Avropaya mesaj, Rusiyaya xəbərdarlıq - Baydenin gizli səfərinin əsl məqsədi nədir?

20-02-2023, 18:36   


“ABŞ prezidenti Cozef Baydenin Ukraynaya səfər edəcəyi barədə xəbər ilk dəfə yayılanda ABŞ dövlət qurumları təkzib vermişdilər. Səfərin gizli təşkil edilməsi, Ukrayna-Rusiya müharibəsinin 1 illiyi ərəfəsində reallaşması diqqətçəkicidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli C.Baydenin Kiyev səfərini şərh edərkən bildirib.

O, qeyd edib ki, Qərb blokunun lideri kimi ABŞ prezidentinin səfəri bütövlükdə kollektiv Qərbin dəstəyini nümayiş etdirir:

“Bu səfər həm siyasi, həm də hərbi dəstəyin göstəricisi, eyni zamanda Rusiyaya xəbərdarlıq idi. Bayden çıxışında bildirdi ki, ABŞ Ukraynaya bundan sonra da lazımi qədər dəstək olacaq”.

Siyasi şərhçi qeyd etdi ki, səfər həm də Avropalı tərəfdaşlara mesaj idi:

“ABŞ-dan fərqli olaraq aparıcı Avropa dövlətləri arasında Ukraynaya dəstək məsələsi ilə bağlı bir qədər fərqli mövqe var. Bu baxımdan Bayden həm də Avropa ölkələrinə Ukraynaya bütün müstəvilərdə dəstək olmaları üçün mesaj verdi. Ən mühüm mesaj isə təbii ki, Rusiyaya verildi. Rusiya yəqin ki, bu mesajı aldı. Hələ ki, rəsmi mövqe bildirilməsə də, sosial mediadan göründüyü qədər ruslar bu səfərə kifayət qədər sərt yanaşırlar. Onlar bunu Rusiyanın alçaldılması kimi dəyərləndirirlər. İndiki məqamda Rusiyanın hansı reaksiyanı verəcəyini təxmin etmək çətindir. Reallıq onu göstərir ki, artıq Rusiyanın geniş imkanları yoxdur. Ukraynanın şərq vilayətlərini işğal etməklə Rusiya hərbi, iqtisadi baxımdan zəiflədi. Müharibə isə davam edir. Buna görə də yekun strateji nəticələrdən danışa bilmərik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.