Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi iclasda zəlzələnin ağır nəticələrinin aradan qaldırılması istiqamətində işlərin sürətlənməsi barədə göstərişlər verib.
Axar.az xəbər verir ki bu barədə Türkiyə mediası yayıb.
Ehtimal olunur ki, iclasda illərdir müzakirə olunan Təbii Fəlakət Nazirliyinin yaradılması yenidən gündəmə gətirilib. Belə ki, təbii fəlakətlərlə, xüsusilə zəlzələlərlə daha effektiv mübarizə aparmaq hədəflənir.
Bundan başqa, mümkün İstanbul zəlzələsinə hazırlıq üçün addımların atılması da müzakirə olunub. Həm bölgədə, həm də İstanbulda işlərin eyni vaxtda necə həyata keçirilə biləcəyi araşdırılacaq.
Həmçinin, bu prosesdə zəlzələ bölgəsindən uzaq və limanlara yaxın, Orta Anadoluda 2 milyon əhalisi olan şəhərlərin qurulması təkliflər sırasındadır. Bu çərçivədə tikiləcək şəhərlər sıfırdan qurulacaq. Mədəniyyət evlərindən tutmuş xəstəxanalara qədər hər şey bir-bir planlaşdırılacaq. Avtomobil və dəmir yolları çəkiləcək. İstanbul və ətrafdakı bəzi fabriklərin zamanla bu yerlərə köçürüləcəyi gündəmə gələ bilər.
Eyni zamanda, Adıyaman şəhər mərkəzinin bir hissəsinin başqa yerə köçürülməsinə qərar verilib. Şəhər daxilində 1485 bina tamamilə söküləcək. Adıyamanda araşdırmalar aparan Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum, Adıyaman Bələdiyyə sədri Süleyman Kılınç və rəhbərlik etdiyi nümayəndə heyəti şəhərdə tikiləcək yeni binaların yerini də müəyyənləşdirib. TOKİ tərəfindən Adıyamanda inşası planlaşdırılan 30 min bina ilk etapda şəhərin şimalındakı Karadağ yaxınlığında tikiləcək.