və onun indiki rəhbərliyi bir növ müharibənin başlamasında maraqlı tərəf təsiri bağışladı. Savaşdan aylar öncə Bayden başda olmaqla, ABŞ rəhbərliyi Ukraynanı xəbərdar etməyə başladı, dəfələrlə məlum bəyanatlarla, kəşfiyyat məlumatları ilə çıxış etdi.
Ancaq Rusiyanı real olaraq dayandırmaq üçün heç bir ciddi addım atmadı. Hansı ki, bunun üçün saysız-hesabsız siyasi, hərbi, iqtisadi və s. imkan və vasitələri vardı. Ancaq bunların demək olar, heç birindən lazımınca istifadə etmədi.
Artıq savaş başlayanda isə heç olmasa Ukraynanı dərhal müdafiə etmək əvəzinə, onun Prezidentinə Kiyevdən qaçmağı təklif etdi.
Müharibənin davam etdiyi bir il ərzində yürütdüyü siyasətə gəlincə, bu, sanki Ukraynanın nə məğlub olmasına, nə də tam qələbə çalmasına imkan verməməyə, Rusiyanı milyonlarla ukraynalının həyatı, əzabları, qanı hesabına zəiflətməyə xidmət edir. Bir sözlə, bütün pafoslu bəyanat və çıxışlara rəğmən, birinci yerdə ABŞ-ın və Qərbin siyasi maraqları durur, ukraynalıların həyatı isə heç ikinci dərəcəli də deyil...
Putin və onun qəti, dönməz şəkildə bataqlığa çevirdiyi Rusiya haqqında isə heç danışmağa dəymir. 21-ci əsrdə işğalçılıq savaşına başlamaq, Rusiyanı ən geridə qalmış, barbar tayfalarından da betər toplum sifətində bütün dünya qarşısında biabır etmək, hansısa mücərrəd imperiyaçılıq, hakimiyyət və digər ağlasığmaz maraqlar naminə əsrlər boyu “qardaş” adlandırdığı xalqa qarşı əsl soyqırım törətmək, şəhərlərini, kəndlərini viran, insanlarını bilərəkdən qışın ortasında işıqsız, istiliksiz qoymaq, milyonlarla vətəndaşı öz yurd-yuvasından didərgin salmaq, yüzminlərlə gəncin, qadının, uşağın, qocanın qətlinə, şikəst olmasına bais olmaq və s. Putinin adını dünya və Rusiya tarixinə ən miskin və ziyanlı fiqur kimi salacaq. Artıq salıb da...
Və bütün bunlardan sonra bəşəriyyəti nüvə müharibəsinin, az qala məhvin astanasına gətirən bu liderlər - Putin Moskvada, Bayden isə Polşa paytaxtında insanların, bütün dünyanın, bəşəriyyətin qarşısına çıxaraq, nəsə deyəcəklər. Hansısa pafoslu çıxışlar edəcəklər, şüarlar səsləndirəcəklər, çağırışlar edəcəklər və s. Yəni, qətiyyən utanmayacaqlar, deməyə sözləri, danışmağa üzləri olacaq. Onların başına yığılan insanlar isə bu “dahi liderləri” alqışlayacaqlar...
Ölməz Hüseyn Cavidin dünyanın “bir kor abdala və bir dəli topala” qaldığı barədə məşhur ifadəsini yada salmaq heç də xoş deyil, ancaq təəssüf ki heç nə dəyişməyib və hazırda eyni faciəvi mənzərəni yaşamaqdayıq...
Cəlal Məmmədov
“AzPolitika.info”