“Ermənistan tərəfi diplomatik sahədə görüşlər, danışıqlar keçirildikdən sonra da öz hərbi-siyasi təxribatlarından əl çəkmir. Azərbaycan ərazisinə diversiya qrupu göndərir, bununla sabitliyi, sülhü, təhlükəsizliyi pozur. Bu təxribatın Zəngəzur dəhlizi istiqamətində baş verməsi heç də təsadüfi deyil”.
Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq xatırladıb ki, Nikol Paşinyan Moskva görüşündə məhz dəhliz termininə qayıtdı:
“Bu terminin onların ərazi bütövlüyünə qarşı bir qəsd kimi olduğunu bildirdi, yanlış təəssürat formalaşdırmağa çalışdı. Halbuki Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu ifadənin işlədilməsi heç də hansısa bir dövlətin ərazi bütövlüyünə qarşı fəaliyyət kimi anlaşılmamalıdır. Özlərini reallıqdan uzaq, baş verən proseslərdən kənar bir dövlət kimi göstərməyə çalışan Ermənistan məhz bu dəhlizə qarşı hərbi kampaniyalar da icra edir. Diversiya qrupları Azərbaycan ərazisinə soxulmağa cəhd göstərir. Diversiya qrupunun hücumunun qarşısının alınması nəticəsində Ermənistanın 2 hərbi qulluqçusu saxlanılıb”.
“Saxlanılan 2 diversant son dəfə əsir düşən hərbçilərimizlə dəyişdirilə bilərmi?” sualına politoloq belə cavab verib:
“Həmin diversantların Azərbaycan hərbi qulluqçuları ilə dəyişdirilməsi ilk ağlagələndir. Çünki Baş Prokurorluq onlara cinayət işi açıb. Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətindən məhdud görmə şəraiti ilə bağlı Ermənistana keçən və saxlanılan, işgəncələrə məruz qalan hərbçilərimizlə erməni diversantların dəyişdirilməsi tez bir zamanda baş verə bilər. Bizim istəyimiz bundan ibarətdir ki, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar bu işi icra etsin. Lakin nə onlara işgəncə verilməsinə, nə də onların qeyri-insani şərtlər altında saxlanılmasına dair hər hansısa bir çağırışı, hərəkəti görürük.
Erməni diversantları Azərbaycan ərazisinə soxularaq burada təxribatçı hərəkətlər icra etmək, pozuculuq və destruktiv fəaliyyət icra etmək istəyirdilər. Azərbaycan hərbi qulluqçuları isə yolu azaraq Ermənistan ərazisinə keçmişdilər. Bunlar tamamilə fərqli hallardır. Amma əlbəttə ki, biz çox istərdik hərbçilərimiz öz evlərinə, ailələrinə qayıtsınlar. Düşünürəm ki, bu sövdələşmə mümkün ola bilər”.
Aytən Novruz
Musavat.com