“BU ALÇAQ RUSİYAYA TÜPÜRÜR...” – Simonyan Kremli Paşinyan hakimiyyətini cəzalandırmağa çağırdı + VİDEO

11-09-2023, 11:50   


Baxiş sayı: 638
Dərc olunub: 11/09/2023 - 11:22
Bölmə: Manşet

“Hər şey etməliyik ki, Ermənistanda hakimiyyətə “normal adamlar” gəlsin”

Məlum olduğu kimi, son günlər Nikol Paşinyan hakimiyyətinin atdığı bəzi addımlar və səsləndirdiyi bəyanatlar Rusiyada hiddətlə qarşılanıb. NATO ilə birgə təlimlər keçirilməsi, KTMT-dəki nümayəndənin geri çağırılması, Paşinyanın İtaliya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, rusiyayönümlü erməni jurnalistlərin həbsi və s. Kreml tərəfindən ciddi narazılıqla qarşılanmaqla yanaşı, İrəvanın ünvanına təhdidlər yağdırılmasına səbəb olub.

Paşinyan hakimiyyətinin Ermənistana girişinə qadağa qoyduğu Marqarita Simonyan, başqa bir erməni – Roman Babayanın Rusiya televiziyasında apardığı verilişdə açıq şəkildə Kremli Ermənistan hakimiyyətini cəzalandırmağa, hətta İrəvanda hakimiyyəti dəyişməyə çağırıb.

Çıxışına Nikol Paşinyanı təhqir etməklə başlayan Simonyan onu “erməniləri satmış Rusiya düşməni” adlandırıb: “Pşainyan erməni xalqını satıb. Paşinyan Rusiyanın düşmənidir. Bu. ilk dəqiqədən, ilk gündən aydın idi. Bu alçağı adlandıra biləcəyim ən yumşaq ifadə “əfəndi”dir. Əfəndi türklərin müraciət formasıdır”.

Simonyan bununla Paşinyanın guya türklərə xidmət etdiyini göstərmək istəyib.

O, xatırladıb ki, Paşinyana münasibətini ifadə edəndən sonra onun Ermənistana girişinə qadağa qoyublar və bununla yanaşı, bildirib ki, zatən Ermənistana bütün həyatı boyu cəmi iki dəfə gedib. Bir dəfə Putinin İrəvana səfərini müşayiət edərkən, bir dəfə isə əri Tiqran Keosayanla. O da cəmi üç günlüyünə. Əslində, bunun özü Simonyan kimilərin öz “vətəninə” münasibətini və digər yandan da onun ümumiyyətlə bu ölkə barədə danışmaq haqqının olmadığını göstərir. Eyni zamanda bu, bir daha Ermənistanın heç kimə, heç xaricdəki ermənilərə də lazım olmadığını, yalnız alət kimi istifadə edildiyini bir daha təsdiqləyir.



Simonyan ermənilərin Paşinyanı dəstəkləməsini qəbul edə bilmədiyini söyləyib və onu dəstəkləyənləri təhqir etməkdən çəkinməyib: “Təsəvvür edə bilmirəm ki, dünyada hətta iki erməni Pşainyanı necə dəstəkləyə bilər. Heç erməni olaraq doğma anasının da onu dəstəklədiyini təsəvvür edə bilmirəm. Çünki o, Ermənistan xalqını və onun maraqlarını məhv edir... Ermənistan hakimiyyəti erməni xalqının maraqlarına və Rusiyaya tüpürür. Niyə biz(Rusiya-red.) buna dözürük? Bu, böyük sualdır. Ümumiyyətlə, niyə onu əvvəldən Ermənistanın lideri kimi tanıdılar? O, qeyri-qanuni hərəkətlər nəticəsində hakimiyyətə gəlib. Ümumiyyətlə, axı o kimdir?”

Simonyan Paşinyanla təzəcə hakimiyyətə gələndə baş tutmuş ilk və son görüşünü xatırlayıb və deyib ki, həmin vaxt Paşinyan onunla sərt və aqressiv danışıb. Onun suallarına kobud cavablar verib.

Simonyan iddia edib ki, bu gedişlə Ermənistanı Ukraynanın taleyi gözləyir: “İndiki Ermənistan hələ ki, sakit oturmuş gələcək Ukraynadır. Sözün pis mənasında. Çünki onların bütün bəyanatları, ritorikası aşkar anti-Rusiya xarakterlidir. Rusiya dövlət agentliyinin müxbirinin tamamilə saxta ittihamlarla həbsi nə deməkdir? Bu,(Rusiyaya) tüpürməkdirmi, şillədirmi? Və biz buna necə cavab verməliyik? Hesab edirəm ki, bizim Paşinyanla ümumi heç nəyimiz ola bilməz. Və biz(Rusiya) hər şey etməliyik ki, Ermənistanda hakimiyyətə “normal adamlar” gəlsin...”

Simonyanla Babayan xatırladıblar ki, Xankəndinin Azərbaycan tərəfindən azad edilməsinin qarşısını alan yeganə qüvvə Rusiyadır: “Buna baxmayaraq, hər şeydə Rusiyanı günahlandırırlar. Rusiya artıq mütləq nəsə etməlidir. Çünki sabah onlar(ermənilər) bizim sülhməramlıların, birisi gün(Ermənistandakı) hərbi bazanın çıxarılmasını tələb edəcəklər. Sonrakı gün isə Ermənistan ümumiyyətlə, mövcud olmayacaq. Bu barədə düşünməyən erməni xalqının böyük əksəriyyəti ilə nə baş verdiyini bilmək olmur...”

Beləliklə, Rusiya öz erməni təbliğatçılarının dili ilə Ermənistanın qərbyönümlü siyasətinə görə cəzalandırılacağına eyham vurur. Lakin əlbəttə ki, Paşinyan hakimiyyətinin qərbpərəstliyinə və Rusiyanın ətəyini buraxmağa çalışmasına dair görüntü yaratması siyasi saxtakarlıqdır. Öz mahiyyəti etibarilə işğalçı, saxtakar olan bir toplum və dövlətdən guya demokratiya, Qərb dəyərlərinə səmimi inam və hörmət gözləmək mənasızdır.

Məqsəd sadəcə, Rusiyanı qıcıqlandıraraq, Ermənistanın naminə Azərbaycan və Türkiyə ilə qarşıdurmaya çəkmək üçün şantaj etməkdir. Ancaq nə Azərbaycan həmin Azərbaycanr, nə Türkiyə həmin Türkiyə, nə də Rusiya həmin Rusiyadır...

Cəlal Məmmədov

“AzPolitika.info” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar