“MÜHARİBƏ PUTİNİN SON KARTIDIR...” – “Nüvə raketlərini London, Berlin və Vaşinqtona tuşlayacaq”

21-02-2023, 09:54   




“Putinin gücünün 90 faizi onun güclü olduğunu qəbul etməkdən irəli gəlir”


Vladimir Putin ilk dəfə prezident seçiləndə Rusiya Qərblə yaxşı əlaqələrə, ABŞ xalqından daha savadlı əhaliyə, nəhəng təbii sərvətlərə, güclü sənaye bazasına və zəngin mədəniyyətə sahib idi. Əgər Rusiya düzgün idarə olunsaydı, indi Almaniya və ya Yaponiya kimi güclü iqtisadiyyata sahib ola bilərdi. Ancaq Putinin idarəçiliyi dövründə iqtisadiyyat xeyli gerilədi və indi Rusiya iqtisadiyyatı ölçüsünə görə ABŞ-ın Nyu-York ştatıyla eyni böyüklükdədir. Çünki Putin və təxminən minə yaxın adamı 22 il ərzində Rusiya dövlətindən ən azı 1 trilyon dollar oğurlayıblar. Bu, xəstəxanalara, məktəblərə, yollara və digər ictimai xidmətlərə xərclənməli olan puldur. Əvəzində bu pullar yaxtalara, şəxsi təyyarələrə və dəbdəbəli villalara xərclənib, xarici bank hesablarına yatırılıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu bir zamanlar Rusiyada ən böyük xarici yatırımçı olan “Hermitage” Fondunun rəhbəri, maliyyəçi Bill Brovder Britaniyanın “Daily Mail” nəşrində yayımlanan məqaləsində yazıb.



Həmin məqalənin tərcüməsini təqdim edirik: “Putin üçün hakimiyyətdən getmək çox ciddi bir təhlükədir. Putin yaxşı bilir ki, hakimiyyətdən getdiyi təqdirdə bütün bu illər ərzində topladığı var-dövlətini itirəcək, həbsə düşəcək və yəqin ki, öldürüləcək. O, indi hakimiyyəti saxlamaq üçün xalqının ona qarşı qalxmasından narahat olan hər bir avtokratın etdiyi şeyi təkrarlayır. Özünə xarici düşmənlər yaradır və onlarla müharibəyə başlayır. O, bunu ilk dəfə etmir. Məsələn, o, daha öncə Rusiyada hakimiyyətə gəldikdən qısa müddət sonra Çeçenistanın paytaxtı Qroznıya hücum etdi və 50 minə yaxın dinc sakini öldürdü. Ardınca 2008-ci ildə Gürcüstanı işğal etdi. 2014-cü ildə saxta seçkilərlə prezident seçildikdən sonra Krımı qanunsuz şəkildə ilhaq edərək, Ukraynanın şərqini işğal etdi. Putin hər dəfə eyni üsulla aşağı düşən reytinqini yüksəltməyə, daxildə ona qarşı olan etirazları cilovlamağa çalışır. O, 2022-ci ildə də bunu təkrarladı. Çünki pandemiyadan sonrakı mərhələdə Putinin ölkə daxilindəki reytinqi yenidən azalmağa başlamışdı. Gücünü itirdiyini anlayan Putin üçün Ukraynanı işğal etmək onun get-gedə azalan reytinqini maksimum dərəcədə artırmaq demək idi. Ona görə də o, Ukraynada müharibəyə başlamaq qərarına gəldi. Putinin əsas istəyi nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmaqdır. Rusiyanın Ukrayna ilə müharibəsinin məqsədi sadəcə müharibə etməkdir. Müharibə Putinin son kartıdır.

Ancaq bu dəfə hər şey istədiyi kimi getmədi…

Bu dəfə Putinin hesablamaları yanlış idi.

Birincisi, o, öz döyüş imkanlarını ciddi şəkildə səhv qiymətləndirmişdi. Ölkədəki korrupsiya rus ordusunun uğursuzluğuna səbəb oldu. Rusiyanın 70 milyard dollarlıq hərbi büdcəsinin 80 faizi oğurlanmışdı.

İkincisi, Putin Qərbin belə bir reaksiya verəcəyini gözləmirdi. Təəssüf ki, Qərb ölkələri Çeçenistan savaşı, Gürcüstanın işğalı və Krımın ilhaqı zamanı Rusiyaya lazımı şəkildə cavab verə bilməmiş, hətta bu olanlara səssiz yanaşmışdılar. Lakin Putin bu dəfə Qərbin böyük reaksiyası ilə qarşılaşdı. Qərb Rusiyaya qarşı indiyə qədər misli görünməmiş sərt sanksiyalar tətbiq etdi.

Üçüncüsü, Putin ukraynalıları tamamilə səhv dəyərləndirmişdi. Ukrayna xalqı Rusiyaya qarşı mərdliklə vuruşaraq, Putinin planlarını alt-üst etdi. İndi 200 mindən çox rus hərbçisinin sıradan çıxdığı, Rusiyanın daha öncə ələ keçirdiyi ərazilərdən geri çəkildiyini görürük.

Ya Rusiya qalib gələcək, ya da Ukrayna…



Rusiya qalib gəlsə, bu, Putinin hərbi macəralarının sonu olmayacaq. Bunu tam əminliklə söyləyirəm. Putinin növbəti hədəfi Estoniya, Litva və ya Polşa olacaq. O, silahlarını bu ölkələrə yerləşdirərək, nüvə raketlərini isə London, Berlin və Vaşinqtona tuşlayacaq. Biz NATO-nun 5-ci maddəsini (Ümumi müdafiə doktrinası – hamı bir nəfər üçün, bir nəfər hamı üçün-red.) tətbiq etməklə bağlı müzakirələr apararkən, o, öz kreslosunda əyləşərək gülümsəyəcək.

Əgər Putin Ukraynada qalib gələrsə, iki seçim qarşısında qalacağıq: “Nüvə Rusiyası ilə hərbi qarşıdurma və ya Putinə boyun əyərək, bu rüsvayçılıqla barışmaq”. Biz bu ssenaridən qaçmalıyıq. Ukrayna qalib gəlməlidir. Hazırda ukraynalılar Qərb üçün döyüşür. İstəsək də, istəməsək də, onlar nizənin ucudur və biz onlara hər cür yardımı etməliyik. Amma təəssüf ki, biz onlara hələ qalib gəlmək üçün kifayət qədər yardım etməmişik. Əgər onlar F-35 qırıcılarını istəyirlərsə, sabah onları Ukraynanın qərbindəki Lvov şəhərinə çatdırmalıyıq, uzaqmənzilli dəqiq raketlər istəyirlərsə, dərhal yük maşınları ilə göndərməliyik, hava hücumundan müdafiə sistemi istəyirlərsə, gedib onları Ukraynada quraşdırmalıyıq.

Digər tərəfdən, Ukraynanın qələbəsini təmin etmək yolunda Qərb Putini iqtisadi cəhətdən təcrid etmək üçün daha çox iş görməlidir. Dünyanın “bitərəf” ölkələrinə – Çin, Hindistan, Türkiyə, Yaxın Şərq və Afrika ölkələrinə demək lazımdır ki, onlar ya Qərbi, ya da Rusiyanı seçməlidirlər, hər ikisini yox.

Qərbin iqtisadi cəbhədə edə biləcəyi ən mühüm şey Rusiya neft və qazının alışını dərhal dayandırmaqdır. Hər gün Qərb Rusiyaya neft və qaz üçün 1 milyard dollar göndərir, Putin isə hər gün ukraynalıları öldürmək üçün həmin 1 milyard dolları xərcləyir. Buna son vermək lazımdır.

Təbii ki, bütün bunları etmək asan olmayacaq. Bunun üçün siyasi və diplomatik iradə, eləcə də cəmiyyətin bütün səviyyələrində fədakarlıq tələb olunacaq. Putin Qərbin ona qarşı olduğunu qışqıracaq və o, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etməklə bağlı hədələrini bir qədər də artıracaq. Ancaq biz nüvə müharibəsi təhlükəsinə əsaslanaraq hərəkət etsək, onda indidən bütün Avropanı Putinə təslim edə bilərik. Çünki təslim olmaq nüvə şantajının işlədiyini sübut edəcək. Bundan sonra Çin və Şimali Koreya kimi digər nüvə dövlətləri də bu üsulla öz düşmənlərini şantaj edəcəklər. Ona görə də Rusiyanın nüvə arsenalıyla qarşılaşmaqdan qorxmamalıyıq. Biz bütün təhdidləri geridə qoymalı və Putini məğlub etmək üçün ümumi şəkildə bu öhdəliyi üzərimizə götürməliyik.

Qərb Putinin öhdəsindən gələ biləcəkmi?

Bilmirəm. Bu, böhranın Qərbə necə təsir edəcəyindən asılı olacaq. Müharibə nəticəsində artan inflyasiya insanların yaşam səviyyəsinə təsir edir. İnsanlar qorxur və artıq yorulublar. Onlar gələcəkdə nəyin baş verəcəyindən xəbərsizdirlər. Bəziləri Putini razı salmağın və onunla danışıqların inflyasiyanın qarşısını almağa kömək edəcəyini düşünməyə başlayıb. Artıq bir sıra populist siyasətçilər hakimiyyəti ələ keçirmək üçün bu düşüncə tərzindən istifadə edirlər.

Lakin Putinə təslim olmaq yalnız onun imperializminə təkan verəcək. Əgər qələbə qazanmış Putin ardınca NATO ölkələrindən hər hansı birinə hücum edərsə, onda biz üçüncü dünya müharibəsinin başlanğıcında olacağıq və bunun nəticəsi insanların inflyasiya və gələcəklə bağlı nigaranlığından qat-qat düşündürücü olacaq.

Uzun müddətdir Putini yaxından izləyən biri kimi deyə bilərəm ki, Putinin gücünün 90 faizi onun güclü olduğunu qəbul etməkdən irəli gəlir. Əgər Qərb ölkələri Putinin gücünü inkar edə bilsələr, onu asanlıqla məğlubiyyətə uğradacaqlar”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.